22 Dekabr 2024, Bazar

  Əhalinin torpağa bağlılığını artırmaq, iqtisadiyyatımızın əsasını təşkil edən kənd təsərrüfatını inkişaf etdirmək üçün həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da öz bəhrəsini verməkdədir. Bunu Sədərək rayonunun timsalında da görmək mümkündür. Belə ki, son illər görülən müntəzəm işlər nəticəsində rayonda əkinçiliyə maraq xeyli artıb, kənd təsərrüfatının inkişafında yüksəlişə nail olunub. Təqdirəlayiq hallardan biri isə digər bölgələrimiz kimi, bu rayonda da taxılçılığın aparıcı sahəyə çevrilməsidir. Bu mühüm strateji ərzaq məhsulunun istehsalına maraq ilbəil artır. Bunun başlıca səbəblərindən biri Sədərəkdə un dəyirmanının tikilib istifadəyə verilməsidir. Hazırda burada  müasirtipli un dəyirmanı fəaliyyət göstərir. Odur ki, rayon sakinləri da yetişdirdikləri buğdanı una çevirmək üçün heç bir çətinlik çəkmirlər. 2017-ci il  noyabrın 28-də “Sədərək” Taxıl Məhsulları Emalı müəssisəsi əsaslı yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilib. 

Burada rayon sakini, əmək ordenli Fuad Qədimovla həmsöhbət oluduğumuzda o bildirir ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, atılan addımlar hamımızı sevindirir. Sahibkarlıq fəaliyyətinə belə geniş meydan verilməsi də bu tədbirlərin bir qoludur. Artıq diyarımızda özəl bölmənin və sahibkarlığın inkişafı, orta təbəqənin formalaşması iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilib.   Gündəlik istehsal gücü 10 ton olan müəssisə emal bölməsindən, 2 anbardan və 3 iş otağından ibarətdir. Müəssisədə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Hazırda burada birinci və ikinci növ un, o cümlədən kəpək istehsal olunur. Müəssisənin xidmətindən Şərur rayonunun yaxın kəndlərinin taxıl istehsalçıları da istifadə edə bilirlər. Sonra istehsal prosesi ilə tanış olduq: buğda əvvəlcə beton çəlləyə tökülür, buğdaələyən maşına ötürülür. Burada taxıl təmizlənir və məhsul yuyulmaq üçün digər makinaya ötürülür. Həmin makina buğdanı yuyur və qurudur. Yuyulmuş buğda 1-2 saat dincə qoyulur. Sonrakı prosesdə buğdanın üst hissəsi, yəni qabığı soyulur və oradan əsas aparata, döyən avadanlığa ötürülür. Buğda döyülüb un halına salınandan sonra ələyə keçir. Ələk vasitəsilə məhsul birinci növ una, eləcə də kəpəyə ayrılır, kisələrə doldurulur, elektron tərəzidə çəkilir və həmin kisələrin ağzı tikilərək sifarişçiyə verilir. Dəyirmandakı proseslər kompüter vasitəsilə idarə olunur.

Sədərək kənd sakini Səfər Hüseynov söhbətimizə qoşulur:                                             

– Keçmişdə dəyirmanda un üyütmək növbə ilə olurdu. Payız vaxtı dən daha çox üyüdülürdü. Çünki, təsərrüfat mövsümü bitdikdən sonra hər bir ailə qışa tədarük üçün müəyyən miqdarda buğda gətirirdi. Buna “qışlıq” deyirdilər. “Qışlıq” üyüdülməsinin əsas səbəbi bəzən qış aylarında dağ çayının donması ilə əlaqədar dəyirmanların işləməməsi, digər səbəb isə qışda gediş-gəlişin çətinləşməsi idi. Ona görə də adamlar dəyirmanda bəzən bir və ya bir neçə gecə qalmalı olurdular. Dəyirmanda müxtəlif taxıl növü – buğda, arpa, darı, qarğıdalı üyüdülürdü. Keçmişdə dəyirmanlar ya ayrı-ayrı şəxslərə, ya da bir nəslə mənsub olurdu. Hər iki halda dəyirmançı həmişə dəyirmanda omalı, onun işləməsinə, növbənin gözlənilməsinə nəzarət etməli idi. Dəyirmançı üyüdülmək üçün gətirilmiş taxılın təmiz və quru olmasına da nəzarət edərdi. Üyüdülmüş taxılın növündən asılı olaraq dəyirmançı onu üyüdərək “şahad” adlanan haqq alırdı. “Şahad” adətən taxıl formasında alınardı. Müxtəlif yerlərdə “şahad” 10/1 ilə 15/1 hissəsi arasında idi. Bəzi hallarda dəyirman haqqı pulla ödənilirdi.                      

Taxılın dəyirmanlarda üyüdülməsi ilə bağlı maraqlı adətlərimiz olub. Dəyirmanlar xalq arasında müqəddəs yerlərdən sayılıb. Dəyirman xeyir-bərəkət rəzmi, ümid, pənah qapısı, halallıq, düzlük, təmizlik evi hesab olunub həmişə. Dəyirmana haram məhsul gətirmək günah sayılıb. Ata-babalarımız inanıblar ki, üyüdüləcək buğda, arpa, qarğıdalı oğurluq olsa məhsulun bərəkəti qaçacaq. Çünki dəyirman haram götürmür.  Dəyirmanın suyunu kəsmək, onu çirkləndirmək günah sayılırdı. El adətinə görə, dəyirmana un üyütməyə ayağı sayalı, əli bərəkətli şəxs gedərdi. Dəyirmanda un üyüdəndə deyərdilər: “Çörəyiniz bol, ruzili olsun”.  Dəyirmandan gələnlərin, unu üyüdüb gətirən adamların ailədə xüsusi hörməti olar, ehtiramla qarşılanardı. Çuvalın ağzı ilk açılanda unu üç dəfə götürüb qaytarıb yerinə boşaltaraq deyərdilər: “Bərəkəti içində qalsın”. Unu bundan sonra işlədərdilər. Bütün bunlara görə dəyirmançının da el-oba arasında qədir-qiyməti, hörməti izzəti olub həmişə.

 Müsahibim xalq arasında dəyirmanla bağlı bir sıra hikmətli deyimlərdən də söhbət açıb onlardan bir neçəsin  sadalayır: “Adamı qeyrət işlədər, dəyirmanı-su”, “Haqq dəyirmanda olar”, “Dəyirmanda buğda qurutmazlar”, “Dəyirmanın yaraşığı torba çuvaldır”, “Dəyirmanın səsindən qaçan dən üyütməz”, “Hərə öz bildiyini deyər, dəyirman isə döydüyünü”, “Dəyirman öz işindədir, çax-çax baş ağrıdır”.

Dəyirmanda olarkən bir neçə taxılçı ilə də söhbət etdik. Onlar müəssisənin fəaliyyətindən, xidmətin səviyyəsindən razılıqlarını bildirdilər.  Sədərək kənd sakini Nurəddin Əliyev dedi:  – Torpaq payı alandan ona yaxın durmamışdım. Elə ki rayonumuzda müasirtipli un dəyirmanları fəaliyyətə başladı, mən də torpağa üz tutdum. İndi hər il tonlarla buğda yetişdirirəm. Həm ailəmizin illik ruzisini əldə edir, həm də istehsal etdiyim məhsulu satışa çıxarıram. Dəyirmanın faydası bir də ondadır ki, mal-heyvanımın kəpəyi üçün də il boyu pul xərcləmir, buğda üyüdülməsi yolu ilə əldə edirəm.

Onu da qeyd edək ki, martın 11-də “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsində müasir qurğularla təchiz edilən və günün tələbləri səviyyəsində qurulan “Lavaş” sexi istifadəyə verilib. Gündəlik 20 kisə unun lavaşını istehsal etmək gücünə malik sexdə, işçilər üçün hərtərəfli əmək şəraiti yaradılıb, bütün zəruri texniki avadanlıqlar quraşdırılıb. Yenicə bişmiş lavaşın ətri insana “gəl-gəl” deyir.

Nənələrimizin duvaqda yayıb, sacla bişirdikləri lavaş bu gün burda müasir metodlarla hazırlanır. Böyük bir otaqdan ibarət sexin  başında olan təndir qədimdəki kimi  çır-çırpı ilə deyil, təbii qazla qızdırılır.

Burada çalışan qadınlarla həmsöhbət oluruq. Lətifə xala qədim və müasir çörəkbişirmə adətlərindən danışır:

– Çörəyin  qədim milli mətbəximizə aid müxtəlif növləri var: lavaş, fətir, yuxa... Un, su və duzdan hazırladığımız bu çörək növü isə Azərbaycanda “Naxçıvan lavaşı” kimi adla deyilir. Bu çörək başqa bölgələrdən keyfiyyət və dadına görə seçilir.  Sədərək rayonu daha çox dəstənası ilə tanınır. Amma lavaşın süfrədə xüsusi yeri var. Bozbaş, bastırma, lülə kabab kimi elə milli yeməklərimiz var ki, onlar lavaşla yeyiləndə daha dadlı,  ləzzətli olur.

Əvvəllər hamı həyətində təndirdə lavaş yapardı. Yayda işimiz asan olsa da,  qışda hər  gün çörək bişirə bilməzdik. Qış çox soyuq. Şaxtalı keçdiyinə görə 3-4 kisə unun lavaşını əvvəlcədən bişirib çörək yeşiklərində qışa saxlayırdıq. İndi, şükür, hər çür şəraitimiz var. İstədiyimiz vaxt həyətdə təndir qalayıb lavaş, kətə, şirin qalın yapırıq. Havalar soyuyanda, ya da ki, xeyirdə-şərdə öz kəndimizdə olan sexlərdən lavaş alıb süfrələrimizə qoyuruq. Xala onu da bildirir  ki, lavaş bişirməyi nənəsindən, o da öz nənəsindən öyrənib. Yaxşı lavaşın dadına baxan kimi bilinir ki, mayasız hazırlanıb. Nənəmdən necə öyrənmişəmsə, burada da elə bişiririk. Xəmirə maya  və əlavə qabardıcılar vurmuruq. Un, duz, su və el arasında “acıtma” dediyimiz xəmirlə, özü də əlimizdə yox, maşında yoğururuq. Yaxşı və heç bir qatqısız bişirilən lavaş  sulandıqdan sonra 3-4 gün öz keyfiyyətini qoruyub saxlayır. Sulanmamış, xəmrə ilə bişən  lavaşı 4-5 ay saxlamaq mümkündür.

Müsahibim onu da vurğulayır ki, 50 kiloluq undan yarım saata əl dəymədən xəmir hazırlayırıq. Unu da başqa yerdən gətirmirik, elə öz torpaqlarımızda əkib hasilə gətirdiyimiz, öz dəyirmanımızda üyüdüyülən buğdanın unudu. Bu undan bişən lavaş kövrək və dadlı olur. Xəmir bir saat “dincəldikdən” sonra, sexdəki xanımlar həmin xəmiri hissələrə ayırırlar. Xəmir bir azda belə “dincəlir”, yəni acıyır. Sonra bir nəfər həmin xəmiri balaca kündələrə ayırır, diğəri isə  unlayıb yığır.

 – Daha sonra kündələr  vərdənə maşınından keçirilir. Maşın bir-birinə yaxın yerləşdirilmiş iki fırlanan qurğudan ibarətdir. Qurğular daim fırlanır və arasından keçən xəmiri yayır. Bu  proses “vərdənə” adlanır, – deyən digər müsahibim Röya xanım bildirir ki, kündəni əlimizlə dartıb iki dəfə vərdənə edirik. Ölçüsü nisbətən böyüdükdən sonra unlanır, xəmir təkrar vərdənə edilir. Bu dəfə daha böyük ölçüdə. Bir lavaşın hazırlanmasına 4-5 dəqiqə vaxt sərf olunur. Lavaş nazik olsun deyə kündələr balaca tutulur. Elə bizim lavaşın özəlliyi də bundadır. Başqa rayonlarda lavaş daha qalın açılır. Daha sonra lavaşı üstü parçayla örtülü taxtanın üstünə səririk.                                                

Röya xanım onu da bildirir ki, bu əşyaya  rəfətə deyirlər. İki qadın əliylə xəmiri rəfətənin ölçüsünə salır və taxtanı tərs çevirməklə yayılmış xəmiri təndirə qoyur. Rəfətənin altında tutmaq üçün yeri var. Oradan tutub taxtanı çevirmək lazımdır. Müasir üsulla hazırlanmış təndirdə sac əvəzi böyük dairəvi dəmir var. Xəmir onun üstündə fırladılmaqla bişirilir. Tam dövrə vurub əvvəlki yerinə çatanda lavaş çevrilir və o yenidən dövrə vurub qayıtdıqdan sonra artıq hazır olur. Bişmiş lavaşları götürməklə məşğul olan Lətifə xanın deyir ki, bir anlıq gecikmə olsa, lavaş fırlanan sacın üstündə təkrar sobaya girə və külə dönə bilər. 

 Beləcə öyrəndik ki, müasir qaydalarla lavaş hazırlamaq çox asan və maraqlıdır.

Onlar əllərindəki xəmirdən  balaca kündələr düzəldib, vərdənə edib, rəfətədə yayıb, təndirdə bişirməkdə olsunlar biz isə çörək bərəkətdir, bərəkətimiz bol olsun deyib, – işimizi yekunlaşdırıb oradan  ayrılırıq.

Bəli, torpaq islahatı kəndə və kəndliyə sahibkarlıq hissi aşılayıb. İndi kənd adamının bu torpaqda becərdiyi məhsullar arasında taxıla böyük maraq göstərilməsi də təbiidir. Çünki bu vacib sahəyə dövlət dəstəyi yetərincədir. Elə bunun nəticəsidir ki, muxtar respublikamızın hər yerində un dəyirmanları tikilib, çörək sexləri açılıb. Burada üyüdülən buğdanın unundan bişirilən çörəklər süfrələrimizin bəzəyinə çevrilib.

 Ramiyyə  ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR