Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafına göstərilən dövlət qayğısı aktiv məşğulluq tədbirlərinin sayının ildən-ilə artmasına, qeyri-formal məşğulluğun qarşısının alınmasına və əməyin mühafizəsi ilə bağlı tədbirlərin uğurla reallaşmasına səbəb olmuşdur. Əmək bazarının tələbinə uyğun kadrların formalaşdırılması sosial-iqtisadi inkişafın davamlı xarakter alması üçün geniş potensialın yaranmasına gətirib çıxarmışdır. Ötən müddətdə muxtar respublikada həyata keçirilən məşğulluqyönümlü iqtisadi inkişaf siyasəti öz bəhrəsini vermiş, icra olunan Dövlət proqramları yeni nailiyyətlərlə yadda qalmışdır. İcrası ötən ilin sonunda başa çatan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” 12 min 479 yeni iş yerinin açılması və 14 min 699 işaxtaranın mövcud vakansiyalar üzrə işlə təmin edilməsi ilə nəticələnmişdir. Əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə bu sahədə yeni – “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrasına yanvar ayından etibarən başlanılmış, birinci rübdə boş iş yerlərinin toplanmasının təmin edilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçən 699 fiziki və hüquqi şəxs haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Həmçinin boş iş yerləri haqqında məlumatların vaxtında təqdim edilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən 43 sahibkarlıq subyekti ilə maarifləndirmə işləri aparılmışdır. Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 598 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, onlardan 147-si gənc, 126-sı qadın, 17-si isə sağlamlıq imkanları məhdud şəxsdir. Bu dövrdə kənd xidmət mərkəzlərində fəaliyyət göstərən dərzi sexləri, bərbər və qadın gözəllik salonlarının kadrla təminatı diqqətdə saxlanılmış, mövcud olan vakansiyalar üzrə 3-ü bərbər, 3-ü bərbər-manikürçü və 3-ü dərzi olmaqla, 9 nəfər işlə təmin edilmişdir.
Güclü iqtisadiyyat əhalinin sosial rifahının təminatı deməkdir. İqtisadi resursların əhalinin məşğulluğunun təmin edilməsinə yönəldilməsi, öz növbəsində, sahibkarlığın inkişafı üçün də yeni imkanlar açmaqdadır. Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə birinci rübdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 18 mikrosahibkarlıq subyektinə 388 min 200 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 14 istehsal sahəsinin yaradılması başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 73 iş yeri açılmışdır. Eyni zamanda yanvar-mart aylarında 29 sahənin yaradılması və 602 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilmişdir.
Yerli resurslara əsaslanan istehsal və xidmət sahələrinin yaradılması istiqamətində Naxçıvan şəhəri üzrə 2 hüquqi və 3 fiziki şəxsə, ümumilikdə, 246 min, Şərur rayonu üzrə 3 fiziki şəxsə 40 min, Babək rayonu üzrə 3 fiziki şəxsə 40 min, Ordubad rayonu üzrə 2 fiziki şəxsə 18 min, Şahbuz rayonu üzrə 3 fiziki şəxsə 25 min, Kəngərli rayonu üzrə 2 fiziki şəxsə 19 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Görülən işlər yerli istehsal məhsullarından səmərəli istifadə olunması üçün əvəzolunmaz rola malikdir.
Əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi işaxtaranların məşğulluq imkanlarının artırılması məqsədinə xidmət edir. Bunlarla yanaşı, mövcud kadrlar üçün ixtisasartırma kurslarının keçirilməsi müvafiq sahələrdə səmərəli fəaliyyətin təşkilinə imkan yaradır. Dövlət proqramında bu məqsədlə nəzərdə tutulan tədbirlər birinci rübdə uğurla həyata keçirilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən qazanxana maşinisti, bərbər, dərzi, bərbər-manikürçü kurslarına 35-i gənc olmaqla, 80 nəfər cəlb edilmişdir. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təşkil olunan kursları 282 nəfər bitirərək sertifikat almışdır. Xalq yaradıcılığı və sənətkarlığı üzrə peşə kurslarının təşkili də diqqətdə saxlanılmış, Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin xalçaçı kursunu 14 müdavim başa vurmuşdur. Həmçinin Naxçıvan Şəhər Peşə Liseyində toxucu kursunda 13 müdavim təhsilini davam etdirmişdir. Qeyd olunan dövrdə “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” ixtisasartırma kursuna 11 nəfər cəlb olunmuş, Təhsil Nazirliyinin təşkil etdiyi Qazanxana maşinisti, Gözətçi və Bufetçi kurslarını, ümumilikdə, 164 nəfər bitirmişdir. Birinci rübdə ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 2 min 581 şagirdə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi onların gələcək məşğulluq istiqamətlərinin sağlam təməllər üzərində qurulması üçün xüsusi əhəmiyyət kəsb edir.
Sağlam və təhlükəsiz cəmiyyətin formalaşması üçün cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin məşğulluğunun təmin edilməsi əsas faktorlardandır. Məhkum azadlığa buraxıldıqdan sonra sosial adaptasiya prosesinin vacib elementlərindən biri onun müvafiq işlə təmin olunmasıdır. Birinci rübdə cəzaçəkmə müəssisələrindən azad olunan 1 şəxsə 20 baş xırdabuynuzlu heyvan, 1 şəxsə qaynaqçı avadanlıqları və ləvazimatları, 1 şəxsə isə miniyerşumlayan aqreqat verilmişdir. Ümumilikdə, 3 şəxsin özünüməşğulluq proqramına cəlb olunması onların cəmiyyət həyatına qoşulmasına imkan yaratmışdır.
Azadlığa buraxılanlar qədər məhdud fiziki imkanlı şəxslərin də cəmiyyətə inteqrasiya olunması mühüm sosial əhəmiyyətli istiqamətlərdən birini təşkil edir. Sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması onların maddi rifahını yaxşılaşdırmaqla bərabər, bu şəxslərdə özünəinamın möhkəm təməllər üzərində formalaşmasına da səbəb olur. Proqramın icrası məqsədilə sağlamlıq imkanları məhdud və evdar qadınlarla bağlanmış müqavilə əsasında birinci rübdə 700 yun jilet toxunaraq hərbi hissələrə, 1084 səməni hazırlanaraq bayram sovqatı ilə birlikdə sağlamlıq imkanları məhdud şəxslərə təqdim edilmişdir. Eyni zamanda 18 məhdud fiziki imkanlı qadına toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilmişdir. Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda 514 şəxsin 7 mindən çox rəsm və əl işi nümayiş olunmuşdur. Sərgi-satışda, ümumilikdə, 278 müəllifin 26 min 557 manat dəyərində 2 min 583 rəsm və əl işi satılmışdır. Bütün bunlarla yanaşı, birinci rübdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və “Saat Meydanı”nda keçirilən sərgi-satışlarda 48 istedadlı qadının və 7 sənətkarın əl işinin satışı təmin edilmişdir.
Naxçıvanda həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin mühüm istiqamətlərindən birini də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Görülən işlər sosial müdafiəyə ehtiyacı olan şəxslərin fəal həyat mövqeyinin formalaşmasına imkan yaradır. Proqramın icrasına uyğun olaraq birinci rübdə Naxçıvan şəhəri, Babək, Ordubad və Culfa rayonları üzrə dövlət və özəl müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması məqsədilə 2021-ci il üçün 105 kvota yeri müəyyən olunmuşdur. Yanvar-mart aylarında 78 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilmişdir ki, onlardan 49-na 98 baş iribuynuzlu, 19-na 380 baş xırdabuynuzlu heyvan, 6-na miniyerşumlayan aqreqat, 1-nə döşəmə hamarlayan dəzgah, 2-nə dərzi, 1-nə qaynaqçı avadanlıqları verilmişdir. Bu istiqamətdə həvəsləndirici tədbirlər də davam etdirilmiş, özünüməşğulluğun təmin olunması məqsədilə əvvəlki dövrlərdə aktiv verilən ailələrin təsərrüfatlarında monitorinqlər aparılmışdır. Aparılan monitorinqlər nəticəsində əlavə olaraq təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayonu üzrə 2 ailəyə arpa-buğda qıran, Sədərək rayonu üzrə 1 ailəyə otdoğrayan aqreqat verilmişdir. Görülən tədbirlər aztəminatlı ailələrin əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artırılmasına və ailə bizneslərinin qurulmasına imkan yaradacaqdır.
Məşğulluq siyasətinin mühüm istiqamətlərindən birini də qeyri-formal məşğulluğun qarşısının alınması təşkil edir. Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından məhrum edir. Bu həm də vergi və sosial sığorta daxilolmalarına ciddi zərər vurur. Birinci rübdə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınmasına dövlət nəzarətini həyata keçirmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərində monitorinqlər aparılmışdır. Aparılan monitorinqlər zamanı 32 obyektdə 51 işçinin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyənləşdirilmişdir. İşçilərin müvafiq əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə dair işəgötürənlərə yazılı xəbərdarlıq edilmiş, bu xəbərdarlıqların icra müddətinin təmin olunması diqqətdə saxlanılmışdır.
Əməyin mühafizəsinin təşkili insan amilinə verilən dəyərin mühüm göstəricisidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər işçilərin sağlamlığının qorunması ilə yanaşı, onların bədbəxt hadisələrdən sığorta olunmasını da təmin edir. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin əməyin mühafizə qaydalarına riayət etməsinə nəzarət olunması Dövlət Proqramında müəyyənləşdirilən mütərəqqi tədbirlərdəndir. Bu məqsədlə yanvar-mart aylarında muxtar respublika üzrə 21 obyektdə nəzarət həyata keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 21 işçi həmin vasitələrlə yerində təmin edilmiş, 2 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. Eyni zamanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə, ümumilikdə, 28 min 477 nəfərlə sığorta müqaviləsi bağlanmışdır.
Əməkçi miqrantların çalışdıqları iş yerlərində müvafiq statusa və iş icazəsinə malik olmalarına, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilməsi bir tərəfdən əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısını alır, digər tərəfdən, yerli əmək ehtiyatlarından səmərəli istifadəyə imkan verir. Birinci rübdə bu məqsədlə işəgötürənlər arasında maarifləndirmə tədbirləri davam etdirilmiş, muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən 55 əcnəbiyə iş icazəsi ilə bağlı rəy verilmişdir. Həmçinin bu dövrdə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 1 əcnəbi barədə qanunvericiliyə uyğun tədbir görülmüşdür.
Yanvar-mart aylarında Dövlət proqramının icrası barədə Naxçıvan Dövlət Televiziyasında “İnkişaf edən Naxçıvan” və “Sosial həyat” verilişləri hazırlanmış, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 2 material yerləşdirilmiş, “Şərq qapısı”, eləcə də rayon və şəhər qəzetlərində müxtəlif mövzularda 18 yazı dərc olunmuşdur.
“Şərq qapısı”