Deyirlər ki, doğma el-obanın intizarı təkcə insanları göynətmir, sakinlərinin nəvazişinə, nəfəsinə həsrət qalmış ağacı, gülü-çiçəyi də qurudur. Torpaqlarımız işğala məruz qalandan, sakinlərimiz ata-baba yurdlarından didərgin düşəndən dağlarında, düzlərində bitən güllər, ağaclar insanların getdikləri səmtə boylana-boylana qalır. Onlar da doğmalarını axtarır, üzərində boy atdıqları torpağın əsl sahiblərinin nə zamansa gələcəklərini gözləyirlər...
26 ildir ki, Günnüt də doğma insanlarının səsini, isti nəfəsini soraqlayırdı, yollara dikilmişdi gözləri... Haray salırdı, düşmən tapdağında yaşamaq istəmirdi, səbri də tükənmişdi o gözəl torpağın... Sanki o da hiss edirdi artıq vədənin yetişdiyini. Həmin il lalələr elə açmışdı ki, sanki bu yazın fərqli bir yaz olacağını əvvəldən duymuşdu... Və elə də oldu. İki il bundan öncə, elə ilin bu vədəsində gözəl bir xəbərlə açıldı sabahımız. Qəhrəmanlar yurdu, qədim Naxçıvanın igid oğulları tariximizin şanlı səhifələrindən daha birinə zəfər dastanı yazdı. Həmin gün yenidən dünyaya gəldi Günnütüm. Üfüqlərində aylı-ulduzlu bayrağımız dalğalandı. İllərdir, imdad diləyən torpağına, yollarda qalan gözlərinə “can qurban”, – deyən igid oğulların sayəsində azad oldu Günnüt...
Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış evləri, o cümlədən bir çox obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü bu yurd yerimiz erməni vandalları tərəfindən xarabazarlığa çevrilib. Kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb. 2018-ci ilin may ayında isə Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərə sahibləndi, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi nəzarət altına alındı. Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edildi. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Strateji əhəmiyyətli Arpaçay su dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. 26 illik həsrətdən sonra öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar ediblər. Artıq Günnüt həsrəti ilə yatıb, Günnüt həsrəti ilə sübhü açan insanların yuxusu çin oldu. Qazanılan uğur Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıldı. 2018-ci il iyulun 3-də qələbədən bir neçə gün sonra Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndindəki Qızılqaya yüksəkliyində və müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti ilə tanış olan zaman dedi: “Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi”.
Bu gün artıq işğaldan azad edilən ərazilər əkin dövriyyəsinə qatılır. 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyatlar, qazanılan Günnüt qələbəsi nəticəsində ordumuz Sədərək istiqamətində şərab zavodunu və ətraf əraziləri də nəzarətə götürüb. Müdafiə məqsədilə süni təpəciklərin yaradılması, mühəndis-istehkam işlərinin möhkəmləndirilməsi, ərazilərin minalardan təmizlənərək etibarlı qorunması Sədərək rayonunun həmin ərazilərində lazımi təsərrüfat işlərinin görülməsinə şərait yaradıb. Sədərək istiqamətindəki şərab zavodunun ətrafındakı münbit torpaqlar bu ildən əkilməyə başlanılıb. Buradakı 73 hektar sahədə qarğıdalı əkini aparılıb. Əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları da işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub. Əraziyə yeni yol və elektrik xətləri çəkilib. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması sədərəkliləri də sevindirir, kənd təsərrüfatı ilə məşğul olanlara stimul verir. Bütün bunlar Günnüt zəfərinin nəticəsi və muxtar respublikada ərzaq, müdafiə təhlükəsizliyi təminatının göstəricisidir. İki il öncəyə kimi düşmən tapdağında olan torpaqlarımızdan indi bahar ətri gəlir. Mal-qarasını, arı yeşiklərini Günnütün cənnət torpaqlarına çıxaran insanların indi xoş sədası eşidilir bu torpaqlarda. Azərbaycan əsgəri keşik çəkir, Vətənin üçrəngli bayrağı dalğalanır o yüksəkliklərdə. İki ildir ki, bu kəndin sakinləri illərlə həsrət qaldığı torpaqları əkib-becərir, gecələri isə rahat yatırlar. Artıq orada xoş günlər yaşanır. Düşmən gülləsindən uzaq yaşayış yerləri indi gülüstana çevrilib. Buradakı obalara köç edən heyvandarlardan İntiqam Əliyev, İlham Məmmədov, arıçı Mehman Əliyev bu rahatlığın, əmin-amanlığın səbəbini dövlətimizin gücündə görürlər. Arıçılıqla məşğul olan Mehman Əliyev iki il bundan öncə Ali Məclisin Sədri ilə görüşlərini xatırlayır və onun Günnüt balı haqqında dediyi: “Vaxtilə Günnüt öz balı ilə məşhur idi. Bu gün ərazidən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafiə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıçılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazımınca istifadə etməlidirlər” sözlərini yada salır. Deyir ki, doğma kəndim işğaldan azad ediləndən sonra arı ailələrini buraya köçürmüşük. Günnütün münbit torpaqlarında bitən güllərdən, müxtəlif otların, dərman bitkilərinin çiçəklərindən toplanan bal daha keyfiyyətli və dadlıdır. Bu gün dövlətimiz yurda, torpağa bağlı olan insanlara arxa-dayaq olmaqla, torpaqlardan səmərəli istifadə edilməsi, əhalinin rahat yaşayışı və lazımi təsərrüfat işlərini yerinə yetirməsi üçün hər cür şərait yaradır. Düşməndən azad edilmiş ərazilərimiz minalardan təmizlənir, əkinəyararlı hala gətirilir. Dünyada igid əsgər övladlarımızın keşik çəkdiyi öz doğma, halal torpaqlarının yiyəsi olmaqdan, onu əzizləyə-əzizləyə əkib-becərməkdən, nazını çəkməkdən də böyük xoşbəxtlik varmı?
İlham Məmmədovun doğma yurdu ilə bağlı fikirləri isə belədir:
– Bu gün güclü ordumuzun sayəsində doğma yurdumuza yenidən qayıtmışıq. Dişgöynədən bulaqları, təmiz havası Günnütdə heyvandarlığın, arıçılığın, meyvəçiliyin inkişafına imkan verir. Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Uzun müddət Günnütün həsrətində idik. Bu ərazilərə 2 kilometr yaxınlaşa bilmirdik. Lakin bu gün 26 kilometr keçib öz torpağımızda – Günnüt kəndində təsərrüfatla məşğul oluruq. Dövlətimizə, ordumuza güvənirik. Azərbaycanla, onun qüdrətli ordusu ilə, Prezidentimizlə fəxr edirik.
Hər zaman cəbhə bölgələrindən işğalda olan torpaqlarımıza baxıb nə vaxtsa bu torpaqlardan qələbə soraqlı yazılar yazmağı arzulamışam. Bu illər ərzində ordumuzun gündən-günə necə gücləndiyini, aradan keçən zamanın torpaq həsrətimizi nə qədər alovlandırdığını izləmişəm. Və şükürlər olsun ki, 2016-cı ilin aprelindəki böyük qələbəyə və Naxçıvanımızdakı Günnüt zəfərinə şahidlik etmişəm. Həm Aprel döyüşləri, həm də Günnüt zəfəri Azərbaycan əsgərinin gücünü bir daha göstərdi. Hər kəs bu qəhrəman oğullarımızdan danışdı. Xalqımız inanır ki, bu qələbə yürüşümüz ərazi bütövlüyümüz bərpa olunana kimi davam edəcək. Və o zaman şanlı bayrağımız Azərbaycanın başı üstündə dalğalanıb “Gözün aydın, Vətən!” – deyəcək.
Ramiyyə ƏKBƏROVA