21 Dekabr 2024, Şənbə

Dünyaya göz açdığım, mənim üçün çox əziz olan ­Şərur rayonu haqqında yazı qələmə almaq istəyi mənə bir hadisəni xatırlatdı.

Hələ 1999-cu ildə təhsil aldığım Gəncə Dövlət Universitetində ilk dərs günü müəllimimin: – Qızım, sən hansı bölgədənsən? – sualına çox böyük qürurla: “Naxçıvandanam”, – dedim. Qürurlanmağa səbə­bim çox idi... Qəhrəmanlar yurdunun, dahilər yetişdirən bir torpağın övladı idim çünki. Müəllimin mənə tərəf baxıb: – Naxçıvanda yağış yağanda yenə dizə kimi palçığa batıb yeriyə bilmirsiz? – deməsi məni çox məyus etdi. Sonradan bildim ki, indi kürsüdə dayanan həmin müəllim vaxtilə Naxçıvanda işləyib. Bu qədim diyarın necə çətin şəraitdə yaşadığının şahidi olub. Qazsız, işıqsız, bərbad vəziyyətdəki kəndləri görüb. Lakin şəraitsiz və çətin vəziyyətdə yaşayan naxçıvanlılar onun yaddaşında səmimi, qonaqpərvər, mübariz və cəsur insanlar kimi qalıb.

Ardını oxu...

Son illər muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dövlət qayğısı sahibkarların bu sahəyə olan marağını daha da artırıb. Şərur rayonunun dağ kəndi Havuşda da arıçılıqla məşğul olanların sayı az deyil. 

Kənddə olarkən öyrəndik ki, burada 300 arı ailəsi vardır. Kənd sakini Əli Əliyev 70, Mehman Həsənov 30, Mərdan Hüseynov 36 arı ailə­sinə qulluq edirlər. Uzun illərdir, arıçılıqla məşğul olan Mehman Həsənov gənc yaşlarından bu işə başlayıb. Təcrübəli arıçı balın faydalarından da danışır: ­“Təsadüfi deyildir ki, dünya şöhrətli təbib İbn Sina vaxtilə deyib ki, əgər sağlam ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən. Əlbəttə, baldan istifadə kortəbii ­olmamalıdır. “Bal min bir dərdin dərmanıdır” deyimi heç də təsadüfi deyil. Güləm, arı südü, bərəmum (vərəmum, dərdəmum), mum, möhür (balın qaymağı), bal arısının ölüsü, arı zəhəri və sair müxtəlif xəstəliklərin təbii dərmanıdır”.
O deyir ki, mumundan, hətta zəhərindən dərman kimi istifadə etdiyimiz, bal hasilə gətirən arılar təbiətin ən zəhmətkeş həşəratlarıdır. Arı körpə uşaq kimidir. Daim qayğı və baxım tələb edir. Məhsuldarlıqda ən mühüm şərtlərdən biri də köçəri arıçılıqdır. Erkən yazda qışlamadan çıxan arı ailələrinin yeri mütəmadi olaraq dəyişdirilməlidir. Arandakı sahibkarlar arılarını muxtar respublikanın, əsasən, ucqar dağ kənd­lərinə köçürürlər. Buna görə də köçürmə üsulu ilə arı saxlamaqla insanlar ta qədimdən məşğul olublar. Aranda ən yaxşı vaxt ağacların çiçəkləmə dövrünə düşür. Arılar həm ağacların çiçəklərini tozlayır, bol məhsul üçün şərait yaradır, həm də kifayət qədər şirə toplayırlar. Onu da deyək ki, arılar vasitəsilə tozlanan ağaclarda məhsuldarlıq 20-40 faiz artır.

Ardını oxu...

Türk xalqlarının, o cümlədən azərbaycanlıların həyat və məişətində çörəyə, taxıla hörmət, halallığa çağırış üstünlük təşkil edir. Ulularımız çörəyi hər nemətdən üstün tutublar. Çörək əldən düşərsə, qaldırıb uca bir yerə qoyarlar ki, xeyir, bərəkət qaçmasın. Xalqımızın ən qədim adət-ənənələri də çörəklə bağlıdır. Azərbaycanda çörək and yeri sayılıb. Ən əziz qonaq duz-çörəklə qarşılanıb. Elə buna görə də ən həlledici anlarda, etibar andı içəndə, “and olsun kəsdiyimiz çörəyə”, səadət arzulayanda isə “ağgünlü, ağurvalı olasan”, – deyirlər. Yaşam uğrunda mübarizə “Bir parça çörək qazanmaq” ifadəsinə gəlib çıxıb. Çörək bol olanda torpaq şərəfli, Vətən şöhrətli olar, – deyiblər. Qonaqpərvərliyi ilə seçilən diyarımızda hansı qapını döysək, süfrəsindəki çörəyi Allah qonağından əsirgəməzlər. 

Ardını oxu...

Tədqiqatlar zamanı Azərbaycan ərazisindən külli miqdarda tapılmış sikkələr bir çox alimlərin marağına səbəb olub. Onlar bu sikkələrin zərb olunduğu yer və kim tərəfindən kəsildiyini öyrənərək aydınlaşdırıblar ki, bunların müəyyən bir hissəsi Naxçıvan zərbxanalarında kəsilib. Sikkələr haqqında məlumat almaq, tarixi Azərbaycan torpağı olan qədim diyarda fəaliyyət göstərən zərbxanaların harada yerləşdiyi və bu gün sikkələrin dünyanın hansı muzeylərində sərgiləndiyini öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri, tarix elmləri doktoru Məmməd Əliyevə müraciət etdik. 

Məmməd Əliyev qeyd edir ki, antik dövrdə və son orta əsrlərdə Naxçıvan torpağında zərb olunmuş sikkələr vasitəsilə xalqımızın keçmişini öyrənəndə qızıl, gümüş və mis sikkələrin ardıcıl olaraq bir-birini əvəzlədiyini görürük. Bütün bunlar türk soyları və böyük türk hökmdarlarının naxçıvanlıların ulu əcdadları olduqlarını təsdiqləyir. Naxçıvan Muxtar Respublikasının ərazisində kəsilmiş on minlərlə sikkə məlumdur. Bu pulların köməyi ilə öyrənirik ki, Naxçıvan bölgəsində VI əsrdən başlayaraq XVIII əsrin sonuna qədər müxtəlif dövrlərdə fəaliyyət göstərmiş zərbxanalar olmuşdur. Naxçıvan, Əlincə, Qarabağlar, Əlcan, Şərur, Ordubad və Xaraba Gilan (Giran) zərbxanaları buna parlaq misaldır. Zərbxanaların quruluşunu və istehsal prosesinin təşkilini öyrənərkən dövlət məmurlarının adı, vəzifələri və aldıqları əməkhaqları ilə bərabər, bilavasitə zərb işi ilə məşğul olan sənətkarların adı və gördükləri işin müqabilində aldıqları əməkhaqqı da məlum olur.

Ardını oxu...

Qayalarından xınalı kəkliklərin səsi gələn, füsunkar təbiəti, buz bulaqları, “bəstəkar” şəlalələri, qollu-budaqlı “pir” ağacları, təmiz ab-havası ilə insanda xoş duyğular oyadan Havuş kəndinə doğru irəlilədikcə Şərur-Dərələyəz silsiləsinin özünəməxsus gözəllikləri, uca dağları, xoş təbiəti, təravətli havası insanı sanki sehrli bir aləmə aparır. Yolboyu adları əfsanəyə çevrilən Sırfadaşını, Əncirliyi, Hadıqayıbı, Danaqalasını seyr edə-edə Axura kəndindəki Yuxarı Bulaqdan Havuşadək olan 12 kilometr yolu, 20-dən artıq sərt döngəni və aşırımı keçib kəndə çatırıq. Kənd Havuşçayın sol sahilində, Dərələyəz sıra dağlarının ətəklərində yerləşir. Kəndi üzük qaşı kimi dövrəyə alan dağlar payız fəslində daha ecazkar görünür.

Muxtar respublikamızın ucqar kəndlərindən biri olan bu yaşayış məntəqəsi boz və sərt zirvələrin fonunda səməni kimi görünür. Bəlkə, elə buna görə kəndin adının etimoloji mənası “ovuc” kimi ifadə olunur. Ovuc-avuc-avuş söz dəyişmələrindən sonra kənd indiki Havuş adını alıb. Bu toponimin mənası dağlarla əhatə olunmuş məskən və ya “Dağ dibi” deməkdir.

Ardını oxu...

Ordumuzda Vətənə ləyaqətlə xidmət edən hərbçi Azərbaycan qadınları
məhz həmin ali duyğuların təsiri ilə bu peşəni seçiblər


Tarixboyu Azərbaycan qadınları həyatımızın bir çox sahələrində mühüm rol oynayıblar. Qadın hökmdarımız Tomris, Şərqdə ilk diplomat qadın Sara xatın, Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri, Şah İsmayılın Aləmşahbəyimi, Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa başçılıq edən Gülsüm xanım xalqımızın tarix səhifələrinə öz adlarını şərəflə yazıblar. Təsadüfi deyil ki, oğuz türklərinin tarixindən xəbər verən “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan qadını vətənpərvər, sədaqətli, qoçaq, kişilərlə birlikdə döyüşlərə atılan qeyrət nümunələri kimi göstərilib. Döyüş meydanına atılan Burla xatın, Banuçiçək və digər qadın obrazları həmişə qadınlarımız üçün bir örnək olublar. 

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Bərdə hökmdarı Nüşabənin böyük fateh Makedoniyalı İsgəndərlə görüşündə ona öz ağıllı siyasəti ilə qalib gəldiyinin şahidi oluruq. XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin həyat yoldaşı Mehrican xatın təbrizli Şəmsəddinlə birlikdə igidliklə vuruşub, böyük hünər göstərib. Təbriz, Xoy, Naxçıvanı işğaldan azad edib. Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatın böyük nüfuza sahib olub. Vəfatından sonra onun şərəfinə ucaldılan türbəsi bu gün həm də Azərbaycan qadınının simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Naxçıvana gələn bir çox qonaqlar Möminə xatın türbəsini, tarixi mənbələrdə Quti xatının şərəfinə ucaldıldığı qeyd olunan Qarabağlar Türbə Kompleksini Hindistanda yerləşən Tac-Mahalla müqayisə edirlər. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa olunub.

Ardını oxu...

 17 ildir, səngərdə döyüşən bir hərbçinin həyat yoldaşı kimi bu illərdə gördüklərim mənim dünyaya tam fərqli gözlə baxmağıma səbəb olub. 20 faiz torpağı işğal altında olan dövlətin “Hər evi səngər, hər vətəndaşı əsgər olmalıdır” fikriylə, düşüncəsiylə yaşayıb, övladlarımı da vətənpərvər bir fərd kimi böyütməyə çalışıram. Bu müharibədə yüzlərlə can qurban edib bu xalq. Şəhidlərimiz öz qürurlu ölümüylə torpaqlarımızı, vətənimizi qoruyub gələcək nəslin azad böyüməsinə, müstəqil olmasına təminat veriblər: bayrağımız qoy həmişə dalğalansın, torpaqlarımız işğaldan azad olunsun deyə.

Bəs biz nə etmişik şəhidlərimiz üçün? Ötən dövrdə neçə şəhid verib bu vətən və bu illərdə dünyaya neçə körpə göz açıb? İgid eloğullarımızın hansısa biri şəhid olanda hansısa doğum evində bir körpənin dünyaya göz açması da labüddür. Körpələrimizin dünyaya gəlişi ilə bir ailə sevinib, bir ananın üzü gülüb. Başqa bir evin övladı cəbhənin hər hansısa bir hissəsindən düşmənin hücumunu dəf edərkən şəhidlik zirvəsinə yüksəlib. O gecə göz açan körpəyə dünyadan köçən igidin adını verib, onun adını yaşatsaq, şəhidimizin o qəmli anasının da ürəyinə sakitlik gətirmiş olarıq.
Təkcə son beş ildə 20436 körpəyə Yusif, 19925 körpəyə Əli, 8922 körpəyə Məhəmməd və 8497 körpəyə Ömər adı ­verilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR