Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir!” – deyib canından keçən Toğrul Məmmədovun əziz xatirəsinə.
Yenə həmin gün gəldi, yenə məzarın başında səninlə danışıram şəhidim, Sənə demək istədiyim sözləri misra-misra vərəqə köçürürəm. Məhz köçürürəm, nöqtəsinə, vergülünə toxunmadan, bir sözünü dəyişmədən, əzbər bildiyim bir şeir kimi...
Dörd il bundan öncə elə ilin bu günündə – 2016-cı il iyulun 14-də Naxçıvan Beynəlxalq Hava Limanı bir daha insan seli ilə təlatümə gəldi. Sonuncu dəfə belə insan selini Aprel döyüşlərindən 10 gün sonra görmüşdüm. Yurdundan min kilometrlərlə uzaqda “Candan öncə Vətəndir!” – deyib şəhidlik zirvəsinə ucalan iki igid oğlumuzun cənazəsi gələn günü. Bu gün də həmin mənzərə var idi. Üçrəngli bayrağımızla bəzənmişdi hər tərəf. Özün də uğruna canını qurban verdiyin üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırdın. Əvvəllər öz elinə gələndə təkcə qardaşın qarşılayardı səni, indi isə bütün Naxçıvan camaatı çıxmışdı yollara. Hər kəsin, böyükdən-kiçiyə hamının gözlərində yaş olsa da, bu qürurlu gündə başımızı dik tutmağı, qəmdən sıyrılıb çıxmağı bacardıq. Şəhidlik qeyrət və hünər zirvəsidir. Hamımız bu müqəddəsliyə qovuşmağa hazırıq, – dedik. Elə buna görə də Şəhid məzarları nəsillərin əbədi ziyarətgahına çevrilir.
Dörd ildir, yoxsan artıq yaşasaydın, 12 gündən sonra 32 yaşın olacaqdı demirəm, çünki sən öz ölümünlə əbədiyyəti qazanmısan. Ölümsüzlüyün ilə bu yurdun ömrünə öz ömrünü calayanlardan biri olmusan.
Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq, bir gün son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Şəhidim, bu gün sən bütün yüksəklərdən ucada dayanan bir zirvədəsən. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır.
Bu gün Toğrulla təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Şəhidin doğması, yadı olmaz axı. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə düşmüş bir qordur. Elə bir qor ki bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə…
Üçrəngli bayrağımız ucalıqdan enməsin deyə, canından keçən, Vətən oğulu sənin və bütün şəhidlərimizin igidliyi milyonların qəlbində əbədi yaşayacaq...
Ramiyyə ƏKBƏROVA