22 Dekabr 2024, Bazar

Mayın 25-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikada ilk dəfə olaraq şagirdlərin Robotexnika dərnəklərində və STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin tapşırığı ilə 2019-cu ildən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika dərnəklərinin fəaliyyətinə, 2020-2021-ci tədris ilindən isə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. Bu məqsədlə ötən müddət ərzində STEAM Tədris Mərkəzi, məktəbdənkənar təhsil müəssisələrində Robotexnika və STEAM otaqları, Robotexnika dərnəyi, STEAM kabinələri yaradılıb. Ötən dövrdə təlimə aid metodik vəsaitlər və tədris proqramları çap edilərək istifadəyə verilib. Hazırda 2021-2022-ci tədris ilindən STEAM təlim metodu tətbiq ediləcək 38 məktəbdə kabinələrin yaradılması istiqamətində işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsində növbəti tədris ilində layihə muxtar respublika üzrə 50 ümumtəhsil məktəbində 6 və 7-ci sinif şagirdləri olmaqla, 273 sinif və 5035 şagirdi əhatə edəcəkdir.

Vurğulanıb ki, STEAM-in tətbiqi təkcə kabinələrin yaradılması və tədris materiallarının çap olunması ilə yekunlaşmayıb. Belə ki, bu sahədə kadrların hazırlanması diqqətdə saxlanılıb, STEAM təhsilinin tətbiqində yaxından iştirak edəcək müəllim-mütəxəssislərin hazırlanması məqsədilə mütəmadi olaraq ixtisasartırma təlimləri keçirilib. Bu günə qədər 80 müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimləri keçirilib. Bunlarla yanaşı, STEAM Tədris Mərkəzində STEAM təlim metodunun tətbiqinin öyrədilməsi məqsədilə ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələr üçün seminarlar da təşkil edilib.
Təhsil naziri qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının və yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada ilk dəfə olaraq şagirdlərin Robotexnika dərnəklərində və STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilir. Bildirilib ki, texnosərgidə nazirliyin tabeliyində olan 40 təhsil müəssisəsindən 105 şagirdin hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq modelləri nümayiş olunur. Texnosərgi elmi-tədqiqat işinə marağı olan istedadlı şagirdlərin aşkar edilməsinə mühüm töhfə verəcəkdir.
Sonra videoçarx nümayiş olunub. Şagirdlər hazırladıqları robotexnika, mikroidarəetmə, rəqəmsal elektron və sensor əsaslı müxtəlif mexanik layihələrini təqdim ediblər. 3D printerlə yaradılan prototiplər və onların funksionallığı, fizikanın müxtəlif qanunları əsasında hazırlanmış layihələr, alternativ enerji mənbələrinin alınmasında və hərbi əməliyyatlarda tətbiq edilə bilən konstruktor işlər və müxtəlif mexanizm modelləri, Leqolardan quraşdırılmış müxtəlif funksiyalı robotlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda diplom və qiymətli hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR