22 Dekabr 2024, Bazar

Kəndlinin işi heç vaxt bitib-tükənmir. O, indi növbəti qayğılarla yaşayır. Yaz-tarla işlərinə hazırlıq görür. Yazda səpinin, becərmə və yem tədarükünün uğurlu keçməsi üçün texnikanın sazlığı mühüm şərtdir. Ehtiyat hissələrinin qəhətə çıxdığı bir vaxtda maşın və mexanizmləri vaxtında təmir edib sazlamaq o qədər də asan deyil. Vaxt isə gözləmir. Bolluq yaratmaq, qıtlığın, bahalığın qarşısını almaq üçün kəndli əkib-becərməli, istehsalı genişləndirməlidir. Lakin yalın əllə yüz hektarlarla sahədə məhsul yetişdirmək olmaz. Bu mənada, “texnika kəndlinin sağ əlidir!” devizi bu gün də öz əhəmiyyətini itirməmişdir. Təəssüf ki, texnikanı almaq, onu daim saz vəziyyətdə saxlamaq ildən-ilə çətinləşir. Sözdə hamı kəndə köməkdən danışır, ölkədə yaranmış qıtlıqda kəndlini günahlandırır. Lakin əməli işdə ona arxa durub kömək edən isə olduqca azdır. Hamıya məlumdur ki, sənaye məhsullarının qiyməti get-gedə bahalaşır. Bu da kənd təsərrüfatı istehsalının səmərəsinin azalmasına, bu sahədə çalışanların güzəranının çətinləşməsinə səbəb olur. Ancaq ruhdan düşüb geri çəkilmək, süfrələri boş qoymaq da olmaz... İşimizə mane olan cəhətlər də var. Ehtiyat hissələrini vaxtında ala bilmə­məyimiz təmir işlərini ləngidir. Bəzi ehtiyat hissələri isə heç tapılmır.

“Şərq qapısı”
14 mart 1991-ci il

Kəndlinin əməyini yüngülləşdirmək üçün həyata keçirilən
tədbirlər öz bəhrəsini verir


30 il öncə qələmə alınan bu məqalə tarix etibarilə bizə necə uzaqdırsa, elə orada adıçəkilən problemlər də o qədər yadlaşıb. Ötən dövr ərzində yuxarıda sadalanan bütün problemlər həll edilib. Yol düzgün seçiləndə uğur qazanmaq da çətin olmur. İllər öncə nə əkəndə, nə biçəndə, nə də ki suvaranda texnika tapa bilən əkinçinin, kəndlinin zəhməti boşa gedir, əli torpaqdan soyuyurdu. Artıq bütün bu problemlər də öz həllini tapıb. Uzun illər aparılan islahatlar nəticəsində kəndlinin əməyini yüngülləşdirmək üçün dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilib, müasir texnikalar alınaraq lizinq yolu ilə onlara verilib. 

Aparılan məqsədyönlü siyasət ölkəmizdə, o cümlədən muxtar respublikamızda bir çox nailiyyətlərə imza atılmasına yol açıb. İndi kim istəsə, çox asanlıqla və sərfəli qiymətə texnika alır, pulunu isə hissə-hissə ödəyir. Bu da əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldar­lığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına imkan verir.

Ali Məclisin Sədri demişdir: “Ölkə­mizdə iqtisadiyyatın əsas qollarından biri olan kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə kənd təsərrüfatının bütün sahələri üzrə güzəştlər tətbiq olunmuş, aqrar sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Bu gün təqdimatı keçirilən kənd təsərrüfatı texnikaları da ölkəmizdə kənd təsərrüfatının və bu sahədə sahibkarlığın inkişafına dəstək, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfədir. O ölkədə inkişaf təmin olunmuş hesab edilir ki, həmin ölkə­nin inkişafı kənd təsərrüfatının üzərində qurulur. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması bütün dövrlər üçün vacibdir. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada da kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir”.

Bütün dövrlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet məsələlərdən sayılıb. Çünki bu sahənin inkişafı ərzaq məhsulları ilə etibarlı təminata zəmin yaradaraq strateji önəm kəsb edir. Yurdumuzun əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları və ən əsası, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının bariz nümunəsidir ki, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər və müasir kənd təsərrüfatı texnikaları verilir, aqrotexniki xidmət sarıdan köməkliklər edilməsi də bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Bütün bunlar da mövcud torpaq potensialından səmərəli istifadəyə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə hərtərəfli şərait yaradıb. Bu, bir həqiqətdir ki, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatının inkişafında böyük rol oynayır. Cəmiyyətin əsas fəaliyyət istiqaməti muxtar respublikada kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılmasını, fermerlərə güzəştli şərtlərlə texnika və avadanlıqların lizinq yolu ilə verilməsini, habelə mineral gübrələrin, damazlıq mal-qaranın, məhsuldar toxum sortlarının alınaraq uyğun qiymətlərlə sahibkarlara satışını təşkil etməkdən ibarətdir. Ötən müddətdə bu sahədə mühüm irəliləyişlərə nail olunub, fermerlər göstərilən dövlət qayğısından lazımınca yararlanıblar. Eyni zamanda göstərilən aqrolizinq xidmətləri də ildən-ilə öz keyfiyyətini yüksəldərək bu həllivacib sahəyə öz töhfəsini verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2015-ci il aprelin 6-da muxtar respublikada “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirədə demişdir: “…Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə və fermerlərə 10 il müddətinə lizinqə verilir, mineral gübrələr isə 50 faiz güzəştlə satılırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınmışdır. Qəbul edilən bu qərarlar yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunmuş, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirmişdir”.

“Təəssüf ki, texnikanı almaq, onu daim saz vəziyyətdə saxlamaq ildən-ilə çətinləşir. Sözdə hamı kəndə köməkdən danışır, ölkədə yaranmış qıtlıqda kəndlini günahlandırır. Lakin əməli işdə ona arxa durub kömək edən isə olduqca azdır”. Məqalədə diqqətə çatdırılan bu problemin də aradan qaldırıldığını cəmiyyətin yarandığı gündən ötən dövr ərzində fəaliyyətinə nəzər salsaq, aydın şəkildə görərik. Belə ki, əgər 2006-cı ildə muxtar respublikaya 82 kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar gətirilmişdirsə, 2019-cu ildə gətirilən yeni texnikaların sayı 364-ə, ümumilikdə, 2739 -a çatdırılmışdır. Bu texnika və texnoloji avadanlıqların ardıcıl olaraq hər il fermerlərə güzəştli şərtlərlə satışı təşkil edilmiş, 2020-ci ilin yanvarınadək onlardan 2111-i lizinq, 166-sı isə nağd və köçürmə yolu ilə hüquqi və fiziki şəxslərə satılmışdır. Ümumilikdə, muxtar respublika üzrə nağd, köçürmə və lizinq yolu ilə satılan texnika və texnoloji avadanlıqların sayı 2277 olmuşdur.
2020-2021-ci illərdə sahibkarların texnika təminatına dəstək məqsədilə 366 təsərrüfat texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. Müasir traktorlar, taxılsəpənlər, kartof əkini, becərilməsi və yığımında istifadə olunan texnikalar, toxum istehsalı avadanlıqları, kotan, ekskavator-buldozerlər, suvarma sistemləri və digər texnikalar kənd təsərrüfatı işlərində əl əməyini xeyli yüngülləşdirməklə məhsulun itkisiz yığımına və tədarükünə imkan verib. Texnikalar alınarkən torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlərin sifarişlərinin nəzərə alınması isə məhsul istehsalının artırılmasında başlıca şərtdir. Bu ilin ötən dövründə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınmış texnikalardan 106-sı, ümumilikdə isə 2020-2021-ci illərdə 368 texnika və texnoloji avadanlıq lizinqə verilmişdir. Bununla yanaşı, bu il Türkiyə Respublikasından bələdiyyələr üçün 15 qoşqu da alınmışdır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən aldığımız məlumata görə, son illər muxtar respublikaya 3282 texnika və texnoloji avadanlıq alınıb gətirilmiş, onlardan 2632-si lizinq yolu ilə sahibkarlara verilmişdir.
Onu da qeyd etmək yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamların icrası muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılmasına səbəb olur. Torpaq mülkiyyətçiləri və fermerlərin, eləcə də ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması məhsul istehsalını və bu sahəyə marağı artırır, əl əməyini yüngülləşdirir. Bu baxımdan Ali Məclis Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” da mühüm əhəmiyyət kəsb edir.

Fəaliyyətə başlamasından ötən 16 il ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti böyük bir inkişaf yolu keçmişdir. Vurğulamaq lazımdır ki, ötən dövrdə cəmiyyətin rayon bazaları da yaradılmış və bu bazalarda inzibati binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, gətirilmiş texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılmışdır.
Məqalədə qeyd edilən “İşimizə mane olan cəhətlər də var. Ehtiyat hissələrini vaxtında ala bilməməyimiz təmir işlərini ləngidir. Bəzi ehtiyat hissələri isə heç tapılmır” gileyi də dövlət qayğısı sayəsində öz həllini tapıb. Belə ki, lizinq yolu ilə satılan texnikaların ehtiyat hissələrinin alınması da cəmiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda cəmiyyətə məxsus anbarlarda müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Məhz torpaq mülkiyyətçilərinin əlindən tutan belə müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verir. Həmçinin cəmiyyətin bazalarında torpaq mülkiyyətçilərinə yardım məqsədilə texniki servis xidmətləri də göstərilir.
Torpaq mülkiyyətçilərinə mühüm dəstəklərdən biri də əkin sahələrinin mineral gübrələrə olan ehtiyacının ödənilməsidir. Ölkə başçısının müvafiq fərmanı ilə mineral gübrələrin fermerlərə 70 faiz güzəştlə satışı təmin olunmuşdur.
Yaradılmış şərait muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə, meliorativ tədbirlərin həcminin genişləndirilməsinə, yeni fermer təsərrüfatlarının və kənd təsərrüfatı ixtisaslı istehsal müəssisələrinin yaradılmasına imkan verir.
Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikada fəaliyyət göstərən bələdiyyələr dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Muxtar respublikamızda bir neçə ildir ki, təkcə kənd təsərrüfatında işlətmək üçün yox, həm də ekoloji tarazlığı qorumaq, ətraf mühitin təmiz saxlanılması üçün, bələdiyyələrin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə bir çox tədbirlər həyata keçirilir. Bələdiyyələr yeni texnikalarla təmin edilir. Son illərdə 46 kommunal təyinatlı nəqliyyat vasitəsi, 2 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal müəssisələrin istifadəsinə verilmişdir ki, bu da onların daha operativ işləmələrinə şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində, faşizm üzərində qələbənin 76-cı ildönümü günündə bələdiyyələrə 15 traktor və 15 qoşqu təqdim olunub. Həmin tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bələdiyyələrin fəaliyyəti ümummilli liderimizin onlara verdiyi qiymətə uyğun təşkil edilməlidir. 2017-ci ildən etibarən bələdiyyələrə kommunal xidmətlər göstərmək səlahiyyəti verilmişdir. Muxtar respublikada həmin xidmətləri həyata keçirmələri üçün artıq ikinci dəfədir ki, bələdiyyələrə texnikalar təqdim olunur. İlkin olaraq 10, bu gün isə 15 texnika verilir. Muxtar respublika bələdiyyələrinin fəaliyyəti nəticəsində toplanan vəsait və dövlətin ayırdığı subsidiya hesabına yeni texnikalar alınmışdır. Bu isə birgə fəaliyyətin nəticəsidir. Texnika işin 50 faizi deməkdir. Bu texnikalar bələdiyyələrin fəaliyyətini asanlaşdıracaq, qarşıya qoyulan tapşırıqlar vaxtında icra olunacaqdır. Bu gün ölkəmizin bütün ərazilərində yenidənqurma işləri aparılır, torpaqlar istifadə üçün vətəndaşlara verilir. Torpaqlar bələdiyyə, dövlət və şəxsi mülkiyyət olaraq formalaşıb. Buna görə də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmalı, əkilməli, icarə haqları və müqavilələri düzgün bağlanılmalıdır”.
Bu gün 90-cı illərin əvvəllərində yaşadığımız çətinliklər təkcə tarix etibarilə bizdən uzaqlaşmamış, həm də bütün bu problemlər öz həllini tapmışdır. Həmin günlərin çətinlikləri haqqında indi söhbət düşəndə ulu öndərimizin Naxçıvana gəlişindən sonrakı inkişafı minnətdarlıq hissi ilə göz önünə gətiririk.
Diqqət və qayğının bəhrəsi olaraq şəhərlərdən ucqar kəndlərimizə qədər fasiləsiz elektrik enerjisi, mavi yanacaq verilib, yollar abadlaşdırılıb, şəhərdəki infrastruktur obyektlərindən heç də seçilməyən binalar inşa edilib. Yanacaq olmaması səbəbindən payız aylarında balta səsləri gələn bağlar yenidən dirçəldilib, əkin sahələrini müasir texnikaların səsləri bürüyüb. Texnika çatışmaması səbəbindən əkilməyən, biçilməyən əkin yerləri sarı kəhrəba dənizinə dönüb. Təknələrimiz bərəkətli torpaqlarımızın məhsulları ilə dolub-daşır. Bütün bunların nəticəsidir ki, uzun illər öncə bir tikə çörək üçün qonşu ölkələrə üz tutan kənd sakinləri öz yurd-yuvasına qayıdıb alın tərini torpağa qatır və bilir ki, torpağı ovuclayan qızıl ovuclayır. Onları torpağa, elə bağlayan əsas səbəb isə bitib-tükənməyən Vətən sevgisi, dövlət qayğısıdır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR