Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikamızda tütünçülüyün inkişafına yeni vüsət verib.
Diyarımızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda bu bitkinin əkilib-becərilməsinə son illərdə ciddi önəm verilir. Bu günlərdə bölgənin tütünçülüklə məşğul olan torpaq mülkiyyətçiləri ilə görüşüb həmsöhbət olmaq qərarına gəldik. Rayonun Düdəngə kənd sakini, Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Mübariz Şirəliyevlə də söhbətimiz bu barədə oldu.
Rayonun Cəlilkəndi ərazisində icarəyə götürdüyü 2,6 hektar sahədə tütün əkdiyini bildirən zəhmətkeş deyir:
– Bu bölgənin təbii-iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Ötən əsrin 70-80-ci illərində rayonda hər il 3-3,5 min ton yüksəkkeyfiyyətli quru tütün istehsal olunurdu. İbadulla, Ərəbyengicə, Axura, Həmzəli, Aşağı və Yuxarı Yaycı kəndlərindəki ictimai təsərrüfatlarda keyfiyyətli tütün yetişdirilirdi. 3 nömrəli tütünçülük təsərrüfatı kimi ixtisaslaşmış Püsyan kəndindəki ictimai təsərrüfatda hər il 250-300 ton quru tütün tədarük olunurdu. Bu kənddə həm də mexaniki qurutma məntəqəsi tikilmişdi. Təəssüf ki, 80-ci illərin sonlarında kənd təsərrüfatında yaranmış tənəzzül tütünçülükdən də yan keçmədi. Müstəqilliyinin ilk illərində Azərbaycanda yeni iqtisadi sistemə keçidlə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatının gəlirli sahələrindən hesab olunan tütünçülüyün inkişafında müəyyən çətinliklər yaransa da, son illərdə dövlət tərəfindən aparılan davamlı və sistemli iqtisadi islahatlar bu problemləri aradan qaldırmaqdadır. Tütünçülüyün inkişafında əsas məqsədlərdən biri də bu sahəni dirçəltmək hesabına kənd əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir.
Mübariz Şirəliyev onu da diqqətimizə çatdırdı ki, rayonda tütünçülük ənənələrinin bərpası üçün qarşıya qoyulan məqsədə çatmaqdan ötrü möhkəm baza yaradılır. Dövlət bu sahə ilə məşğul olanlara hər cür köməklik göstərir. Tütünün şitilini əldə etmək də çətin deyil. Onu “Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətindən alırlar. Hazırda tütün sahəsində şitillərin dibi yumşaldılır, gübrə verilir, suvarılır.
Bu bitki haqqında ətraflı məlumat əldə etmək üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla da həmsöhbət olduq:
– Tütünün kök sistemi mil şəklində olur, yaxşı şaxələnir və çoxlu saçaqlar verir. İstiliksevən bitkidir. Torpağın tipindən və botaniki sortlardan asılı olaraq tütün əkiləcək sahələrdə şumun dərinliyi 27-30 santimetr olmalıdır. Nəzərə almaq lazımdır ki, şumun dərinliyi tütünün keyfiyyətinə və məhsuldarlığına çox təsir edir. Şum altına hektar hesabı ilə gübrələmə aparılması yaxşı nəticə verir. Şitil isə sahəyə şum qatında torpağın temperaturu 10-12 dərəcəyə çatdıqda, daha doğrusu, aprel-may aylarında köçürülür. Basdırılan şitillər sağlam, boyları 12-14 santimetr uzunluğunda olmalıdır. Əgər torpaq kifayət qədər nəm deyilsə, tarla suvarılmalıdır. Vegetasiya dövründə bitkilərin dibləri və cərgəaraları alaqlardan təmiz və yumşaq saxlanılmalıdır. Hər suvarmadan sonra torpaq mütləq yumşaldılmalıdır. Birinci becərmə şitil basdırıldıqdan 8-10 gün sonra 6-8 santimetr dərinlikdə, sonrakı becərmələr 10-15 gün fasilə ilə 10 santimetr dərinlikdə həyata keçirilir. Vegetasiya suvarmaları şırımla aparılır. Bu dövrdə yemləmə gübrələrinin verilməsi bitkilərin məhsuldarlığını xeyli yüksəldir.
Söhbətlərimizdən bir daha belə qənaətə gəldik ki, muxtar respublikada kənd təsərrüfatının bütün sahələri kimi, tütünçülüyün də inkişafına göstərilən qayğı öz bəhrələrini verməkdədir. Şərur rayonunda tütünçülüyə marağın artması da bunun ifadəsidir.
- Ramiyyə ƏKBƏROVA