22 Dekabr 2024, Bazar

Dünyaya göz açdığım, mənim üçün çox əziz olan ­Şərur rayonu haqqında yazı qələmə almaq istəyi mənə bir hadisəni xatırlatdı.

Hələ 1999-cu ildə təhsil aldığım Gəncə Dövlət Universitetində ilk dərs günü müəllimimin: – Qızım, sən hansı bölgədənsən? – sualına çox böyük qürurla: “Naxçıvandanam”, – dedim. Qürurlanmağa səbə­bim çox idi... Qəhrəmanlar yurdunun, dahilər yetişdirən bir torpağın övladı idim çünki. Müəllimin mənə tərəf baxıb: – Naxçıvanda yağış yağanda yenə dizə kimi palçığa batıb yeriyə bilmirsiz? – deməsi məni çox məyus etdi. Sonradan bildim ki, indi kürsüdə dayanan həmin müəllim vaxtilə Naxçıvanda işləyib. Bu qədim diyarın necə çətin şəraitdə yaşadığının şahidi olub. Qazsız, işıqsız, bərbad vəziyyətdəki kəndləri görüb. Lakin şəraitsiz və çətin vəziyyətdə yaşayan naxçıvanlılar onun yaddaşında səmimi, qonaqpərvər, mübariz və cəsur insanlar kimi qalıb.

Naxçıvandan ayrı Azərbaycanın bir çox rayon və kəndlərində yaşadığım 13 il ərzində ildə bir dəfə öz yurduma qonaq gəlirdim. Hər dəfə təyyarə Naxçıvan səmasına çatanda gördüyüm mənzərə qəlbimi sevinc hissləri ilə doldururdu. Gözəlləşən, böyüyən, gülüstana çevrilən yurdun sakini olmaq çox qürurvericidir.
Artıq üç ildir ki, öz doğma yurdumdayam. Bu qədim diyar o qədər gözəl, təmizdir ki, insan bu mədəniyyəti, güllü, çiçəkli bağçaları, yeni tikililəri, qədim abidələrin bərpa olunmuş vəziyyətlərini tərif etməyə söz tapa bilmir. Vətəninin saatbasaat, günbəgün bütün yönlərdə yeniləşdiyini, bütövlükdə, boy atdığını görmək dünyanın ən böyük xoşbəxtliyidir. İftixar hissi ilə demək olar ki, bu gün Naxçıvan Muxtar Respublikası yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikanın iqtisadiyyatı ilbəil möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yüksəlir, şəhər və kəndlərdə qurucu­luq işləri geniş vüsət alır. Bütün bunları muxtar respublikamızın inzibati ərazi bölgüsünə görə ən böyük bölgəsi olan Şərur rayonunun timsalında da görmək mümkündür. Əslən bu rayondan olan biri üçün Şərurun illər öncəki vəziyyəti ilə müasir dövrünü müqayisə etmək heç də çətin deyil.
Muxtar respublikamızın bütün bölgələrində vüsət alan geniş quruculuq prosesləri bu rayonun da ucqar dağ kənd­lərinin, sərhəd yaşayış məntəqələrinin simasını dəyişib. Ən kiçik dağ kəndlərində belə, sosial problemlər öz həllini tapıb. Hər cür şəraitə malik müasirtipli təhsil ocaqları, tibb məntəqələri, mədəniyyət obyektləri ucaldılıb. Bir vaxtlar yolu, izi olmayan dağ kəndlərinə geniş abad yollar salınıb, dünənə kimi qonşu kəndlərlə əlaqəsi olmayan, sərhəd yaşayış məntəqələri indi dünyanın istənilən yeri ilə rabitə əlaqəsi yarada bilir.
Vaxtilə ən adi mədəni-məişət şəraiti olmayan Şərur rayonunun Havuş kəndində 70 illik sovetlər dövründə kəndin insanları hər hansı kiçik bir məsələ üçün uzun məsafələr qət edib rayon mərkəzinə və şəhərə üz tuturdular. Kiminsə qəflətən ağır xəstələnməsi isə bir çox hallarda faciə ilə nəticələnirdi. Yaşlı kənd sakinləri deyir ki, əqrəb-ilan sancması zamanı ilkin tibbi yardımdan yararlana bilmədiklərinə görə sakinlər türkəçarəyə üz tutur, bu da bir çox hallarda mənfi nəticələrə yol açırdı. Bağlarda yetişən məhsulları bazara çıxarmaq, ondan gəlir əldə etmək də müşkül məsələ idi. Qış aylarında isə ətraf kəndlərlə əlaqə, demək olar ki, tamamilə kəsilirdi. Yəni Havuş, necə deyərlər, Allah ümidinə qalmışdı. Ancaq ulu öndərimizin Naxçıvana gəlişindən sonrakı illərdə havuşlular da diqqət və qayğıdan bəhrələnməyə başladılar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ucqar dağ kənd­lərinə xüsusi diqqət və qayğısının bəhrəsi olaraq kənd fasiləsiz elektrik enerjisi, mavi yanacaqla təmin edildi, yollar abadlaşdırıldı, şəhərdəki infrastruktura bərabər obyektlər istifadəyə verildi. Yanacaq olmaması səbəbindən payız aylarında balta səsləri gələn bağlar yenidən dirçəldildi, əkin sahələrində ən müasir texnikaların səsləri eşidildi. Təbii ki, bütün bunlar Havuş sakinlərini daha möhkəm tellərlə öz el-obasına bağladı, kənddə yeni evlərin-ocaqların sayı artdı. Ucaldılan müasirtipli məktəb, tibb məntəqəsi, müəllimlər və burada xidmət edən hərbçilər üçün tikilən yeni evlər, yaradılan hərtərəfli sosial şərait havuşluların düşmənin bir addımlığında yerləşən evlərində əminliklə yaşamalarına imkan yaratdı.
Rayonun digər dağ kəndi olan Yuxarı Yaycı da bu gün gözəlliyi ilə hər kəsi özünə cəlb edir. Dağların bumbuz bulaqları, tərtəmiz havası, min bir dərdin dərmanı olan bitkiləri, al-əlvan çiçəkləri və bunlara bir az da xüsusilik verən saf, səmimi insanları yaşayış məntəqəsinin gözəlliyinə gözəllik qatır. Yaraşıqlı evlər, abad küçələr, axarlı­-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri bu dağ kəndində məskunlaşan insanların yaşayışından, xoş güzəranından soraq verir. İstifadəyə verilən yeni obyektlər, abadlaşan yollar kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılmış uğurlu addımlardandır.
Ucqar dağ kəndində, ermənilərlə sərhəddə düşmənə gözdağı olan bu yaşayış məntəqəsinin sakinləri həyata nikbin baxır, yaradılan şəraitdən maksimum bəhrələnirlər.
Dövlətimizin bu istiqamətdə apardığı siyasət Şərur rayonunun Axura kəndində də uğurla həyata keçirilir. 2014-cü ildə bəxş edilmiş bir neçə quruculuq ərməğanı kənd sakinlərində xoş ovqat yaradıb, onları doğma torpağa qırılmaz tellərlə bağlayıb. Kənddəki xidmət mərkəzində yüksək ticarət və məişət xidmətləri göstərilir, Dizədən Axurayadək olan avtomobil yolu və yolun üstündəki iki körpü yenidən qurulub.
Abadlaşan yaşayış məntəqələrimiz sırasında dağ kəndi Tənənəmi də göstərmək olar. Bu kənddə 2006-cı ildə yaraşıqlı məktəb binası inşa olunub. Yaradılan kənd mərkəzində icra nümayəndəliyi, bələdiyyə, poçt, kitabxana və tibb məntəqəsi yerləşir. Burada gözoxşayan park salınıb. Tarixi abidə, kəhriz bərpa edilərək istifadəyə verilib.
Şərur rayonunun Şahbulaq, Yuxarı Yaycı, Havuş, Həmzəli, Gümüşlü, Axura kimi dağ kəndləri ilə yanaşı, Arazqırağı yaşayış məntəqələri – Qarahəsənli, Ərəbyengicə, Çəmənli, İbadulla da yeni günün quruculuq günəşinin şəfəqlərindən pay alıb. Rayon mərkəzindən 10-12 kilometr aralıda yerləşən həmin kəndlərdə də şəhərdən seçilməyən bir mənzərə var.
Son illər Şərurun böyük və qədim kəndlərindən biri olan Yengicə, sözün həqiqi mənasında, əsl inkişaf yoluna qədəm qoyub. Kənddə yeniliklər çoxdur. Müasir tikililərlə yanaşı, tariximizi özündə əks etdirən abidələrimiz də dövlət ­rəhbərlərimizin qayğısı ilə yenidən qurularaq əvvəlki ­görkəminə gətirilib. Kənddə yerləşən qədim Şərq hamamı muxtar respublika rəhbərinin göstərişi ilə bərpa olunub. Muxtar respublikamızda aparılan quruculuq işlərindən pay alan bu kənd tamamilə yenidən qurulub. Aparılan yaşıllaşdırma işləri, keçmişdəki palçıq hörgüləri əvəzləyən daş hasarlar, müasir işıqlandırma sistemləri insanda xoş təəssürat yaradır. Yaz-yay boyu hər tərəfi gül-çiçəklərlə, yaşıllıqlarla əhatə olunmuş yaraşıqlı məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambu­latoriyası bura xüsusi gözəllik bəxş edib.
Etiraf edək ki, qurulub-yaradılanları gördükcə bir ali həqiqəti ­bütün aydınlığı ilə dərk edirsən: 70 illik sovet dönəmində xalqımızın sərvətləri amansızcasına istismar edilir, əvəzində isə götürü­lən mənfəətdən ölkəmizin inkişafına heç bir vəsait sərf olunmur, ya da xəsisliklə cüzi vəsait ayrılırdı. Heç uzağa getməyək, doğma Azərbaycanımızın bir parçası olan qədim Naxçıvanımızı götürək. Ucqar dağ kəndlərinin, indi sərhəd yaşayış məntəqəsi olan yurd yerlərinin 30 il əvvəlki vaxtını yada salaq. O yerləri ki uzun illər gözdən­uzaq, könüldən­iraq qalmışdı. Unutqanlıq ucbatından, laqeydlik üzündən evlərin sırası seyrəlmiş, düzəni pozulmuş, şənliyi dağılmışdı. Ən adi məişət qayğıları məngənəsində əziyyət çəkən adamlar üzü şəhərə və nisbətən mədəni, mənəvi həyat ahəngi olan kəndlərə üz tutmuşdular. Boşalan belə yurd yerlərinin biçilməyən biçənəklərini, əkilməyən torpaqlarını fürsət gözləyən namərd qonşularımız gözaltı etmişdi.
Muxtar respublikada neçə-neçə ucqar dağ kəndinə son illərdəki qədər qayğı göstərilsəydi, həmin kənd­lərdə yaşayan insanların dərdləri, problemləri ilə indiki kimi maraqlanılsa idi, yolları abadlaşdırıb, məktəb, tibb məntəqəsi, mədəniyyət obyektləri tikilsə, o yerlərə su, rabitə xətti çəkilsə idi, indi o yurd yerlərimiz daha da böyüyərdi. Orda yaşayan ailələrin sayı daha çox olardı.
Nə gözəl ki keçmişlə bu günü müqayisə sevindirici, qürurvericidir. Doğma diyarımızda 1995-ci ildən başlanan intensiv inkişaf prosesi Şərur rayonunu da əhatə edib. Bu rayon davamlı qayğı və diqqət sayəsində, sakinlərin qurub-yaratmaq əzmi ilə az öncə söhbət açdığımız yaxın keçmişdə xəyala belə, gəlməyən sürətli inkişaf yolu keçib, gözəl bir məkana çevrilib.
Rayonun sosial-iqtisadi inkişafını əsas kapitala yönəldilmiş investisiyalarda, adambaşına düşən əhali gəlirlərindəki artımda da aydın müşahidə etmək olar. Şərurda sahibkar­lığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, istehsal müəssisələrinin tikintisi və yeni iş yerlərinin açılması istiqamətində də xeyli iş görülüb. Dövlət dəstəyi ilə cari ildə 10-a yaxın istehsal və emal müəssisəsi yaradılıb, 400-dən artıq iş yeri açılıb.
İlin əvvəlindən indiyədək 26 müxtəlif təyinatlı obyektin tikintisi, yaxud yenidən qurulması başa çatdırılıb, 23 obyektdə işlər davam etdirilir. Şərurun müasirləşən kənd­lərində olarkən yeni tikilən məktəb binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları sayəsində bu yurd yerlərinin simasının nə qədər dəyişdiyini sezməmək mümkün deyil.
Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin çəkilişi də muxtar respublikada insan amilinə verilən yüksək qiymətin bariz ifadəsidir.
Bu gün rayonun Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli, İbadulla-Qışlaqabbas ­avtomobil yolları yenidən qurulub, 2,1 kilometrlik Siyaqut-Kosacan avtomobil yolunda isə bu işlər artıq tamamlanmaqdadır. Şərur rayonunun bir sıra kəndlərində əvvəllər də olduğum üçün inamla deyə bilərəm ki, rayondakı bugünkü tərəqqini görmək üçün təkcə iqtisadiyyatın, abadlığın, mədəniyyətin inkişaf göstəricisi olan bu yollarla çox yox, bircə dəfə gedib-gəlmək kifayətdir.
Ənənəvi kənd təsərrüfatı rayonu olan Şərurda iqtisadiyyatın əsasını təşkil edən aqrar sahə daim diqqət mərkəzində saxlanılır. Rayonda taxılçılığın, tütünçülüyün, meyvə-­tərəvəzçiliyin, heyvandarlığın inkişafı istiqamətində qazanılan nailiyyətlər barədə burada tez-tez həmsöhbət olduğumuz halal zəhmət adamlarının dilindən eşitdikcə torpağın ən sadiq dolanışıq yeri, ruzi-bərəkət ünvanı olduğunu bir daha dərk edirsən. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən fermerlər, torpaq mülkiyyətçiləri, emal müəssisələri daha yüksək nəticələr əldə etmək üçün səylə çalışırlar. Rayon sakinləri tikinti-quruculuq, abadlıq sahəsindəki işlərdə əllərindən gələn köməkliyi əsirgəmirlər. Bir sözlə, şərurlular – bu münbit torpağın, bərəkətli yurdun övladları yenə də bolluq həvəsi ilə çalışır, muxtar respublika iqtisadiyyatının yüksəlişinə sanballı töhfələr verir, halal zəhmətləri ilə özlərinin firavan həyatlarını, xoş güzəranlarını təmin edirlər. Bu gün şərurluları yurda, torpağa ikiqat bağlayan səbəblərdən biri də sərhəd kəndlərimizin qüdrətli ordumuz tərəfindən rəşadətlə qorunmasıdır. Şərurun Günnüt kəndi və 11 min hektardan artıq ərazisinin 26 ildən sonra erməni işğalından azad edilməsi hər bir şərurluda böyük ruh yüksəkliyi yaradıb.

Bütün bunlar muxtar respublikada ümummilli lider Heydər Əliyev yolunun sədaqətlə, inamla davam etdirilməsinin bəhrələridir. Bu, görkəmli dövlət xadiminin Naxçıvanla bağlı arzu və istəklərinin ideal şəkildə gerçəkləşməsi deməkdir. Heç şübhəsiz ki, uğurlu, işıqlı sabahlara aparan yolda inamla irəliləyən şərurlular da halal zəhmətləri, torpağa bağlılıqları, dövlətçiliyə sədaqətləri ilə bu qədim yurd yerinin daha da çiçəklənməsinə bundan sonra da öz töhfələrini verəcəklər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR