Hər dəfə şimşək çaxıb yaz yağışı yağandan sonra dağlarda, tarlalarda bitən bitkiləri görəndə öz-özümə fikirləşirəm: “Ana təbiət bu yurddan heç bir varını əsirgəməyib. Uca Yaradan bu diyarın insanlarına ruzisini özündən əvvəl verib. Bu yurda elə səxavətlə min bir naz-nemət bəxş edib ki, bunların qədrini bilib, yığıb istifadə etməklə yanaşı həm də artıb-çoxalması qayğısına qalsaq, sağlamlığımızın qeydinə qalıb süfrələrimizdən əskik etməsək, bar-bərəkətimiz də tükənməz, xəstəlik nə olduğunu da bilmərik. Lap qədim zamanlardan yurdumuzun saf torpaqlarında bitən bu bitkilər müalicə vasitəsi kimi də istifadə olunub, o pencərlərdən cürbəcür yeməklər hazırlamışıq. Dağlarımızdan, tarlalarımızdan toplanan müxtəlif növ bitkilər kənd adamının qazanc mənbəyinə, süfrələrimizin isə bəzəyinə çevrilib. Dadı ilə seçilən bitkilərin tərkibi vitamin və minerallarla zəngin olduğu üçün onlardan hazırlanan yeməklər insan sağlamlığına çox xeyirlidi.
Dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən müxtəlif qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi icra hakimiyyətləri ilə birlikdə hər həftənin şənbə və bazar günləri muxtar respublikada kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsini davam etdirir. Hər həftənin şənbə günü təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasında yaz məhsullarının bolluğu bütün şəhər sakinlərinin ürəyincədir. Ötən şənbə bazarda olarkən Kəngərli rayon sakini Süsən Əliyeva ilə yurdumuzun nemətləti haqqında həmsöhbət oluruq. Xala deyir:
– Elə ki yaz gəldi, kənd adamı gün çıxandan batana kimi dağda, tarlada iş-güclə məşğul olur. Yurdumuzun hər qarış torpağı qızıl kimidir. Yerə bir toxum əksən, min bar götürərsən. Yaradan bu torpağa elə nemətlər də bəxş edib ki, onlar insan əməyi olmadan bitir, yetişir. Dağlarımızda, çöllərimizdə bitən bitkilər min bir dərdin dərmanıdır. Onları yeyənin özü çox sağlam, ömrü isə uzun olar. Bizə qalan isə onu toplayıb süfrələrimizə gətirməkdi. Amma elə etməliyik ki, onların kökü kəsilməsin. Bitkiləri toplayanda ehtiyatla kəsmək lazımdır ki, kökü torpaqda qalsın. Bu bitkilər elin sərvətidir. Bu gün biz yığıb yeyirik, gələcəkdə nəvələrimizə, onların övladlarına da lazım olacaq axı. Kəngərli yurdunun bərəkətli torpaqlarında şomun, qazayağı, əvəlik, qırxbuğum, cacıq, quşdili, kəklikotu, cürbəcür göbələklər var. Xala onu da deyir ki, bu bitkilərdən yaxşı kətə də olur. Elələri var ki, onu əvvəlcədən qovurub kətə hazırlayırıq. Amma bir çoxunu doğrayıb, duzlayıb yaxşıca ovuruq. Sonra suyunu sıxır, kündəni açıb içinə yığaraq bişiririk. Bu içliyin bəzisinə pendir ovub qatanda kətə daha dadlı olur. Bitkiləri yaxşı tanıyanlar bilirlər ki, onun hansını necə bişirmək lazımdır.
Culfa rayon Ərəfsə kənd sakini Qasımov Malikəgdər deyir:
– Kəndimizin dağlarında bitən cacıq, qazayağı, çiriş yaz girəndən kənd adamının qazanc mənbəyinə çevrilir. Elə ki şimşək çaxıb hallalıq verdi, üz tuturuq Xəznədərəyə, orada cürbəcür dadlı, faydalı pencərlər var. Bu bitkilərdən yemək də, elə onları sübhün saf, təmiz havasında, ana təbiətin qoynunda toplamaq da sağlamlığa xeyirdi. O başdan qalxıb, dağlara gedib pencər yığa-yığa təmiz havada samovar qaynadıb dadlı-duzlu pendir, qaymaqla şirin çayın ləzzətini dünyanın heç bir məşhur restoranında tapa bilməzsiz. Səhər tezdən pencər yığmağa gedib günortadan sonra qayıdırıq. Bu gün topladığımız bitkiləri səhəri bazara çıxarırıq. Elə vaxt olur ki, müştəri gəlib qapıdan alıb aparır. Digər pencərlərə nisbətən cacığın alıcısı daha çoxdur.
Söhbətin şirin yerində müştərilərdən biri, Malikəgdər dayıdan ona da 3 kiloqram cacıq verməyini xahiş edir. Şəhər sakini Zeynəb Məmmədova ilə biz də həmsöhbət oluruq:
– Naxçıvanın torpağında bitən bitkilərdən təkcə yaz aylarında yox, ilin hər fəslində yeməklər hazırlayıram. Elə ki yaz gəldi təzə-təzə alıb günaşırı bişirirəm. Bu bitkilərin bəziləri var ki, onları qurudub saxlayıram. Cacıq, çiriş və mərəçüyüdü isə yaxşıca yuyub azca qaynatdıqdan sonra süzüb, sıxıram. Soyuduqdan sonra kiçik torbalara yığıb dondurucuda saxlayıram. İlin bütün fəsillərində onlardan müxtəlif yeməklər bişirirəm. Yemliyi, gicitkəni çiy yemək daha xeyirlidi. Yadımdadı, uşaq vaxtı kəndə gedərdik, nənəm bizə əvəlik, gicitkən, cincilim, quşəppəyi, quşdili yığdırardı. Həmişə pencər yığmağa gedəndə özü ilə mütləq duz da götürərdi. Gicitkəni yığıb, yuyub duzla yaxşıca ovar, bizə yedizdirərdi. Ondan – bəs gicitkən əllərini dalamır? – soruşanda nənəm: – Ay qızım, bunun əl dalamağı faydalıdır, – deyə cavab verərdi. O, çox vaxt gicitkənlikdə ayaqyalın gəzirdi. Deyirdi ki, bu otun müalicəvi xüsusiyyəti çoxdur. Əgər kimdə, – yel xəstəliyi, allergiya varsa, bu otdan həm yemək hazırlayıb yeməli, həm də qaynadıb suyu ilə vanna qəbul etməlidir. Bunun kimi yüzlərlə yeməli ot bitir torpağımızda. Kim ki onun faydasını bilib istifadə edir, ömrü də uzun olur. Əsas isə sağlam olur. Payızda qovurma hazırlayanda bir hissəsini ayrıca bir qazana yığıb yaza saxlayaram. Əsl evdar qadın odur ki, qovurmasından bir pay da pencər çıxana saxlaya. Pencəri ki qovurma ilə bişirmədin, daha nə ləzzəti? Sizə onu deyim ki, nənəmin 97 yaşı var, hələ indiyə kimi konservləşdirilmiş heç nəyi süfrəyə qoymayıb. Onun ən dadlı yeməyi pencərlərdi. Bunları da nənəm üçün alıram.
Dünyada geni dəyişdirilmiş kənd təsərrüfatı məhsullarının geniş yayıldığı bir dövrdə Naxçıvanda, əksinə, hər məhsul təbii şəkildə istehsal olunur. İnsan orqanizmi nə qədər güclü qidalarla zənginləşdirilərsə, xəstəliklərə tutulması da bir o qədər gec olar. Buranın torpağının hər bucağında vitaminlərlə zəngin bitkilər göyərir. Bunların hər biri isə bir çox xəstəliyə qarşı insanı qoruyur. Elə doğma diyarımızın paytaxtında muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin icra hakimiyyətləri ilə birgə keçirdikləri növbəti kənd təsərrüfatı məhsulları yarmarkası da ekoloji cəhətdən təmiz, orqanizm üçün faydalı, üstəlik də qiymətləri çox münasib olan belə yerli məhsulların bolluğu və çeşidliliyi ilə seçilirdi.
Ramiyyə ƏKBƏROVA