22 Dekabr 2024, Bazar

 Tarix bir çox xalqlar arasında müharibələrə şahidlik edib. Bu müharibələr yüz minlərlə insanın həyatına son qoyub. Vətəni, torpağı üçün canından keçənlər isə tarixboyu minnətdarlıq hissi ilə anılıblar. Onlar öz əməlləri ilə şəhid adına layiq görülüblər. Ölümsüzlüyə qovuşublar. 1990-cı ilin yanvarında da əsirlər boyu məğrurluq, əyilməzlik simvolu sayılan Naxçıvan torpağı xain qonşularımızın hüçumuna məruz qaldı.   

 Naxçıvana gələn faciə Bakıyla bir addımlayırdı. Birinci hücum yanvarın 18-də Sədərəyə oldu. Xalq elliliklə Vətən torpağının müdafiəsinə qalxdı. Sədərəyin müdafiəsində  Şərur və Sədərək camaatı ilə yanaşı, Naxçıvanın  digər bölgələrindən gələn mərd Vətən övladları da var idi. Vətən oğullarının sırasına Naxçıvan şəhərinin Əliabad qəsəbə sakini Abbasəli Nəzərəliyev də qoşulmuşdu.

 Abbasəli Nəzərəliyev 1962-ci ilin 25 noyabrında Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dünyaya göz açmışdı. Yenicə ailə qurmuşdu. Körpə balası hələ 6 aylıq idi. Sədərəyə hücum olunan ilk dəqiqələrdən o, Vətənin, elin müdafiəsinə qalxan oğullarla birlikdə səngərdə döyüşürdü. Elə o döyüşlərdə Azərbaycanın ilk şəhidlərindən  biri oldu. Ölümü ilə ölümsüzlüyə qovuşdu.

Səngərdə mərd oğullarımızla çiyin-çiyinə bir əlində silah, bir əlində yaralanan igidlərə  yardım etmək üçün tibbi ləvazimat daşıyan tibb bacısı  Nəzifə Qaybəliyeva həmin dəqiqələri göz yaşlarıyla və çox böyük qürurla xatırlayır:

– Yanvarın 18-də Şərur qərargahına gələn xəbər hamını həyəcanlandırdı.  Avtomat və beşaçılanlarla silahlanmış bir qrup erməni dəmiryol, Koroğlu bulağı və Şərab zavodu istiqamətindən Sədərəyə hüçüm etməyə başlamışdı. 10 saat davam edən ölüm-dirim mübarizəsində müdafiəçilərin bir amalı var idi: Sədərək qorunmalıdır. Ermənilər Sədərəyə ancaq bizim meyidimizin üzərindən keçib gedə bilərlər.  10-15 polis işçisi və döyüş təcrübəsi çox az olan könüllünün ancaq ov silahı ilə dünyanın müasir silahlarına sahib yüzlərlə hərbçinin hücumunu dəf etməsi möcüzəyə bənzəyirdi. Səngərdə bir igid şəhid olurdusa, beş igid onun silahını götürüb, Vətəni müdafiə etməyə tələsirdi.  

Yanvarın 19-u səhərə yaxın atəş səsləri bir az azalmağa başlayanda komandanlıq səngərdəki könüllülərin yerini başqalarıyla əvəz edib, ordakıların istirahətə yollanmasına əmr verdi. Həmin gün 10 saatlıq şiddətli döyüşlərdən sonra Abbasəli və digər könüllüləri  evlərinə yola saldıq ki, gedib bir az dincəlsinlər. Aradan heç 4 saat keçməmiş Sədərəyə yenidən və daha şiddətli hücum oldu. Kənd və Şərur rayon mərkəzi bu dəfə raket, top və digər ağır silahlardan atəşə tutuldu.

         Yenidən hücum xəbərini eşidərək geri qayıdan Abbasəliyə:  – Ay oğul, niyə qayıtdın?  Dincəlməyə göndərilmişdik  axı səni...  –   dedim.

– Biz   bu səngərdə döyüşməsək, kim qoruyacaq eli, obanı? – deyə sualıma sualla cavab verdi, silahı əlinə  alıb, səngərə yollandı. Bu, onunla son görüşüm oldu.

Şərab zavodu və Koroğlu bulağı istiqamətində köhnə qəbiristanlıqda gedən döyüşdə  Abbasəli sinəsindən ağır yaralanır. Gecə yarını keçmişdi. Düşmənin susmayan silahları yaralıları götürməyimizə imkan vermirdi. Qarın üzərində sürünə-sürünə bir təhər özümüzü yaralılara çatdırdıq. Abbasəliyə əlimizdən gələn yardımı göstərib, Şərur Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsaq da, artıq o, gözlərini əbədi olaraq yummuşdu.

Abbasəlinin qızı Şövkət, həyat yoldaşı Mədinə xanım bu gün də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaşayırlar. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Əliabad qəsəbəsindəki 16 saylı tam orta məktəbə Abbasəli Nəzərəliyevin adı verilib. Qızı Şövkət hal-hazırda həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. Şövkət müəllimə Vətən, torpaq uğrunda şəhid olan bir atanın övladı olduğu üçün qürur duyur. Atasının adını daşıyan bu təhsil ocağında şəhidlərimizin əziz xatirəsi hər zaman yad olunur, gələcək nəslin daha vətənpərvər ruhda böyüməsi üçün tədbirlər keçirilir, – deyir.

1996-cı ildə Abbasəlinin öz əlləri ilə bünövrəsini qoyduğu, lakin yarımçıq qalan evi dövlət qayğısı ilə tikilərək, ailəsinə təhvil verilib. Mədinə xanım  ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirir.

         ... Muxtar respublikamızda yeni ziyarətgahlar yaradılıb. Bu ziyarətgahlar şəhidlərimizi qoynuna alıb. O şəhidlərimizi ki, onların qanı torpaqlarımız uğrunda tökülüb. Bu torpaqlar hamımız üçün müqəddəsdir. Bu müqəddəsliyi qorumaqla hər birimiz şəhidlərimizi ürəyimizdə yaşadırıq. 

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR