Əbədiyyətə qovuşduğu vaxtdan qırx gün keçən, Şərur rayon Çomaxtur kəndindən Hadruta qədər uzanan şərəfli yolun qəhrəmanı Zülal Mədətlinin əziz xatirəsinə...
Günlərdir, ancaq fotolarda görürəm köksündə gəzdirdiyin üçrəngli bayraqla, güllərlə bəzənən məzarını. İnana bilmirəm sənin bir ovuc torpağa sığdığına. Axı sən bu boyda dünyaya sığmırdın, hamımızdan seçilirdin. Yaşda balaca olmağına baxmayaraq, bütün uşaqlardan çevik idin. Kimin isə haqqı tapdananda özündən böyük uşaqların belə, üstünə atılmaqdan çəkinmirdin, qorxmurdun heç nədən. Sıranı həmişə pozurdun, qabağa keçirdin. Elə indi də keçdin, hamıdan öndə sinəni sipər etdin Vətənə. Yadındamı? Hələ Türkiyədə yaşadığın vaxtlar deyirdin qayıdan kimi orduya yazılacam. Bəsdir, daha burada qaldım, bir az da gəlim Naxçıvanın dağının-daşının ətrini alım. Qayıdan kimi də dediyini etdin. Geyindin o çox sevdiyin formanı. Nə tez-tez baxırdın özünə güzgüdə? Haqlı idin öyünməkdə! İgid, cəsur görkəminə yamanca yaraşırdı hərbi forman. Bir arzun da var idi: “Gedib o qansızların nəfəsini kəsim, ya qalib, ya qazi, ya da ki, şəhid olum. Təki bu dərd bitsin. Axı biz bitirməsək, gərək bizim balalarımız bitirə. Onlara qalmasın, bizim nəsil alsın haqqını, gələcək nəsillərə qalmasın. Mən döyüşməsəm, biz döyüşməsək, canımızı verib bu münaqişəni bitirməsək, gərək bizim balalarımız bitirə”.