01 May 2024, Çərşənbə

Bir neçə həftə bundan öncə ürəkdən bir ah çəkib, əllərim əsə-əsə “1993-cü ildə Cəbrayıl adlı bir yara açıldı qəlbimizdə” yazmışdım. Bu şəhərin tarixindən, işğal edildiyi gündən məqalə qələmə alanda duam bu olmuşdu: İnşallah bu, işğaldan bəhs edən sonuncu yazım olar. Torpağımız geri qayıdar, xoş, qələbə soraqlı yazılarla salamlayarıq oxucularımızı. 27 il idi ki, ürək yanğısı ilə 27 dəfə Cəbrayılın işğalından yazsaq da, həmişə ümidli, inanclı olmuşuq, demişik ki, biz inanırıq torpağımız geri qayıdacaq. Buna tam əminik, çünki yolumuz ulu öndər yoludur, ordumuz dahi rəhbərin ən böyük arzusu olan Qarabağın tam azad olunması sevincini xalqımıza yaşadacaq. 

Bir aya yaxındır ki, hamımızın ən ümdə arzusu olan azadlıq, qələbə xəbəri ilə açılır səhərlərimiz. Şəhidlərimizin ruhu ağ göyərçinə dönüb qanad çalır işğaldan azad olan torpaqların üzərində. Ali Baş Komandan xalqımızı müjdələdi Cəbrayıl şəhərinin və rayonun 44 kəndinin düşməndən azad edildiyi xəbəri ilə. Qarabağın işğalından keçən illərdən sonra ilk dəfə 2016-cı ildə bir yaz səhərində ilk qələbə xəbəri almışdıq. Cocuq Mərcanlı, Lələtəpə azadlığın ilk addımı idi. Cəbrayıl isə işğaldan azad edilən ilk şəhər oldu. Zəfər şəhəri adını aldı. Azərbaycan əsgəri üçrəngli ay-ulduzlu bayrağımızı dalğalandırdı ən yüksək zirvədə. Qarabağın açarı sayılan Cəbrayıl igid əsgərlərimizin şücaəti ilə rahat nəfəs almağa başladı. Onun sakinlərinin adının yanına yazılan məcburi köçkün sözləri tarixə qovuşdu. 27 ildir, mücrüdə saxlanılan, artıq paslanmış açarlar bağlı qapıları açmağa tələsdi. İllərdir, Vətən həsrəti çəkən insanların ürəyindəki sevinc göz yaşlarına dönüb yanağına süzüldü. Tarixi ədalət bərpa olundu .

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciəti xalqımızın və ordumuzun qətiyyətini, iradəsini bir daha dünyaya göstərdi: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!” Müraciətdə o da deyilir: “Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.

Cəbrayıl tariximizin yaddaş mərkəzlərindən biridir

Onlarla tarixi abidənin məskəninə çevrilən bu rayonun ərazisi 105 min hektardır. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.
Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var, 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişardaşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları – Tulus tuf, Çaxmaqçay, Soltanlı tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, Minbaşlı gəc, Ağtəpə əhəngdaşı, Cəfərabad qum-çınqıl qarışığı, Sahverdi yəşəm və Çaxmaqqaya xalsedon yataqları var.

Rayonda yaşı 200-1600 il olan 14 iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. 1994-cü il yanvarın 5-də 1993-cü ilin oktyabr ayında işğal edilmiş Cocuq Mərcanlı kəndi Horadiz əməliyyatı zamanı azad edilib. Amma bununla belə, kəndin ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb. Ordumuzun şanlı qələbəsi Aprel zəfərində Lələtəpə yüksəkliyi başda olmaqla, erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi, bütünlüklə, Silahlı Qüvvələrimizin nəzarətindədir. Ölkə Prezidentinin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Sakinlər məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərində, abad ev-eşiklərində yeni həyata başlayıblar. Bu gün onların da sevincinin həddi-hüdudu yoxdur. Görürlər ki, bu günə kimi torpaq uğrunda fəda olunan canlar hədər getməyib. Bütün bunlar – ordumuzun addım-addım qarış-qarış irəliləməsi bu gün təkcə cəbrayıllıların deyil, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşan məcburi köçkünlərin öz ata-baba ocaqlarına, şəhidlərin narahat ruhları dolaşan o müqəddəs yerlərə qayıdacaqları günün çatdığından xəbər verir.

Həsrətində olduğumuz Böyük Qayıdış başlandı

Artıq bir aya yaxındır, davam edən əks-hücumun hər günü ordumuzun zəfər xəbərləri ilə bəzənir. Tez-tez gələn qələbə müjdələri dosta sevinc, düşmənə isə gözdağı gətirir. İllərdir, arzuladığımız, “O gün gələcək”, – dediyimiz gün gəldi. Azərbaycan əsgəri ürəyində Qarabağ yanğısı, dilində Vətən nəğməsi ilə irəli atılır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız – Qarabağımız şəhidlərimizin qanı ilə yoğurulan Vətən torpağı, düşmən tapdağından azad edilir.
“Bütöv Azərbaycan naminə irəli, Azərbaycan əsgəri!” şüarı ilə döyüşə tələsən igid oğullarımız torpağımızı qarış-qarış geri qaytarır. Düşmən isə ardına baxmadan döyüş bayrağını, papağını, silah-sursatı atıb qaçır. Qüdrətli ordumuzun qarşısında dayana bilmir, acığını həmişəki kimi dinc sakinlərdən çıxır, yaşayış məntəqələrini atəşə tutur. Amma nə fayda, bu bizi qorxutmur, əksinə, intiqam hissimizi alovlandırır, qələbəyə olan inamımızı daha da gücləndirir. Bilirik ki, bu, onların son çırpınışlarıdır. Özləri də dərk edirlər ki, Vətən yanğısı ilə döyüşə tələsən azərbaycanlıların qarşısında dayana bilməyəcəklər. Çünki bu xalq ən çətin gündə birləşməyi, bir yumruq olub düşmənin başına ildırım kimi çaxmağı tarixboyu bacarıb, yenə də bacaracaq.
Artıq düşmən anlayır ki, qarşılarında 90-cı illərdəki müstəqilliyini yeni qazanmış nizamlı ordusu olmayan Azərbaycan deyil. Artıq iqtisadiyyatı güclü, ordusu dünyanın ən güclü 50 ordusundan biri, xalqı isə öz dövlətinin və Ali Baş Komandanının yanında hər an döyüşə hazır olan, generalı, polkovnikləri, mayorları səngərdə öz əsgəri ilə döyüşüb qəhrəmancasına şəhid olan, dosta fəxarət, düşmənə ölüm gətirən, tarixi öz qanı, qəhrəmanlığı ilə yazan Azərbaycan əsgəri var.
Bu gün bütün Azərbaycan xalqının ürəyi cəbhədə döyünür, arzumuz, duamız, istəyimiz isə birdir: Torpaqlarımız işğaldan azad edilsin, bayrağımız Şuşanın, Laçının, Kəlbəcərin ən yüksək zirvələrində dalğalansın.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR