22 Dekabr 2024, Bazar

Əbədiyyətə qovuşduğu vaxtdan qırx gün keçən, Şərur rayon Çomaxtur kəndindən Hadruta qədər uzanan şərəfli yolun qəhrəmanı Zülal Mədətlinin əziz xatirəsinə...

Günlərdir, ancaq fotolarda görürəm köksündə gəzdirdiyin üçrəngli bayraqla, güllərlə bəzənən məzarını. İnana bilmirəm sənin bir ovuc torpağa sığdığına. Axı sən bu boyda dünyaya sığmırdın, hamımızdan seçilirdin. Yaşda balaca olmağına baxmayaraq, bütün uşaqlardan çevik idin. Kimin isə haqqı tapdananda özündən böyük uşaqların belə, üstünə atılmaqdan çəkinmirdin, qorxmurdun heç nədən. Sıranı həmişə pozurdun, qabağa keçirdin. Elə indi də keçdin, hamıdan öndə sinəni sipər etdin Vətənə. Yadındamı? Hələ Türkiyədə yaşadığın vaxtlar deyirdin qayıdan kimi orduya yazılacam. Bəsdir, daha burada qaldım, bir az da gəlim Naxçıvanın dağının-daşının ətrini alım. Qayıdan kimi də dediyini etdin. Geyindin o çox sevdiyin formanı. Nə tez-tez baxırdın özünə güzgüdə? Haqlı idin öyünməkdə! İgid, cəsur görkəminə yamanca yaraşırdı hərbi forman. Bir arzun da var idi: “Gedib o qansızların nəfəsini kəsim, ya qalib, ya qazi, ya da ki, şəhid olum. Təki bu dərd bitsin. Axı biz bitirməsək, gərək bizim balalarımız bitirə. Onlara qalmasın, bizim nəsil alsın haqqını, gələcək nəsillərə qalmasın. Mən döyüşməsəm, biz döyüşməsək, canımızı verib bu münaqişəni bitirməsək, gərək bizim balalarımız bitirə”.

Qıymırdın o dördyaşlı körpənə. Deyirdin qoy oğlum, oğullarımız yaşasın, onlar məğlub olan bir millətin yox, müzəffər bir xalqın övladları olsunlar. Rəhim neçə gündür, papağını götürüb başına qoyub deyir: “Atam kimi olacağam”. O, sevdiyin hərbi formadan da aldırıb geyinib, başına da xüsusitəyinatlı papağını qoyub məzarına gəlib sənə əsgər salamı verir. Dəniz deyir ki, atam qəhrəmandır. O, Mübariz kimi qəhrəman oldu. Evimizə bayraq gətirdilər, qapımızdan da asıblar. Mən bilirəm, ancaq qəhrəmanların evinə bayraq asırlar.
Aqil şəhid olan günü gəlib özün çiynində yola saldın onu son mənzilə, məzara da özün qoydun. “Gedib qisasını alacağam, qonşuma qıyan erməninin yüzünü onun yolunda qurban edəcəyəm”, – dedin. Getdin aldın Aqillərin qisasını! Hadrutdan, Cəbrayıldan qayıdan yoldaşların səndən danışır. Sən nə qədər Vətən sevgisi saxlayırmışsan ürəyində?! Sən düşmənə necə bir nifrət bəsləyirmişsən qəlbində?! Son dəfə Qarabağa gedən günü sağollaşanda “Gedirəm, nəfəsini kəsəcəyik o erməninin görərsən, alacağıq Şuşanı. Müjdəni də özüm verəcəm sənə, dayıqızı, görüm onda məndən nə yazacaqsan”, – dedin.
Sənin kimi oğulların şəhidliyi bir od oldu düşdü hamımızın ürəyinə. Əzizlərini itirənlərin ocağına düşən bu od birləşib böyük bir məşələ döndü. İşıq saldı igidlərin yoluna, yandırdı düşmənimizi, külünü göylərə sovurdu, məhv etdi onları, azad edildi torpağımız. Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə sönən çırağımızı yenidən alovlandırdı. Bax Şuşada, Hadrutda, daha neçə-neçə işğaldan azad edilən torpaqlarda yanan işıqlara. Onları sənin kimi igidlər öz canları bahasına yandırdı. Bir daha sönməyəcək o çıraqlar! Onlar yanıb işıq saldıqca ətrafına, sən də, sənin kimi bütün igid oğullar da yaşayacaq.
Bu gün təkcə mən yox, bütün Azərbaycan sənin kimi oğulların igidliyindən yazır, danışır, bitmir sizin qəhrəmanlığınız. Çünki elə bir qəhrəmanlıq dastanı yazdınız ki, tarixə onu yazmaqla, danışmaqla bitməz, bitməyəcək. Sizin igidliyinizə, şanınıza yaraşan sözlər də, bu Vətənin ər oğulları da.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR