17 ildir, səngərdə döyüşən bir hərbçinin həyat yoldaşı kimi bu illərdə gördüklərim mənim dünyaya tam fərqli gözlə baxmağıma səbəb olub. 20 faiz torpağı işğal altında olan dövlətin “Hər evi səngər, hər vətəndaşı əsgər olmalıdır” fikriylə, düşüncəsiylə yaşayıb, övladlarımı da vətənpərvər bir fərd kimi böyütməyə çalışıram. Bu müharibədə yüzlərlə can qurban edib bu xalq. Şəhidlərimiz öz qürurlu ölümüylə torpaqlarımızı, vətənimizi qoruyub gələcək nəslin azad böyüməsinə, müstəqil olmasına təminat veriblər: bayrağımız qoy həmişə dalğalansın, torpaqlarımız işğaldan azad olunsun deyə.
Bəs biz nə etmişik şəhidlərimiz üçün? Ötən dövrdə neçə şəhid verib bu vətən və bu illərdə dünyaya neçə körpə göz açıb? İgid eloğullarımızın hansısa biri şəhid olanda hansısa doğum evində bir körpənin dünyaya göz açması da labüddür. Körpələrimizin dünyaya gəlişi ilə bir ailə sevinib, bir ananın üzü gülüb. Başqa bir evin övladı cəbhənin hər hansısa bir hissəsindən düşmənin hücumunu dəf edərkən şəhidlik zirvəsinə yüksəlib. O gecə göz açan körpəyə dünyadan köçən igidin adını verib, onun adını yaşatsaq, şəhidimizin o qəmli anasının da ürəyinə sakitlik gətirmiş olarıq.
Təkcə son beş ildə 20436 körpəyə Yusif, 19925 körpəyə Əli, 8922 körpəyə Məhəmməd və 8497 körpəyə Ömər adı verilib.
Bu ilin iyun ayında körpələrə verilən adlar siyahısında Murad adı üstünlük təşkil edir. Amma gəlin görək uşağın valideynlərindən “bu adı nə səbəbə oğlunuza vermisiniz” soruşsaq, necə cavab alarıq? Ya babasının adıdır, ya da ki hansısa teleserialdakı qəhrəmanın. Ən yaxın keçmişə, bu ilin aprel döyüşlərinə qayıdaq. 4 günlük müharibədə ordumuz gücümüzü təkcə düşmənə yox, bütün dünyaya nümayiş etdirdi. İtkisiz döyüş olmur. Cəsur kəşfiyyatçı Murad Kazımov da onların sırasında idi. Murad adı verilən yüz uşaqdan heç olmasa birinin daşıdığı adın bu cəsur kəşfiyyatçının adı ilə bağlı olduğunu bilməsi ona nə qədər qürur verər.
Görün nə qədər Murad, Fərid, Raquf, Qabil, Malik, Elnur, Məhərrəmlər itirmişik bu müharibə illərində. Amma biz hələ də övladlarımıza teleseriallarda gördüyümüz qəhrəmanların, “Titanik” gəmisi batanda sevdiyi qadını xilas edən, qəhrəmanlıq edən aktyorun adını veririk. Onlara tanımadığımız insanların adlarını deyil, cəbhələrdə torpaq uğrunda canını qurban verən oğullarımızın adlarını versək, övladımız daha vətənpərvər ruhda böyüyər. Bu gün daşıdığı adı ondan əvvəl daşıyan insanın necə bir cəsur döyüşçü olduğunu, vətəni üçün canından keçdiyini bilib, fəxr hissi ilə daşıyar adını. Gəlin yeni doğulan körpələrimizə vətən uğrunda canından keçən şəhidlərin adını verək. Bir idisə, min-min olub yaşasın Azərbaycan igidləri. Qoy düşmən qorxsun Mübarizin, Fəridin, Muradın adıyla böyüyən oğullardan. Oğlunu itirmiş şəhid anası ağlamasın. Oğlunun adını daşıyan balaların o ada layiq igid olduğunu görsün.
Ta qədimdən “Kitabi-Dədə Qorqud” dastanında tayfada dünyaya göz açan körpəyə böyüyüb boya-başa çatanda etdiyi igidliyə görə ad verirdilər. Adıyla böyüsün deyirdilər. Adıyla böyüsün balalarımız. Gələcəkdə kim olduqlarını, haradan gəlib haraya getdiklərini bilsinlər. Bu torpağın bütövlüyü uğrunda hər dəfə bayrağımızı dalğalandıran görəndə, bu bayraq enməsin deyə canından keçən igidin adını daşıdığını bilib qürur duysunlar.
Analar öz övladlarını Mübariz, Malik, Elnur, Murad deyib çağıranda ruhu şad olsun şəhidlərimizin.
Ramiyyə ƏKBƏROVA