Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatı ödəməklə yanaşı, həmin məhsulların ixracına da şərait yaradıb. Bununla belə görülən kompleks tədbirlər çərçivəsində Naxçıvanda yeni meyvə bağları salınıb, məhsul istehsalı artırılıb. Dövlət proqramının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib.
Bu tədbirlər muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ildə daha geniş vüsət alıb. Elə bunun ifadəsidir ki, bütün bölgələrimizdə bu sahəyə diqqət yetərincədir. Şərur rayonunun Oğlanqala kənd sakini, ailə təsərrüfatı başçısı Urman Seyidov uzun illərdir ki, Mahmudkənddə tingçilik təsərrüfatı yaradıb. O, icarəyə götürdüyü 1,5 hektarlıq sahədə müxtəlif növ meyvə tingləri yetişdirir. Təsərrüfatda tinglərə mövsümə uyğun olaraq qulluq göstərilir, yeni tinglər yetişdirilir. Ailə təsərrüfatı başçısı bildirir ki, tingçilik çətin olsa da, o, bu işi çox sevir. Hansısa bir meyvənin çəyirdəyini torpağa əkib aylarla, bəzən isə illərlə ona qulluq edirsən ki, yaxşı bir ting yetişdirə biləsən. Onun qayğısına qalırsan ki, gələcəkdə köçürüldüyü ərazidə yaxşı kök ata bilsin. Kiçik fidanlar çox kövrək olur. Payızın sonunda calaq vurulması, tinglərin əkilməsi və qulluq qaydaları haqqında danışan təsərrüfatçı bildirir ki, tingçilikdə əsas amillərdən biri də calaq işidir:
– Calaq vurmaq ustalıq tələb edir. Yay mövsümündə meyvəsi bəyənilən ağaclara nişanələr qoyulur. Calaq vaxtı həmin ağacların birillik zoğundan göz kimi istifadə olunur. Sentyabrın 20-dən sonra vurulan calaqların sarğısı mart ayında açılır. Calanmış gözlərin yazda – oyanmazdan əvvəl hər toxmacarın gözdən yuxarı hissəsi kəsilib atılır. Calaq iki ilə başa gəlir. Diyarımızda elə ağaclar var ki, onların tingləri alınıb ölkəmizin digər rayonlarında əkilir. Ancaq məhsuldarlıq Naxçıvandakı qədər olmur. Onların meyvəsi başqa yerlərdə cırlaşır. Məsələn, elə götürək göycəni. Bu ağac ölkəmizin müxtəlif yerlərində də əkilib-becərilir, amma onların meyvəsi Naxçıvan torpağında bitən göycənin yerini vermir. Zəfəran hulusu başqa rayonlarda da yetişdirilir, lakin buradakı ətri vermir. Hər torpağın özünəməxsus meyvə-tərəvəzləri var, elə ona görə də mən ting mövsümündə bağ salmaq istəyənlərə deyərdim ki, başqa yerlərdən gətirilən tinglərdən yox, öz iqlim şəraitimizə uyğun yetişdirilənlərdən alıb əksinlər. Onda daha az zəhmət müqabilində daha yaxşı məhsuldarlıq əldə edə bilərlər.
Müsahibim deyir ki, ağac var meyvəsinin çəyirdəyi, ağac var calaq yolu, ağac da var ki, çubuqları ilə artırılır. Bir sözlə, torpaqla yanaşı, gərək həm də ağacların dilini biləsən ki, zəhmətinin qarşılığını da alasan.
Təsərrüfatçı onu da əlavə edir ki, ting satışında canlanma payızın sonu və qış fəslində müşahidə olunur. Bu dövr əkin üçün əlverişli zaman sayılır. Noyabr ayından etibarən ting əkinləri başlanılmalıdır. Məhz bu vaxt əkilən ting yaxşı tutur, tez inkişaf edir və bol məhsul verir. Belə ki, payızda əkilən ting tutmayıbsa, fevral ayında onların yerinə yenilərini əkmək olar. Mart-aprel ayında əkilən tinglər isə ya quruyur, ya da yaxşı inkişaf etmir. Payızda əkilən meyvə ağaclarının yazda köçürülənlərdən bir üstünlüyü də var. O da qulluqla bağlıdır. Yazda əkilən meyvə ağacları payızdakı əkindən köçürülmə olduğundan kök sistemi zədələnir və bərpa prosesi müəyyən vaxt tələb edir.
Müsahibim onu da deyir ki, istər payızda, istərsə də yazda ting əkini zamanı havanın temperaturuna diqqət etmək lazımdır. Torpağın quruluğu və nəmliyi də önəmlidir. Orta nəmlik daha sərfəlidir.
Urman deyir ki, dekorativ ağac tinglərini meyvə ağaclarından fərqli olaraq ilin bütün fəsillərində əkmək mümkündür. Lakin mütəxəssislər belə ağacların toxumlarını da payızda əkməyi məsləhət görürlər. Çünki dekorativ ağaclar da toxumdan əmələ gəlir. Yalnız bir ildən sonra onların tingini əkmək düzgün olduğuna görə bu proses payızda aparılır. Torpaqdan çıxarılaraq əkilən tinglərdən fərqli olaraq dibçəkdəkiləri ilin bütün fəsillərində əkmək olar. Əkilən ağacların suvarılmasına diqqət etmək lazımdır. Dekorativ ağacları şaxta düşənə kimi suvarmaq olar. Yeni calaq vurulan meyvə ağaclarının suvarılması işi vacib deyil. Ağac calandıqdan bir gün sonra suvarılır, daha sonra həmin ağacın suvarılmasına bir də yaz aylarında başlanılır. Alma, armud, gilas, heyva ağaclarına sentyabr ayının axırında calaq vurulur.
Müsahibim deyir ki, ötən ay keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak edib. Oraya nalbənd tingləri gətirən zəhmət adamı tinglərin hamısını satdığını və torpaq adamlarının bir neçəsindən yeni bağlar salmaq üçün ting sifarişi aldığını bildirir. O, xüsusi olaraq vurğulayır ki, bu cür tədbirlərin təşkili bizim kimi zəhmət adamlarına göstərilən qayğıdan xəbər verir.
Bu gün burada gördüklərimdən belə qənaətə gəldim ki, muxtar respublikada meyvəçiliyin inkişafı ilə bağlı qəbul edilmiş adıçəkilən sərəncamdan irəli gələn vəzifələr uğurla yerinə yetirilir, daxili bazarda yerli meyvə məhsullarının xüsusi çəkisi artır.
Ramiyyə ƏKBƏROVA