Şuşada 110/35/10 kilovoltluq yarımstansiya istifadəyə verilib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər.
Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.
Ümumilikdə işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda isə Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanılacaq.