Səhiyyə xidmətinə diqqət
Ötən günlərdə “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən qəzetin 25 noyabr 1992-ci il tarixli sayında dərc olunan “Səhiyyə xidmətinə diqqət” sərlövhəli müşavirə mətni ilə rastlaşdım. Həmin illəri bu gün müqayisə edərkən qazanılan uğurların miqyasını daha da aydın şəkildə dərk etdim. Yazıdakı ümidsizliyi ifadə edən fikirlərlə tanış olarkən inana bilmirsən ki, blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan bu gün belə uca zirvəyə yüksəlib. Doğrudur, həmin müşavirədə diqqətə çatdırılan çatışmazlıqlar, əsasən, muxtar respublika səhiyyəsindəki mövcud şəraitsizlik müharibənin yaratdığı problemlərlə bağlı idi. Naxçıvanın dünəni ilə bu gününü müqayisə etmək üçün əvvəlcə həmin müşavirədə ulu öndərimiz Heydər Əliyevin dediyi fikirlərə diqqət yetirək:
“May ayının 18-dən bu günədək bizim sərhədlərimizdə, xüsusilə Sədərək bölgəsində müharibə gedir. Bu müharibə gah şiddətlənir, gah da zəifləyir. Amma bunun nəticəsində muxtar respublikanın ən böyük kəndlərindən olan Sədərək kəndinin əhalisi qaçqın vəziyyətindədir. Onlar erməni hücumlarından qorunmaq üçün öz kəndlərini məcburən tərk edərək çadırlarda yaşayırlar.
Qeyd etdiyim kimi, mayın 18-dən sonra bir çox kəndlərin sakinləri qaçqın vəziyyətindədir. Onlar çadırlarda, vaqonlarda yaşayırlar. Yaşayış şəraitində ərzaqla və tibbi xidmətlə təmin olunmalarında çox çətinliklər var. Sanitariya vəziyyətinin yaxşı olmaması müxtəlif xəstəliklərin meydana gəlməsi təhlükəsi yaradır. Bütün bunlarla yanaşı, mühüm vəzifə ondan ibarətdir ki, həm çadırda yaşayan qaçqınlara, həm də sərhəd döyüşlərində yaralananlara lazımi səviyyədə tibbi yardım göstərilsin. Lakin bu işdə çox ciddi nöqsanlar vardır. Bizim səhiyyə müəssisələri bərbad vəziyyətdədir. Onlar öz işlərini lazımi səviyyədə təşkil edə bilməyiblər. Ona görə də biz təcili olaraq fövqəladə tədbirlər görməliyik. Bu da ondan ibarətdir ki, biz bütün daxili imkanlardan istifadə edib qaçqınlara və yaralılara tibbi yardımı tələb olunan səviyyəyə qaldırmalıyıq”.
Sağlamlıq cəmiyyətin sərvətidir
Muxtar respublikamızda bu sərvəti qorumaq üçün geniş imkanlar yaradılıb
Ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınan muxtar respublikamızda, demək olar ki, bütün sahələrdə vəziyyət çox ağır idi. Ermənilərin çirkin əməllərinə paralel olaraq mərkəzi hakimiyyətin də biganə münasibəti ucbatından, bir tərəfdən qədim diyarımızın işğal təhlükəsi ilə üz-üzə qalması, digər tərəfdən ərzaq qıtlığı, süfrəmizin əsas neməti olan çörəyə belə, həsrət qalmağımız, işığın, təbii qazın olmaması, bütün bunların fonunda təbiətin də bizi sınağa çəkməsi – yayın şiddətli istilər, qışın isə sərt şaxtalar ilə müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirirdi.