Yolumuz Naxçıvanın qeyrət qalası Sədərəyədir
Qədim diyarımızın bu bölgəsinə gedən magistral yolun rahatlığı, yolboyu seyr etdiyim gözəl mənzərələr məni bir anlıq keçmişə – mavi yanacağın, işığın olmadığı topun, tüfəngin, yollarda şütüyən hərbi, təcili tibbi yardım maşınlarının qulaqbatıran səsinin olduğu illərə götürür. O illərdən bu günə nə qədər gözəlləşib dəyişib yurdumuz. Əvvəllər kəsilib oduncaq kimi istifadə olunan ağacların torpaqdan boylanan kötüklərini ürək yanğısı ilə seyr edirdik. İndi isə yolboyu uzanan yaşıllıqlara tamaşa etmək insana qürur verir. Bütün bu gözəlikləri seyr etdikcə düşünürsən ki, insan hər şeyə qadirdir. Yetər ki, vətəndaşı olduğu dövlətə sədaqət, havasını udduğu, suyunu içdiyi, ömür sürdüyü Vətən deyilən torpağa məhəbbəti, doğma yurdunu cənnətə döndərmək kimi ali məqsədi, xoş niyyəti olsun. Bu düşüncələrin əhatəsində qədim Oğuz yurduna çatırıq.
Vətənimizin hər qarış torpağı bizim üçün əzizdir. Ancaq Sədərəkdə olarkən bu duyğular daha da güclənir. Çünki işğalçı ölkə ilə sərhəddən cəmi bir neçə metrlik məsafədəki abadlığı, inkişafı görmək Vətənimizin məhz bu gözəl torpaqlardan başladığını düşünmək insana başqa bir qürur verir. Burada düşmənlə üz-üzə dayanan ordumuzun qüdrətini görəndə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır” sözlərini xatırlayıram.
Ordunun qüdrəti və döyüş qabiliyyəti həm də onun sıralarında olan vətənpərvər döyüş ruhlu hərbçilərin olması ilə güclü texniki təminatla və ən əsası hərbçi ailələrinin qayğı ilə əhatə edilməsi ilə ölçülür. Bu baxımdan qürurla deyə bilərik ki, ötən illər ərzində qeyd olunan bütün bu məsələlər diqqətdə saxlanılıb, hərbçi ailələri daim qayğı ilə əhatə ediliblər. Reallıqdır ki, səngərdə olan hərbçi arxada qoyub gəldiyi ailəsindən nigaran qalmayanda daha da rahat olur, daha inamla xidmət edir. Bu şərəfli peşə sahiblərinin ailələri də bu çətin işdə onların yol yoldaşı olur, mənəvi dəstək göstərirlər.
Bu gün çox sevindirici haldır ki, qədim yurdumuza gələn və ya xidməti vəzifəsi ilə əlaqədar olaraq buradan Azərbaycanın başqa bölgələrinə gedən hər bir hərbçi ailəsi muxtar respublikamızda yaradılan şəraitdən, onlara və ailələrinə göstərilən dövlət qayğısından ağızdolusu danışırlar. Çünki, həqiqətən də, Naxçıvanda yerləşən ordu və birləşmələrdə əsgərlərin və zabit ailələrinin yaşaması, istirahəti üçün hər cür şərait yaradılıb. Onların mənzil-məişət şəraiti hər il daha da yaxşılaşdırılır. Xidməti vəzifələrini yerinə yetirən hərbçilərimizə yeni mənzillər verilir. Əsas diqqətçəkən məqam isə ondan ibarətdir ki, ötən əsrin 90-cı illərində dahi rəhbərin ətrafında sıx birləşərək ordumuzun yaradılmasında və onun yaşadılmasında var gücünü əsirgəməyən naxçıvanlılar bu gün də xalq-ordu birliyinin nümunəsini göstərirlər. O illərdə evlərində qalıb, səngərdə döyüşənlərə isti çörək, yemək bişirib göndərən, neçə xatirələrin, neçə arzuların yadigarı olan qızıllarını müdafiə fonduna bağışlayan anaların övladları bu gün də həmin ənənəni davam etdirirlər. Uzun illərdir ki, keçirilən iməciliklər nəticəsində bütün magistral yolların ətrafına salınan meyvə bağlarından idarə və müəssisələr tərəfindən toplanan məhsullar mütəmadi olaraq hərbi hissələrə təhvil verilir. Bununla bərabər, sıravi vətəndaşlar da öz alın tərləri ilə yetişdirdikləri bostan və tərəvəz məhsullarından tez-tez Vətənimizin keşikçilərinə sovqat aparırlar. Muxtar respublikada hərbi qulluqçuların xidməti şəraitinin müasirləşdirilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu siyasət aparılır. Sevindirici haldır ki, muxtar respublikamızın hərbi qüdrətinin artırılmasına xidmət edən dövlət siyayəstinə ayrı-ayrı şirkətlər də töhfə verməyə çalışırlar. 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində “NEQSOL Holdinq” şirkətlər qrupu tərəfindən Sədərək rayonundakı 7 mərtəbəli yeni yaşayış binasından hərbçi ailələrinə xidməti mənzillər hədiyyə edilməsi də bunun parlaq təzhürüdür.
Ötən günlərdə həmin evlərdə yaşayan hərbçi ailələri ilə həmsöhbət olduq. Qonağı olduğumuz ilk mənzilin sahibi, İmişli rayon sakini zabit Elvin Əliyev 16 ildir ki, ən yüksək dağ zirvəsindən düşmənə ən yaxın olan bölgələrə qədər qüsursuz xidmət keçib. Azərbaycanımızın ərazi bütövlüyünü qorumaq kimi şərəfli bir peşənin sahibi olduğundan qürur duyduğunu bildirən zabitin dedikləri:
– Ümummilli liderimiz Heydər Əliyev zabit peşəsini ən şərəfli peşə kimi qiymətləndirirdi. Bu gün ulu öndərimizin yolu ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilir. Müasir və qüdrətli milli ordusu formalaşan ölkəmizin ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Hərbçi ailələrinin rahat yaşayışı, problemlərinin həlli isə imkan verir ki, onlar nümunəvi hərbi xidmət göstərsinlər. Bütün bunlar isə ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası ilə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da diqqət mərkəzində saxlanılması deməkdir.
Mən Naxçıvanın müxtəlif bölgələrində xidmət etmişəm. Bir neçə aydır ki, sərhəd bölgəsi olan Sədərək rayonunda xidmətimi davam etdirirəm. Burada da sakinlərin ordumuza olan sevgilərinin, hərbçilərə göstərdikləri hörmətin şahidi oldum. Bu məni sevindirir. Sevincimi daha da artıran digər məqam isə ailəm üçün belə gözəl bir mənzilin təqdim edilməsi oldu. Mən ailəm və bu gün burada olmayan digər zabitlər adından ailələrimizə bu cür şəraiti yaradan dövlətimizə minnətdarlığımı bildirirəm.
Müsahibimin söhbətimizə qoşulan həyat yoldaşı Günay deyir:
– “Hərbçi ailəsi olmaq”... Bu ifadə kimiləri üçün nə qədər sadə səslənsə belə, mənim üçün hər hərfində özü boyda böyük məna var. Çünki mən bu həyatı yaşayır, çətin olduğu qədər də şərəfli bir peşəni seçən bir insanın ömür-gün yoldaşı kimi hər gün ona mənəvi dəstəyimi əsirgəmir, hərbçi yoldaşı kimi şərəfli adı daşıyıram. Bu gün bu şərəfli adı daşıyan yüzlərlə Azərbaycan qadını var ki, onlar sərhəd, cəbhə demədən öz həyat yoldaşlarının arxasında dayanıb. Dövlətimizin qayğısı isə bizə qol-qanad verir. Mən minnətdarlıqla bildirmək istəyirəm ki, bu gün bizim iki övladımızla burada rahat yaşamağımız üçün hər cür şərait yaradılıb.
Növbəti evin xanımı da iki övlad anasıdır. Şərqiyyə Ağakərimova Qəbələ rayon sakinidir. On bir ildir, xidməti vəzifəsini yerinə yetirən həyat yoldaşına bu şərəfli yolda yoldaşlıq edir. Onunla söhbətimiz yeni mənzilin üzü səngərlərə baxan salonunda oldu:
– Harada olursan ol, istər şəhər mərkəzində, istər sərhəd bölgəsində insan yenə eyni həyəcanı keçirir. Yoldaşım bəzən saatlarla, bəzənsə günlərlə, həftələrlə evinə gələ bilməsə də, biz evimizdə gecələr rahat yatırıq. Çünki bilirik ki, sərhədlərimiz etibarlı şəkildə qorunur. Çoxmərtəbəli yaşayış binasında bizə təqdim edilən mənzil hər cür şəraitə, əşyalara malikdir. Qonşularımız – Sədərək sakinləri o qədər səmimi insanlardır ki, insan özünü ailəsinin, ata-anasının, əzizlərinin yanında hiss edir. Sədərək rayonunda uşaqlarımızın yaxşı təhsil almaları üçün hər cür şərait var. Səhiyyə xidməti də müasir səviyyədə qurulub. Bütün bunlar bizim sakit və firavan yaşamağımıza şərait yaradır.
Bakı şəhərindən olan Aysel Qarayevanın isə üç övladı var. Həyat yoldaşı 19 ildir, xidməti vəzifəsini yerinə yetirir. Onlar da xidməti mənzillə təmin olunublar. Ayselin dedikləri:
– Ucqar dağ kəndlərində hərbçilərə tikilən yeni evlər, insanların yaşayışı üçün yaradılan hərtərəfli şərait düşmənin bir addımlığında firavan yaşayışı təmin edib. Vətəni qoruyan sadiq, inamlı, hərbçi yoldaşı olmağı seçən qadın isə daim fövqəladə vəziyyətlərə hazır olmalıdır. Biz öz mənzillərimizin mənzərəsindən düşmən postlarını görürük. Amma qorxmuruq, çünki əsgərlərimiz torpaqlarımızı igidliklə qoruyur. Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissləri ilə bərabər, əminlik yaradır. Tarixboyu alınmaz qala olan Naxçıvanın etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordu bu gün də düşmənin qorxulu kabusuna çevrilib. Azərbaycan Ordusu öz gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərir. Mən və mənim kimi hərbçi ailələri, övladlarımız bundan qürur duyur.
Bu gün burada gördüklərimiz bunu deməyə əsas verir ki, ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilməklə yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti də yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmətini tamamlayan hərbi qulluqçulara mənzillər verilir. Ərazi bütövlüyünü qoruyan hərbçi ailələri üçün yaradılan şərait, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, Azərbaycanda mövcud olan dövlət-xalq-ordu birliyinin nəticəsidir.
- Ramiyyə ƏKBƏROVA