İki ildən artıqdır ki, Bakıdan Naxçıvana gələn sərnişin qatarları erməni millətçilərinin təqsiri üzündən fasilələrlə işləyir. İndi ümid qalıb Bakıdan Naxçıvana uçan “Yak-40” təyyarələrinə. Bu təyyarələr isə muxtar respublika əhalisinin tələbatını ödəmir. Axı hər gün yüzlərlə sərnişin Bakıya, yaxud suveren respublikaların ayrı-ayrı şəhərlərinə getmək və oradan vaxtında qayıtmaq istəyir. Ancaq necə? İndi bu məsələ böyük problemə çevrilmişdir. Fürsətdən istifadə edən möhtəkirlər və bəzi əliəyri aeroport işçiləri qabaqcadan bilet ala bilməyən sərnişinlərə təyyarə biletlərini 5-10 qat bahasına sırıyırlar. Onlara isə “gözün üstdə qaşın var”, – deyən yoxdur.
Deyəsən, mətləbdən uzaqlaşdıq. Bu yazıda məqsədimiz başqadır. İndi respublika əhalisi “Tu-134” və “Tu-154” təyyarələrinin Naxçıvan aeroportuna enəcəkləri günü səbirsizliklə gözləyirlər. Axı uçuş zolaqlarının tikintisi və mühəndis-texniki qurğuların quraşdırılması keçən il başa çatdırılmışdır. Görəsən səbəb nədir ki, böyüktutumlu təyyarələrin Naxçıvana uçuşu ləngidilir? Bu sualla tikintinin baş icraçısına müraciət etdik. O, belə cavab verdi:
– Düzdür, əsas işlər başa çatdırılmışdır. İndi radioqurğularda tənzimləmə işləri gedir. Bu iş də qurtarmaq üzrədir. Kerçdən, Penzadan, Novokuznetskdən və Bakı şəhərindən tikintiyə təyyarə-laboratoriya ilə birgə mütəxəssislər dəvət etmişdik. Sazlama işlərinin 80 faizini başa çatdırıblar. Keçən ilin 30 dekabrında ailələrinə baş çəkmək üçün gediblər. Yanvar ayının 10-da gəlməlidirlər. Düzünü bilmək istəyirsinizsə, birhəftəlik sazlama işləri qalır. Sağlıq olsun, yanvar ayının üçüncü ongünlüyündə Naxçıvan aeroportu böyüktutumlu təyyarələri qəbul edə biləcəkdir.
Təki baş icraçının dedikləri gerçək olsun. Axı hamının gözü yoldadır...
“Şərq qapısı”
1992-ci il
Səmadan-səmaya sürət uçuşu
Bəli, 27 il bundan öncə – yaxın keçmişimizdə hamının gözü yolda idi. Bu, həmin vaxtlar idi ki, həm müharibənin, həm də blokadanın çətinliklərinə qalib gəlməyə çalışırdıq. Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində bütün sənaye müəssisələri bağlanmış, paytaxt Bakıya gediş-gəliş olduqca çətinləşmiş, necə deyərlər, Allah ümidinə qalmışdıq. Aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdu. Belə bir vaxtda xalqımızın dahi oğlu Heydər Əliyevin naxçıvanlılarla birgə burada ağır şəraitdə yaşaması, çıraq işığında imzaladığı sərəncam və fərmanlar bu gün də həyatımızın bütün sahələrinə nur salır, yolumuzu aydınladır. Hər zaman öz xalqının yanında olan, ən çətin məqamlarda belə, Vətəni üçün əlindən gələni edən böyük şəxsiyyətin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aviasiya ilə bağlı vacib məsələ də öz həllini tapdı.