Yolumuz Azərbaycanın döyünən ürəyi Naxçıvanın ən çətin günlərdə düşmənin qarşısında alınmaz qalaya, səddə çevrilən Sədərəyinədir. O Sədərək ki daşına, torpağına qanı ilə tarix yazan igid, qəhrəman Vətən övladlarının sayəsində düşmənin canına qorxu salır, mərd duruşuyla dosta qürur, düşmənə gözdağı verir. Tarixin keşməkeşli yollarında xalqımızın igidliyi bu məkanın həm Vətən torpaqlarının ilk, həm də son sərhədi olduğunu, müqəddəsliyini sübuta yetirdi.
Düşmənin bir addımlığındakı doğma yurdumuz, tarixboyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Bu səddin, bu qalanın hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğurulduğu üçün düşmən üzünə açmayıb qapıları. Döyüşüb, mübarizə aparıb, qalib gəlmişik. Həmin çətin günlərdən alnıaçıq, üzüağ çıxan yurdumuz keçən 30 ildə dirçəldi, abadlaşdı, yenidən gül-gülüstana çevrildi. Və budur, yazın gəlişi ilə hüsnünə yaraşıq gələn Sədərəkdəyik. Rayona qədəm qoyan kimi yolun sağ tərəfində bizi göylərə yüksələn Zəfər Bayrağı salamlayır. Ötən ay Ali Məclisin Sədri Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımızı İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırmışdı.
Bu gün şanlı bayrağımız daha qürurludur, daha yüksəklərdə dalğalanır. Ay-ulduzu daha gur şölə saçır. Çünki o, illərdir, həsrətində olduğu torpaqlara sancıldı, səmasında parladı Qarabağın. Şuşaya, Laçına doğru yol aldı, igid Azərbaycan əsgərinin əllərində göylərə yüksəldi, sancıldı Qubadlıya, Zəngilana, Füzuliyə. İgid Vətən oğulları silahı çiynində, onu köksündə daşıdı. Onların yüksəldiyi zirvə şəhidlik oldu, o zirvənin ən yüksək yerində isə üçrəngli Zəfər Bayrağımız var.
Heydərabad qəsəbə sakini Saleh Heydərovla Bayraq Meydanında həmsöhbət oluruq:
– Həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti bu gün artıq öz müsbət nəticələrini verməkdədir. Ulu öndərimizin siyasətinin nəticəsidir ki, Azərbaycanımız daha da çiçəklənib, ərazi bütövlüyünü bərpa edib, dünya dövlətləri arasında öz layiqli yerini tutub, regionumuzun qüdrətli ölkələrindən birinə çevrilib. Yaxın günlərdə rayonumuzun görkəmli yerində Bayraq Meydanının istifadəyə verilməsi Sədərək sakinlərinə dövlətimizin ən böyük və qiymətli hədiyyəsidir. Bayrağımızın azad səmamızda dalğalanması hər bir sədərəkliyə sevinc yaşadır. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Hər birimiz müstəqil dövlətin vətəndaşı olaraq başımızı dik tutur, üçrəngli bayrağımız yüksəklərdə dalğalandıqca qürurlanırıq. Rayonumuzun 30 illik yubileyinə töhfə olan belə gözəl bir Bayraq Meydanının inşasına göstərilən qayğıya görə mən bütün Sədərək sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.
Sədərək kənd sakini Nadir Məmmədov deyir ki, 1990-cı illərdə ermənilər bu torpağın bizim üçün nə qədər əziz və müqəddəs olduğunu çox gözəl anladılar. Təkcə 1990-cı ilin mart ayında ermənilər Sədərəyə 300-ə yaxın top mərmisi atdı, 500-ə yaxın evi, məktəb binasını, sosial obyektləri dağıtdı. Döyüşlərdə onlarla igid canından keçdi. Bütün bunlara baxmayaraq, mübarizə əzmimiz itmədi, düşmənə aman vermədik. Bu gün Azərbaycanımızın azad səmasında –Sədərəkdə hakim yüksəkliklərdə və Bayraq Meydanında bayrağımız dalğalandıqca onların da ruhu şad olur. Belə gözəl bir meydanın inşa edilməsi rayonun hüsnünə də gözəllik qatır. Qərbə açılan qapımızdan gəlib-gedən hər bir yerli və əcnəbi sakin vüqarla dalğalanan bayrağımızı seyr edir.
Burada olarkən məktəblilərin də Bayraq Meydanını gəzməyə gəldiklərini görüb onlara yaxınlaşırıq. Doqquzuncu sinif şagirdi Hüseyn Hüseynov deyir ki, bayrağımız ən uca, ən ali dəyərimizdir. Bizim hamımız onun yüksəklərdə dalğalanması ilə qürur duyuruq. Bayrağımız enməsin, daim yüksəlsin deyə, canından keçən şəhidlərimizi ehtiramla anır, onların davamçıları olmağa can atırıq.
Bayraq Meydanından xoş təəssüratlarla ayrılır, rayonda ötən ay istifadəyə verilən obyektlərdən biri olan Sədərək Radio-Televiziya Ötürücü Stansiyasına üz tuturuq. Burada qurulan bina müasir üslubdadır.Yaradılan şərait həm işçilərin rahatlığını, həm də müasir avadanlıqlarla teleradio verilişlərinin ötürülmə keyfiyyətini artırıb. Stansiyanın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün Sədərək rayonunu əhatə edən radio-televiziya ötürücü stansiyası istifadəyə verilir. Bununla da, rayon ərazisində teleradio yayımının keyfiyyəti yaxşılaşacaqdır. Teleradio yayımı əhəmiyyətli məsələdir. Ona görə də muxtar respublikada televiziya kanallarının paket formasında yayımı həyata keçirilir. Çünki teleradio yayımının düzgün tənzimlənməsi həm də milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Hazırda bir çox ölkə beynəlxalq qanunlara əhəmiyyət vermədən televiziya verilişlərini öz sərhədlərindən kənara da yayımlayır. Bu da ölkədaxili televiziyaların yayımına, eyni zamanda milli-mənəvi dəyərlərin aşılanmasına təsir edir. Əhalini bu təsirlərdən qorumaq üçün muxtar respublikada müasir ötürücü stansiyalar qurularaq teleradio yayımı həyata keçirilir”.
Bayram Salahov altı ildir ki, mühəndis işləyir. Deyir ki, dövlət qayğısını hər an hiss edirik. Rayonumuz mənfur düşmənlə sərhəddə yerləşsə də, burada hər sahədə inkişaf var. Hər bir iş yerində müasir şərait yaradılıb. Bizim bundan öncəki binamız yararsız vəziyyətdə idi. Lazımi avadanlıqlar olmadığı üçün yayımın keyfiyyəti də aşağı idi. Ötürücü stansiyanın istifadəyə verilməsi ilə sədərəklilərin televiziya verilişlərinə keyfiyyətli şəkildə baxmaları təmin edilib.
Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni, müasir bina ilə təmin edilməsinə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirən mühəndis onu da qeyd edir ki, muxtar respublikada ilk dəfə olaraq stansiyada 12 kanalın bir monitorda izlənməsinə imkan verən proqram təminatlı “Multiview” sistemi istismara verilib. Bununla yanaşı, stansiya rəqəmsal televiziya vericisi, İtaliyanın “Elenos” şirkətinin istehsalı olan avtomatik kökləmə sistemi ilə təchiz edilib, 3 yeni FM verici, fiber-optik sonlandırma avadanlıqları, “Azercell”, “Naxtel”, “Azərconnect” mobil operatorlarının baza stansiyaları quraşdırılıb. 75 metrlik qüllədə isə mobil operatorların baza stansiyalarının, rəqəmsal televiziya və radio vericilərinin anten-fider sistemləri, radiorele linklərinin verici-qəbuledici avadanlıqları qoyulub. Bütün bunlar isə insanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmaqla bərabər, dövlət qayğısının təzahürüdür.
Qədim Sədərək tarixin heç bir dövründə indiki kimi inkişaf edib gözəlləşməmişdir. Qədirbilən sədərəklilər bu gözəl günləri onlara bəxş edən ulu öndərin əbədiyaşar ruhu qarşısında baş əyir, onun yolunun sadiq davamçısına minnətdar olduqlarını bildirirlər.
Ramiyyə ƏKBƏROVA