İllər öncə gözəl bir yaz səhərində hərbçi ailəsi kimi müvəqqəti yaşadığımız kənddən çox da uzaqda olmayan yaşıl dona bürünən uca dağları seyr edir, bura belə gözəldirsə, gör o dağların arxasında nələr var, – deyə düşünürdüm. O an hiss edirdim ki, qonşuluqda yaşayan qadın da dağlara baxıb sakitcə bu misraları deyir:
Sınıq körpü, sərhəddi-mülki İran,
Gülbatanı, Basarkeçər, İrəvan,
Qibləsidir Araz çayı, Naxçıvan,
Gündoğanı Arazla Kür qovşağı,
Cavanşirlər dastanıdır Qarabağ.
Hər misrada, sanki dünənini axtarır o dağların arxasında qonşuluqda yaşayan Heyran nənə. O, Şuşada dünyaya göz açmışdı. Atası qarabağlı, anası Naxçıvan torpağının qızı idi. Ana-atasının məzarından, doğma torpağından uzaqda dediyi bu dörd misra gözlərində yaşa dönür, yanağına süzülürdü.
O, hər dəfə öz elindən söhbət açardı:
– O dağların arxasında bir yurd var, ellər yaraşığı, alınmaz qala Şuşa. Orada böyüyüb boya-başa çatmışam. Şuşa mənim doğma yurdumdur. Orada buradan da gözəl sıldırım və şiş qayalar var. Şuşanın gözəl təbiəti və havası hər yay minlərlə adamı ora səsləyirdi. Hər ilin yayında istirahət etmək üçün gələr, xüsusilə Aran Qarabağın adamları İsa bulağına axışar, burada sərinləyər və dincələrdilər. Şuşaya gələn hər kəs mütləq çəmənlikləri qarış-qarış gəzib xarı bülbül axtarardı. Yurdumun dağ-daşları, meşələri, yaylaqları, dərə-təpəsi, bulaqları adamı heyran qoyardı. Şuşa alınmaz qalamız olub həmişə. Bir xəyanətə qurban getdi Qarabağın almaz qaşı. Onun gözəlliyindən doymadıq biz. Bax indi bu dayandığımız yerdən Şuşa şəhərinə 72 kilometr məsafədəyik. İnan ki, ayaqyalın gedərəm o 72 kilometr yolu, ta ki Şuşaya bir də qədəm qoya bilim. Görəsən, dünyadan köçmədən evimizi bir də görə biləcəyəmmi?
Bu gün bizi Şuşadan 28 illik bir zaman kəsiyi ayırır. Bir igidin ömrü qədər bir zaman. Şuşanı görmədən neçə nisgilli insan köçdü, şuşasız şuşalılar gəldi dünyaya. Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşasız 28 il...
Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
Əslində, alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Həmin döyüşlərin şahidlərinin sözlərinə görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi.
Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Şuşa işğal edilərkən burada 25 min nəfərədək azərbaycanlı – yerli əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.
Bu qədim şəhərin tarixi bu gün də bütün varlığı ilə “Mən Azərbaycanınam!” – deyə hayqırır! Gözəlliyi ilə gözoxşayan əsrarəngiz Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şişuclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə “Şuşa” adlandırılıb.
Şəhərin cənub tərəfi hündür və horizontal düzənlikdir. Bura “Cıdır düzü” adlanır. Şuşanın yerləşdiyi ərazi isə 350 hektardır. Şəhərə ancaq bir nəqliyyat yolu var idi: Ağdam-Əskəran-Xocalı-Xanbağı-Ağa körpüsü-Şuşa yolu.
Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. 1905-1907-ci illərdə şəhər ermənilər tərəfindən hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə şəhərin xeyli hissəsi daşnaklar tərəfindən dağıdılıb. Məlum işğal faktı isə 1992-ci ilin mayında oldu.
Hələ Sovet hakimiyyəti illərində ermənilər tərəfindən Şuşadakı tarixi abidələrimiz dağıdılmış, laqeydlik Şuşanın iqtisadi baxımdan tənəzzülü ilə nəticələnmişdi. Şəhərin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra mümkün olmuşdu. Məhz ulu öndərimizin təşəbbüsü ilə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər görülmüş, 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülmüşdür.
Ulu öndərimizin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafının qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Onun XX əsrin 80-ci illərinin sonlarında hakimiyyətdən uzaqlaşdırılmasından sonra xalqımızın ağrı-acılarla dolu dövrü başlandı, Dağlıq Qarabağın işğalı planı hissə-hissə həyata keçirildi və Şuşa da xəyanətin qurbanı oldu.
Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Çox təəssüf ki, heç bir milli tarixə və mədəniyyətə malik olmayan mənfur erməni vandalları Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb, talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə, 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında isə Xurşidbanu Natəvanın, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə abidə var.
Gözəl Şuşa, cənnət Şuşa. Sən də haray qoparıb murdar erməninin ayağını qoparmaq istəyirsən torpağından, o dolanbac yollarından boylana-boylana qalmısan, əzizlərini, doğmalarını soraqlayırsan. Yolunu gözləyirsən əzizlərinin, sənə doğma olan insanların. Vaqifin, Natəvanın da səbri tükənir, yad baxışlar altında dolanmaq istəmir narahat ruhları. O günə az qalıb, köksünə sancılan o yad cismi – erməni bayrağını qoparıb atacaq igid oğulların. Bax onda əlində üçrəngli, ay-ulduzlu bayraq, dilində ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” kəlamı ilə Azərbaycan əsgəri illərdir, Vətənindən ayrı düşən Cıdır düzündə Qarabağ atını çapıb deyəcək: – Şükürlər olsun ki, ata-baba yurdum, Vətənimin almaz qaşı, Qarabağın tacı Şuşanı əsl sahibinə qaytardıq.
O gün gələcək! Azərbaycan xalqı buna əmindir, çünki bu xalq ən çətin gündə birləşməyi, bir yumruq olub düşmənin başına ildırım kimi çaxmağı tarixboyu bacarıb, yenə də bacaracaq. Xalqımız dövlətimizə, dövlətimiz isə xalqımıza daim dayaq olub! Bu isə əminlik yaradır ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın almaz qaşı Şuşa, şəhidlərimizin qanı ilə yoğurulan Vətən torpağı nəyin bahasına olursa-olsun, düşmən tapdağından azad ediləcək. Şuşanın üfüqlərində bayrağımız dalğalanacaq! Necə ki Cocuq Mərcanlıda, Talışda, Qızılqayada dalğalanıb düşmənin gözünə ox kimi batır. Zəfər himnimizin çalınacağı həmin gün torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu ağ göyərçinə dönüb Qarabağımızın azad səmasında qanad çalacaq.
Ramiyyə Əkbərova