22 Dekabr 2024, Bazar

Ordumuzda Vətənə ləyaqətlə xidmət edən hərbçi Azərbaycan qadınları
məhz həmin ali duyğuların təsiri ilə bu peşəni seçiblər


Tarixboyu Azərbaycan qadınları həyatımızın bir çox sahələrində mühüm rol oynayıblar. Qadın hökmdarımız Tomris, Şərqdə ilk diplomat qadın Sara xatın, Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri, Şah İsmayılın Aləmşahbəyimi, Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa başçılıq edən Gülsüm xanım xalqımızın tarix səhifələrinə öz adlarını şərəflə yazıblar. Təsadüfi deyil ki, oğuz türklərinin tarixindən xəbər verən “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan qadını vətənpərvər, sədaqətli, qoçaq, kişilərlə birlikdə döyüşlərə atılan qeyrət nümunələri kimi göstərilib. Döyüş meydanına atılan Burla xatın, Banuçiçək və digər qadın obrazları həmişə qadınlarımız üçün bir örnək olublar. 

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Bərdə hökmdarı Nüşabənin böyük fateh Makedoniyalı İsgəndərlə görüşündə ona öz ağıllı siyasəti ilə qalib gəldiyinin şahidi oluruq. XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin həyat yoldaşı Mehrican xatın təbrizli Şəmsəddinlə birlikdə igidliklə vuruşub, böyük hünər göstərib. Təbriz, Xoy, Naxçıvanı işğaldan azad edib. Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatın böyük nüfuza sahib olub. Vəfatından sonra onun şərəfinə ucaldılan türbəsi bu gün həm də Azərbaycan qadınının simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Naxçıvana gələn bir çox qonaqlar Möminə xatın türbəsini, tarixi mənbələrdə Quti xatının şərəfinə ucaldıldığı qeyd olunan Qarabağlar Türbə Kompleksini Hindistanda yerləşən Tac-Mahalla müqayisə edirlər. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa olunub.

Ötən əsrdə də Azərbaycan qadını tarixə adını şərəflə yazıb. 1941-45-ci illər müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi kimi tanınan Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. Sona Nurəliyeva, Züleyxa Seyidməmmədova kimi qadın pilotlarımız açıq səmalarda düşmənə göz açmağa imkan verməyiblər. Səngərlərdə tibb bacısı, açıq dənizlərdə gəmi kapitanı, səmalarda qırıcı təyyarə pilotu kimi xidmət edən qadınlarımız həm də partizan dəstələrində düşmənə Azərbaycan qadınının gücünü göstəriblər.

1988-ci ildə xalqımızın başı üstünü alan qara buludlar, çox təəssüf ki, yeni bir müharibənin başlanğıcının xəbərçisi idi. Tarix yenidən təkrar olunurdu. Erməni təcavüzkarları torpaqlarımıza hücum etməyə başlamışdı. Düşmən təpədən dırnağadək silahlansa da unutmuşdu ki, dünyada heç bir silahla bir xalqın vətənpərvərliyinə, onun Vətən təəssübkeşliyinə qalib gəlmək mümkün deyil. Qarabağın müdafiəsinə qalxan kişilərlə bərabər Tomris qeyrətli qadınlarımız da hünər və cəsarət göstərdilər. İgid qadın və qızlarımız oğullarımızla çiyin-çiyinə torpaqlarımız uğrunda döyüşdülər, canlarından keçdilər. Qaratel Hacımurad­ova da onlardan biri olub. O, döyüşlərin birində mühasirəyə alınıb və çox sayda düşmən əsgərini öldür­dükdən sonra əsir düşməmək üçün axırıncı güllə ilə həyatına son qoyub. Bəli, qadın namusdur, qadın qeyrətdir bu xalq üçün.
Bu gün də Sara xatın düşüncəli, Aləmşahbəyim xatın kimi döyüşçü, İnanc xatın kimi vətənsevər, Burla xatın kimi həm ana, həm həyat yoldaşı, həm də torpaq təəssübkeşli qadınlarımız var.
Bu məqamda bir məsələyə toxunmaq istərdim. Bəzi insanlar belə düşünür ki, ordu qadınların yeri deyil, guya “qadın” və “silah” anlayışının bir yerdə səslənməsi milli mentalitetimizə ziddir. Guya hərbi xidmət ağır olduğu üçün zərif cinsin nümayəndələri bu sahədə özlərini doğrulda bilməzlər. Belələri unudurlar ki, yuxarıda qeyd etdiyimiz kimi, qadınlarımız tarixboyu döyüş meydanlarında, siyasətdə öz məharətlərini göstəriblər. Bu gün də ordu sıralarında xidmət edən Azərbaycan qadınları həmin cəngavər qadınlarımızın davamçıları deyillərmi? Bu gün Əlahiddə Ümumqoşun Ordusunda da belə qadınlarımız az deyil.
Məhz həmin hərbçi qadınlarımızla görüşmək üçün Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsinə yollandım. Təsadüf nəticəsində yolüstü rastlaşdığım yaşlı bir qadın məndən həmin hərbi hissənin yerini soruşdu. Ora nə üçün getdiyini öyrənmək istədikdə Gülxanım ana böyük fərəh hissi ilə qızının hərbçi olduğunu, onu görməyə gəldiyini bildirdi.
– Qızınızın bu sənəti seçməyini özünüz istəmisiniz? – sualıma Gülxanım ana belə cavab verdi:
– Sözün düzü, mən razı olmurdum. Amma qızımın qətiyyəti və ordumuzun bugünkü nizam-intizamı məni qərarımdan döndərdi. Bu gün mən qızımla fəxr edirəm. Qızım, atalarımız yaxşı deyiblər: “Aslanın erkəyi, dişisi olmaz”. Kişi, qadın fərqi yoxdur, lazım gəlsə, mən də bu yaşımda döyüşə getməyə hazıram. Yaxşı yadımdadır. 1990-cı ilin soyuq, şaxtalı qış günlərində mənfur ermənilər Sədərəyə hücum etmişdilər. Topun, tüfəngin səsindən qulaq tutulurdu. Biz qadınlar evlərimizdə səngərdəki balalarımıza isti çörək, yemək bişirib göndərirdik. O vaxt belə ordu quruculuğu yox idi. Nə müasir silah var idi, nə də isti geyim-kecim. Biz o vaxt balalarımızı səngərdə tək qoyub qaçsaydıq, indi nə torpaq var idi, nə də azadlıq. Səngərdə döyüşən əsgər arxasında xalqın olduğunu bilib daha böyük bir hünərlə durdu düşmənin qarşısında. Bütün dünya Azərbaycan əsgərinin gücünə, qüdrətinə ötən ilin aprel döyüşlərində bir daha şahid oldu.
Gülxanım anadan xahiş etdim ki, məni hərbçi qızı ilə tanış etsin. Bir az sonra hərbçi bir xanım bizə yaxınlaşır. Gülxanım ana ilə görüşüb, söhbət edirlər. Bir müddət onların söhbətinə mane olmuram. Daha sonra yaxınlaşıb hərbçi xanımla tanış oluram. Əslən Şərur rayonundan olan Gülnar xanımın ailəli, bir övlad anası olduğunu öyrənirəm. Onun həyat yoldaşı ehtiyatda olan gizirdir. O deyir:
– Uşaqlıqdan hərbçi peşəsinə maraq göstərmişəm. Lakin uzun illər bu arzuma çata bilməmişəm. Hər bir azərbaycanlı kimi torpaqlarımızın işğalda olması mənim də ürəyimi sızladır. Silahlı Qüvvələrimizin Ali Baş Komandanının orduya göstərdiyi diqqət və qayğının, ordumuzda aparılan uğurlu islahatların səmərəli nəticə verdiyinin şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Bu gün mən Əlahiddə Ümumqoşun Ordusunda ilk zabit rütbəli qadınlardan biri olduğum üçün fəxr edirəm. Xidmətin məsuliyyətini anlayıram. Ən böyük dayağım ailəmdir. Hər gün xidmətimin necə keçməsi ilə maraqlanırlar, uğur və nailiyyətlərimə mənimlə birgə sevinirlər. İstər kişi olsun, istər qadın, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir məqsədi var: şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək.
Digər bir hərbçi xanımla da görüşürəm. İki zabit anası, 2003-cü ildən “N” hərbi hissəsində xidmət edən qadın hərbi qulluqçu Gülbahar Cəfərova isə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. Ailəlidir, üç övladı var. Övladlarının ikisi hərbçidir. Onlar da Əlahiddə Ümumqoşun Ordusunda xidmət edirlər. Gülbahar Cəfərova deyir ki, 14 ildir, yorulmadan, həvəslə xidmət edirəm. Əsgərlərə öz övladlarım kimi qayğı göstərməklə vətəndaşlıq borcunu yerini yetirməyə çalışıram. Xidmətdə olduğum illər ərzində ordumuzun gündən-günə necə gücləndiyinin şahidi olmuşam. Orduda gördüyüm diqqət və qayğı övladlarımın da hərbçi olmaq istəyinə razılıq verməyimə səbəb olub. Mən bir ana kimi qürur duyuram ki, həm özüm, həm də övladlarım ordu sıralarında xidmət edirik. Təəssüflər olsun ki, ocağımızdan od, çörəyimizdən pay verdiyimiz mənfur qonşumuz torpaqlarımızı işğal altında saxlayır. Bu gün Azərbaycan Ordusu öz gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərir. Muxtar respublikanın strateji yüksəkliklərində etibarlı müdafiə sistemləri qurulub. Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissləri ilə bərabər, əminlik yaradır. Tarix boyu alınmaz qala olan Naxçıvanın etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordusu düşmənin qorxulu kabusuna çevrilib.
Babək rayonunun Xəlilli kəndindən olan Arzu Bayramova da gənc hərbi qulluqçulardan biridir. Xoşbəxt ailə həyatı qurub. 2014-cü ildən hərbi xidmətdədir. Hazırda Naxçıvan Qarnizonu Hərbi Hospitalında laborant vəzifəsində xidmət edir. Bildirir ki, tibb kollecini bitirsə də, həmişə hərbçi olmaq, forma geyinmək istəyi olub. O deyir ki, son illər orduda qadınların xidmətə başlamasına şərait yaradılması hərb sənətini sevən, bu sahədə xidmət etmək arzusunda olan qadınları çox sevindirdi:
– Bu imkandan mənim kimi xidmət etmək istəyən xeyli qadın yararlandı. Respublikamızda istənilən sahədə inkişaf var. Müharibə şəraitində yaşadığımıza görə Silahlı Qüvvələrimizin daha da güclənməsi daim diqqət mərkəzində saxlanılır. Bu, hər birimizdə ruh yüksəkliyi yaradır. Müasir ordumuzun qurucusu ümummilli liderimiz Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi: “Bu günümüzün gəncləri özlərini xoşbəxt sanmalıdırlar ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub”. Mən də özümü xoşbəxt hiss edirəm. Çünki müstəqil dövlətimə, gözəl Vətənimə xidmət edirəm.
Bəli, Vətəni sevmək onun uğrunda döyüşə getməyi, onun inkişafı üçün daim çalışmağı, hər kəsə Vətən sevgisini aşılamağı tələb edir. Vətənpərvərlik elə ali duyğudur ki, bu duyğu insanı zirvələrə, səmalara yüksəldir, ona qəhrəmanlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Hərbçi Azərbaycan qadınlarını bu peşəyə də məhz həmin ali duyğular gətirib.

Ramiyyə Əkbərova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR