Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında 11-ci turun oyunları keçirilib.
Yarımfinal yolunda qrossmeyster Vüqar Əsədli (2572) qrossmeyster Eltac Səfərli (2598) ilə üz-üzə gəlib və məğlub olub. Qrossmeyster Vasif Durarbəyli (2606) isə qrossmeyster Urfan Sevdimalıyev (2369) üzərində qələbə qazanıb. Qrossmeyster Fərid Abbasov (2528) beynəlxalq usta Abdulla Qədimbəyli (2470), beynəlxalq usta Məhəmməd Muradlı (2449) isə beynəlxalq usta Kənan Qarayev (2331) üzərində qələbə qazanmaqla, aktivlərini daha bir xal yazdırıblar. Qrossmeyster Nicat Abasov (2665) qrossmeyster Nicat Məmmədovla (2609), beynəlxalq usta Aydın Süleymanlı (2520) isə qrossmeyster Misrətdin İsgəndərovla (2535) xalları yarı bölüblər.
Bu görüşlərdən sonra Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli və Nicat Məmmədov yarımfinala yüksəliblər.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.