Dünən Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə start verilib. Müsabiqədə Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan istedadlı uşaq və gənclər iştirak edirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri, musiqi mədəniyyətimizin inkişafı barədə məlumat verib. Qeyd edilib ki, muxtar respublikada musiqi sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi əsas məqsədlərdəndir. Üç yaş qrupu (8-11, 12-15 və 16-19) olmaqla, tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə keçirilən müsabiqəyə 300 nəfərə yaxın iştirakçı qatılıb.
Qeyd edək ki, bu gün fortepiano ixtisası üzrə I, skripka ixtisası üzrə I, III və fleyta ixtisası üzrə II və III yaş qrupları üzrə iştirakçılara baxış keçiriləcəkdir. İyun ayının 9-na qədər davam edəcək müsabiqənin qalibləri yekun tədbirində mükafatlandırılacaqlar.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti