Həmin gün – 1992-ci ilin 8 may günü qara hərflərlə yazılmışdı tariximizə. Alınmaz qala Şuşamız satılmışdı, xainlərin əli ilə pay verilmişdi düşmənə. Həmin Şuşa ki, tarixboyu düşmən üçün alınmaz olmuşdu . O Şuşa ki, Məhəmməd Şah Qacarın qoşunlarına təslim olmamışdı. O Şuşa ki, orada Pənahəli xanın, Vaqifin, Xan qızı Natəvanın izləri vardı. Həmin Şuşa ki, xarı bülbülü, Çətir şəlaləsi, Topxana meşəsi, Cıdır düzü ilə heyran qoyurdu hər kəsi. Şuşalı qadınların ətəyimizə daş doldurub düşmənin başına töksək, o, Şuşaya yaxın gələ bilməz, – dediyi Şuşa sapı özümüzdən olan baltaların köməyi ilə peşkəş verildi erməniyə. Satıldı Xocalı, Kəlbəcər kimi. İllərlə nə az, nə çox, bir igidin ömrü qədər gözü yollarda qaldı gözəl Şuşamızın. O, öz yaxınlarının səsini, isti nəfəsini axtarırdı, donurdu yad baxışlardan, sinəsi yanırdı, tüstüsü göylərə sovrulurdu dağıdılanda tarixi abidələri, nəfəsi kəsilirdi sinəsinə düşmən əsgəri ayaq basanda, gözləri dolurdu bağrında erməni bayrağı dalğalandıqca, bulaqları quruyurdu torpağında Azərbaycan musiqisi ilə yallı gedən düşmən əsgərini görəndə. Şuşasız keçdi 28 ilimiz... Öz doğma yurdunu görmədən neçə nisgilli insan köçdü, şuşasız şuşalılar gəldi dünyaya həmin illərdə... Şuşasız 28 il... Bu xalq nələr yaşadı, nələrə dözdü, amma əyilmədi, ümidini itirmədi...
Həmin illərdə yenicə qazanmışdıq müstəqilliyimizi, hakimiyyət isə öz mənafeyini güdürdü, xalqı düşünən dahi oğlunu isə Bakıya yaxın qoymurdular. Ta o vaxta kimi ki, düşmən hücumu ilə bərabər qardaş qırğını ilə də üzləşdilər. İllər bir-birini əvəz edir, biz heç ümidimizi itirmirdik. Bilirdik, əmin idik ki, bizim olan yenə özümüzə qayıdacaq. İnanırdıq, dahi rəhbərin davamçısı bizə böyük qələbəni yaşadacaq. Bu xalq əmin idi, çünki görmüşdü, şahid olmuşdu ulu öndərin xalq sevgisinə Onun bu milləti ən çətin vəziyyətdən qurtarmasına.
Və həmin tarix gəldi, Tanrı haqqımızı haqq elan etdi... 27 sentyabr səhəri günəş də fərqli doğuldu, Qarabağın səmasında, hamımızın uzun illərdir, arzuladığı həmin səhər. O səhər ki, bəlkə iki yüz il bundan öncə də açılmışdı. Bəli, həmin gün bu millət tarixin yenilməz səhifəsini yazmağa başladı. Azərbaycan əsgəri bağrımızdakı yaranı öz canı ilə sağaltdı. Hissə-hissə, ovuc-ovuc qayıtdı yurdumuz. Vətən müharibəsinin ilk günlərindən gözü yolda, qulağı səsdə idi. Düşməndən azad edilən hər qarış üçün sevinirdik və həsrətlə Şuşamızı gözləyirdik. Ali Baş Komandanın “Şuşa, sən azadsan” deməyini. Bu şəhərdə dünyaya gəlməyən, o şəhəri görməyən hər bir azərbaycanlı Şuşanın azadlığını həsrətlə gözləyirdi. Və həmin gün gəldi... Vətən müharibəsinin 42-ci günü igid Azərbaycan əsgəri bizə ən gözəl günü yaşatdı. Şad xəbəri Ali Baş Komandan öncə ulu öndərə onun məzarı başında verib. “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” – dedi. Vaxtilə ermənilərin “Dağlarda toy” əməliyyatı ilə işğal etdikləri elə həmin dağlarda igid oğullarımız da onlara tarixboyu unuda bilməyəcəkləri toyu tutmuşdu.
Şuşanın azadlıq günündən daha gözəl gün ola bilməzdi bu xalq üçün. Çünki həmin gün Şuşanın köksünə illərdir, sancılan, onun nəfəsini kəsən o yad cismi – erməni bayrağını qoparıb ayaqlar altına atdı igid oğullarımız. Əlində üçrəngli, ay-ulduzlu bayraq, dilində ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” kəlamı ilə Azərbaycan əsgəri Cıdır düzündə yallı getdi. Vəbir daha sübut etdi ki, bütün dünya birləşsə belə, bu xalqın ürəyindən Vətən sevgisini silə bilməz. Bu xalq onun olanı – əziz Şuşasını, xarı bülbülünü heç kimə güzəştə getmədi.
Ötən ilin bu günü Şuşa həsrəti ilə yanırdı qəlbimiz, bu il isə qəlbimiz sevincdən qanad açır, gözlərimiz gülür Şuşa deyəndə . Çünki yurdumuz azaddır. Hər bir azərbaycanlının sevimli şəhəri Şuşa öz igid oğullarının canı, qanı bahasına azad edildi. Doğmalarının əlləri ilə yenidən qurulur, dirçəldilir, əvvəlki gözəl günlərinə qovuşmağa Müzəffər Ali Baş Komandanını yeni gözəlliyi ilə qarşılamağa hazırlaşır. Qarabağımızın almaz qaşı Şuşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Mədəniyyət Paytaxtı” elan edildi. Sərəncamda deyilir: “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alınıb ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin”.
Belə bir sərəncamın imzalanması erməni xislətinə daha tutarlı bir cavab olmaqla yanaşı, bu şəhərin Azərbaycan və azərbaycanlılar üçün nə qədər əziz olduğunu bir daha sübut etdi.
Bu gün torpağı da, daşı da, gül açıb Şuşanın, çünki, bu bahar başqa bahardır. Çünki o bilir ki, bu yaz qoynunda açan xarı bülbülün ətrini Azərbaycan əsgəri alır. Çünki o bilir ki, bundan sonrakı gələn yazı, yayı da, payızı da neçə-neçə fəsilləri də Cıdır düzündə qarşılayıb İsa bulağından yola salacaq əzizləri ilə birlikdə.
Ramiyyə ƏKBƏROVA