Ürəyində Vətən sevgisi, köksündə üçrəngli, ay-ulduzlu bayraq, çiynində silah daşıyıb qarlı aşırımları, keçilməz dağları aşan igid Azərbaycan əsgəri, illərdir, arzusunda olduğumuz o günü – şanlı Qələbə Gününü xalqımıza yaşatdı. Bu yolda zəfər yürüşündə kimi canından, kimisi gözünün nurundan, kimisi əlindən-ayağından keçdi. Sağlamlığını itirənlər qazi – Oğuz igidi oldular. Onlar bizim canlı əfsanələrimizdir. Döyüşə atılanda öz şirin canlarını belə, düşünmədilər. Yaralı vəziyyətdə belə, döyüşdülər. Onların igidliyi xalqımızın illərdir, qanayan yarasına məlhəm oldu.
“Qəhrəmanlar diyarı ulu Naxçıvanımızın adını uca tutmağa var gücümüzlə çalışdıq. Atalarımızdan qalan mirası, əmanəti canımızla qoruduq. Naxçıvanskilərin, Kəngərlilərin soyunun davamçıları, məğlubedilməz bir xalqın nümayəndəsi olduğumuzu sübut etdik”.
Bu sözlər həmsöhbət olduğum qazi, Vətən müharibəsinin igidlərindən biri, Əlahiddə Ümumqoşun Ordunun mayoru, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Təbriz Zeynalova da aiddir. O, qədim yurdumuzun Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. Deyir, uşaq vaxtı çox zirək olduğuna görə anası onu böyüyəndə hərbçi kimi görmək istəyib. Onun arzusu ilə 2005-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2008-2012-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil aldıqdan sonra leytenant kimi Ağcabədi rayonuna göndərilib. İki il burada xidmət edən gənc zabit xidməti vəzifəsini davam etdirmək üçün Beyləqan rayonuna göndərilib. 2014-cü ilə kimi orada xidmət edən Təbriz Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmək qərarına gəlib və Bakı şəhərində 6 aylıq kursa qatılıb. Buranı birinciliklə bitirir. 2015-ci ildən 2016-cı illər ərzində xüsusi təyinatlı kurslarda iştirak edib, xarici ölkələrə kurslara cəlb edilib. Şanlı Aprel zəfərində payı olan igidimiz Talış kəndi istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak edib. Həmin il xidmətini davam etdirmək üçün Naxçıvan Əlahiddə Ümumqoşun Orduya köçürülüb. Təbriz Günnüt zəfərində göstərdiyi igidliyə görə Ali Baş Komandanın Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. İki böyük və uğurlu əməliyyatın iştirakçısı olan müsahibim Vətən müharibəsində torpaqlarımız uğrunda gedən döyüşlərdə qazi olub. O, bir gözünün nurunu Vətənə qurban verib. Deyir ki, min canım olsa, yenə də Vətən yolunda keçməkdən çəkinmərəm. Doqquz ilə yaxındır ki, xidməti vəzifəsi ilə əlaqədar Azərbaycanın bir neçə rayonunda cəbhə bölgəsində xidmət edən zabit bu illər ərzində hər gün Ali Baş Komandanın döyüş əmrini gözlədiyini bildirir. Deyir ki, Aprel və Günnüt zəfərlərini qazandıqdan sonra qələbəyə daha çox yaxınlaşdığımızı hiss edirdik. Ordumuzun hər bir əsgəri və hərbi qulluqçusu bu anı səbirsizliklə gözləyirdi. Əks-hücum əməliyyatı başlayan gündən buradan Qarabağa getməyə can atırdıq. İllərdir, düşmən tapdağı altında qalan torpaqlarımız bizi səsləyirdi. Şükür Yaradana ki, o gün gəldi, biz də digər yoldaşlarımız kimi oraya gedib torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldıq. Hadrut istiqamətində gedən döyüşlərdə bir neçə silahdaşımız şəhid oldu. Onların düşmən gülləsinə tuş gəlmələri məni ruhdan salmadı, ürəyimizdəki intiqam hissini daha da alovlandırdı. “İrəli!” hücum əmri verildikcə uzun illərdir, qəlbimizdəki intiqam hissi bizi daha da irəli getməyə sövq edirdi. Həmin döyüşlərin birində ağır yaralanmağım məni çox kədərləndirdi. Döyüşmək, daha da irəli getmək, düşməndən ovuc-ovuc azad edilən torpaqların ətrini duymaq, o yerlərə qədəm qoymaq ən böyük arzum idi. Bu yolda canımdan, sağlamlığımdan keçməyə hər an hazır olmuşam.
Və bu gün qürur duyuram ki, azad edilən torpaqlarda mənim də ayaq izim, Qələbədə payım var. Orada vətənpərvərliyin ən yüksək zirvəsini görmək məni bir azərbaycanlı kimi çox sevindirdi. Bu gün sağlamlığımı Vətən yolunda itirdiyimə görə heç də təəssüflənmir, əksinə, qürur duyuram. Çünki bilirəm ki, gözümün nuru itməyib, o, Qarabağımızın illərdir, işıqsız qalan gözlərinə aydınlıq gətirib.
Təbriz onu da xüsusilə bildirir ki, həmişə olduğu kimi, bu gün də dövlətin qayğısını üzərimizdə hiss edirik. Bu günlərdə Ali Məclis Sədrinin Naxçıvan Qarnizonunun Hərbi Hospitalında bizi ziyarət etməsi, sağlamlığımız, bizə göstərilən tibbi xidmətin səviyyəsi ilə maraqlanması hər birimizə böyük ruh yüksəkliyi verdi. Hiss etdik ki, dövlətimiz həmişə olduğu kimi, indi də yanımızdadır. Muxtar respublikamızın hansı səhiyyə ocağına müraciət etsək, oradakı həkimlərimiz sağlamlığımızın bərpasına hərtərəfli kömək edirlər. Ordu sıralarına qayıtmağı və dövlətimizin müzəffər Ordusunda yenidən xidməti davam etdirəcəyim günü səbirsizliklə gözləyirəm.
Otuz ilə yaxın bir zaman kəsiyində hər gün, hər yeni il gələndə, hər bayramda bir arzumuz, niyyətimiz var idi – torpaqlarımız işğaldan azad edilsin, gələn bayramı, yeni ili Şuşamızda, Laçınımızda qeyd edək. Budur, həmin arzuların çin olduğu günləri yaşayırıq. 44 gündə 30 ildə dünya dövlətlərinin görə bilmədiyi bir işi bacardıq. Biz bir olduq, birlikdə gücləndik, qayıtdıq elimizə, obamıza. Azərbaycanlıların gücünü, qüdrətini göstərdik bütün dünyaya. Necə bir xalq olduğumuzu döyüşlərdə canından, sağlamlığından keçən igid Vətən oğullarının sayəsində sübut etdik. Necə ki xalqımızın Təbriz kimi oğulları var, bu xalq, bu millət də var olacaq, öz torpaqlarının, müstəqil dövlətinin sahibi olacaq.
Ramiyyə ƏKBƏROVA