22 Dekabr 2024, Bazar

Uşaqlar xalqın ən qiymətli sərvəti, cəmiyyətin gələcəyidir. Bu gələcəyin möhkəm təməllər üzərində qurulması uşaqların sağlam və cəmiyyətə faydalı vətəndaş kimi böyüdülməsindən əhəmiyyətli dərəcədə asılıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti özünün ən parlaq dövrünü yaşayır. “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı tədbirlərin mərkəzində dayanan ən mühüm faktor məhz uşaqların təhsili, asudə vaxtlarının səmərəli təşkili və sağlamlıqlarının qorunmasıdır. Ali Məclis Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın da məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onlar arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.

Görülən işlərin mühüm bir hissəsini uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz olunması təşkil edir. Birinci rübdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Yuxarı Əndəmic, Nüsnüs və Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyalarının istifadəyə verilməsi muxtar respublika əhalisinin, o cümlədən uşaqların sağlamlığının diqqət mərkəzində olmasının mühüm təzahürüdür.
Qeyd olunanlarla yanaşı, yanvar-mart aylarında Dövlət proqramının icrası məqsədilə 1012 uşaq üçün elektron kart sifariş olunmuşdur. Həmçinin bu dövrdə dispanser qeydiyyatına daxil olan 108 uşağın bütün məlumatları elektron kartlara əlavə edilmişdir.
Proqramda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı nəzərdə tutulan tədbirlərin mütərəqqi əhəmiyyəti vardır. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər xüsusi önəm kəsb edir. Onların bərpa müalicəsinin təşkili, müxtəlif reabilitasiya vasitələri ilə təminatı bu sosial kateqoriyanın nümayəndələrinin cəmiyyətə daha sağlam inteqrasiya olunmasına imkan yaradır. Bu istiqamətdə birinci rübdə Naxçıvan Uşaq Bərpa Mərkəzinə 7 uşaq yönləndirilmişdir. Naxçıvan Regional İnformasiya Mərkəzində 16 sağlamlıq imkanları məhdud uşaqla reabilitasiya tədbiri aparılmış, Defektoloji bölmənin Şərur rayon filialına 2, Ordubad rayon filialına 1 uşaq cəlb olunmuşdur. Birinci rübdə 7 sağlamlıq imkanları məhdud uşaq texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmişdir. Görülən işlər muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların xüsusi qayğı ilə əhatə olunduğunu deməyə əsas verir.
Uşaqların sağlamlığının mühafizəsi işinin müasir tələblər əsasında qurulmasında onlara tibbi yardım göstərən səhiyyə işçiləri üçün seminarların, treninqlərin, təcrübə kurslarının təşkili, müxtəlif mövzulu metodik vəsaitlərin hazırlanması və tədrisi xüsusi önəm daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər uşaqlara tibbi xidmət göstərilməsi sahəsində ixtisaslı kadr hazırlığının təmin olunmasına şərait yaradır. Dövlət proqramının icrasına uyğun olaraq yanvarın 12-də Culfa Rayon Mərkəzi Xəstəxanasında “Peyvəndlərin vurulması zamanı rast gəlinən nadir ağırlaşmalar və bu ağırlaşmalarda müşahidə olunan xəstəliklərin qarşısının alınması və müalicəsi” mövzusunda həkimlər, tibb bacıları və rayonun tibb məntəqələrinin işçiləri üçün seminar keçirilmişdir. Əhaliyə, o cümlədən uşaqlara göstərilən tibbi xidmətin həcminin və keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması üçün 56 sayda müxtəlif xəstəliklər üzrə tibbi protokollar yenidən hazırlanmış, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən fevral ayında təsdiq olunmuşdur. Birinci rübdə uşaqlarda təcili təxirəsalınmaz vəziyyətlərin yaranma səbəbləri və onların aradan qaldırılması yolları haqqında Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası tərəfindən metodik vəsaitlərin hazırlanmasına başlanılmışdır. Xəstəxanada “Temperaturu olan uşaqlara tibbi yanaşma tərzi” və “Mədə və bağırsaq infeksiyalarında ilkin müdaxilə” mövzularında tibb işçiləri arasında treninqlər təşkil edilmişdir.
Birinci rübdə uşaqlar və böyüklər arasında rast gəlinən xəstəliklərin müalicəsində beynəlxalq təcrübənin öyrənilməsini təmin etmək məqsədilə 7 həkim Bakı şəhərinə təcrübə kursuna göndərilmişdir. Uşaqların dispanserizasiyasını həyata keçirən və onlara ilkin tibbi xidmət göstərən tibb müəssisələrinin işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində olmuş, 18 tibb işçisi Naxçıvan Tibb Kollecində müxtəlif ixtisaslar üzrə təcrübə kurslarına cəlb edilmişdir.
Dövlət proqramında nəzərdə tutulan tapşırıqların vaxtında icra olunması uşaq xəstəliklərinin erkən aşkar edilməsi və müalicəsi üçün yeni imkanlar yaradacaqdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR