22 Dekabr 2024, Bazar

Qayalarından xınalı kəkliklərin səsi gələn, füsunkar təbiəti, buz bulaqları, “bəstəkar” şəlalələri, qollu-budaqlı “pir” ağacları, təmiz ab-havası ilə insanda xoş duyğular oyadan Havuş kəndinə doğru irəlilədikcə Şərur-Dərələyəz silsiləsinin özünəməxsus gözəllikləri, uca dağları, xoş təbiəti, təravətli havası insanı sanki sehrli bir aləmə aparır. Yolboyu adları əfsanəyə çevrilən Sırfadaşını, Əncirliyi, Hadıqayıbı, Danaqalasını seyr edə-edə Axura kəndindəki Yuxarı Bulaqdan Havuşadək olan 12 kilometr yolu, 20-dən artıq sərt döngəni və aşırımı keçib kəndə çatırıq. Kənd Havuşçayın sol sahilində, Dərələyəz sıra dağlarının ətəklərində yerləşir. Kəndi üzük qaşı kimi dövrəyə alan dağlar payız fəslində daha ecazkar görünür.

Muxtar respublikamızın ucqar kəndlərindən biri olan bu yaşayış məntəqəsi boz və sərt zirvələrin fonunda səməni kimi görünür. Bəlkə, elə buna görə kəndin adının etimoloji mənası “ovuc” kimi ifadə olunur. Ovuc-avuc-avuş söz dəyişmələrindən sonra kənd indiki Havuş adını alıb. Bu toponimin mənası dağlarla əhatə olunmuş məskən və ya “Dağ dibi” deməkdir.

Elmi mənbələrə görə, burada eradan əvvəl II-III əsrlərə aid Sarıbulaq, eramızın II-IV əsrlərinə aid edilən Havuş, IX-XVII əsrlərə aid İtqıran nekropolları, II-VI əsrlərdən qalan qəbir yerləri vardır. II-IX əsrlərə məxsus Tamaşalı yaşayış yeri, IX-XVII əsrlərdə mövcud olan Sarıbulaq oba yeri, Havuş mədən-istismar yeri və sair tarixi-arxeoloji yerlər qalmaqdadır. Havuş mədən-istismar yeri kəndin içərisində dərin dərədədir. Mədəndə aparılan araşdırmalardan məlum olub ki, buradan, əsasən, qurğuşun çıxarılıb.
1992-ci ilin mayında erməni quldur dəstələrinin aramsız hücumları nəticəsində həmsərhəd mövqedə yerləşən kənddə bir çox evlər, eyni zamanda məktəb, klub, kitabxana tamamilə dağıdılsa da, havuşlular öz el-obalarını tərk etməyiblər. Çətin zamanda Naxçıvanın müxtəlif bölgələrindən köməyə gələnlər havuşlularla çiyin-çiyinə verərək düşmənə qarşı qətiyyətlə vuruşublar.
Bu kəndin təbiət mənzərələrini əsrarəngiz edən dağların sıldırım qayalarından axan şəlalələrdir. Hələ ötən əsrin yetmişinci illərində həmyerlimiz, şair-publisist Cavad Cavadlı “Azərbaycan təbiəti” jurnalında yazırdı ki, dünyanın heç bir kəndində Havuşdakı qədər şəlalə yoxdur. Burada hündür dağların zirvəsindən axan irili-xırdalı 12 şəlalə mövcuddur. Zirinc, yemişan, yabanı armud, həmərsin, ardıc, dağdağan, əppəkli, qaraca, böyürtkən ağacları və kolları, bumbuz bulaqlar adamı heyran edir. Dağlarında ayı, bəbir, canavar, çöl pişiyi, dağ qoyunu, dağ keçisi və başqa heyvanlar yaşayır, daşdan-daşa xınalı kəkliklər səkir.
70 illik sovetlər dövründə bu dağ kəndinin insanları hər hansı kiçik bir məsələ üçün uzun məsafələr qət edib, rayon mərkəzinə və şəhərə üz tuturdular. Kiminsə qəflətən ağır xəstələnməsi isə bir çox hallarda faciə ilə nəticələnirdi. Yaşlı kənd sakinləri deyirlər ki, vaxtilə burada yaşayanlar əqrəb-ilan sancması zamanı tibbi yardımdan yararlana bilmədiklərinə görə, türkəçarəyə üz tutur, bu da bir çox hallarda mənfi nəticələrə yol açırdı. Bağlarda yetişən məhsulları bazara çıxarmaq, ondan gəlir əldə etmək də müşkül məsələ idi. Qış aylarında ətraf kəndlərlə əlaqə, demək olar ki, tamamilə kəsilirdi. Yəni Havuş, necə deyərlər, Allah ümidinə qalmışdı. Ancaq ulu öndərimizin Naxçıvana gəlişindən sonrakı illərdə havuşlular da diqqət və qayğıdan bəhrələnməyə başladılar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ucqar dağ kəndlərinə xüsusi diqqət və qayğısının bəhrəsi olaraq kəndə fasiləsiz elektrik enerjisi, mavi yanacaq verildi, yollar abadlaşdırıldı, şəhərdəki infrastruktur obyektlərindən heç də seçilməyən binalar inşa olundu.Yanacaq olmaması səbəbindən payız aylarında balta səsləri gələn bağlar yenidən dirçəldildi, əkin sahələrində müasir texnikaların səsləri eşidildi. Təbii ki, bütün bunlar Havuş sakinlərini daha möhkəm tellərlə öz el-obasına bağladı, kənddə yeni evlərin-ocaqların sayı artdı.
1872 hektar ərazisi olan kəndin biçənək və otlaq sahələri sakinlərin heyvandarlıqla məşğul olmaları üçün hərtərəfli imkanlar yaradır. Cəmi 13 hektar əkinəyararlı ərazisi olan kənddə iqlim şəraitinə uyğun bir çox mədəni bitkilər əkilir. Havuşda yetişdirilən meyvə-tərəvəzin dadı dillər əzbəridir. Elə ona görədir ki, hər il məhsul yığımı mövsümündə əkinçi və bağbanlar müştəri sarıdan çətinlik çəkmir, elə qapılarındaca bu məhsullardan yaxşı qazanc əldə edə bilirlər.
Kənd məktəbinə yaxınlaşırıq. Günorta saatlarında kənddəki məktəbin qarşısında bir neçə şagird diqqətimizi çəkir. Maraqlı burasıdır ki, burada gələcək perspektivlər nəzərə alınaraq inşa edilən 60 şagird yerlik məktəbdə cəmi 11 şagird təhsil alır. Muxtar respublika ­rəhbərinin diqqət və qayğısı sayəsində bu gün elə məktəblərimiz var ki, orada şagird sayı çox az olsa da, bu, müəllim kontingentinə təsir etmir. Aparılan humanist siyasət nəticəsində ucqar dağ kənd­lərində, eləcə də Havuş məktəbində işləyən hər bir müəllim dövlətimizin diqqət və qayğısı ilə hərtərəfli təmin olunub, sözsüz ki, bu addımlar gənc pedaqoqların məşğulluğuna da öz müsbət təsirini göstərib...
Məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün bütün müasir avadanlıqlar, kompüter sinfi, kitabxana, elektron lövhə, laboratoriya və kabinələr təşkil olunub. Yaradılmış şəraitə görə bu məktəb şəhər məktəblərindən heç də fərqlənmir. Bu, muxtar respublikamızda son illərdə təhsil sahəsinə göstərilən ardıcıl dövlət qayğısının nümunəsi və bəhrəsidir.
Kənd məktəbinin həyətində Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Həsən Həsənov, məktəbin direktoru Mehman Həsənov və başqaları ilə görüşüb həmsöhbət olduq. Onların söhbətləri dünənin çətinlikləri, bu günün nailiyyətləri barədə oldu. Hiss edilirdi ki, bu gün əldə edilən uğurlara, göstərilən dövlət qayğısına görə böyük fəxarət hissi keçirirlər. Onlarla söhbətimdən yadda qalanları sizinlə də bölüşməyi lazım bildim:
– 1988-ci ildən başlayan erməni xəyanəti nəticəsində bir neçə dəfə Havuşdakı qadın, qoca və uşaqlar aşağı kəndlərə köçürüldülər. Bu hadisələr yayın istisində də oldu, qışın şaxtasında da. Bir sözlə, çox əziyyət çəkdik. Evlər, bağ-bağçalar erməni toplarından atılan mərmilərə tuş gəldi, yanan evlər də oldu, yerlə bir edilənlər də. Elə məktəb binamız da düşmənin gözünə tez “batdı”. Burada uşaqlara təhsil vermək mümkün olmadığı üçün onları ətraf kənd­lərin məktəblərinə göndərməyi qərara aldıq. Şagirdlərimiz kənddən aralanmaq istəməsələr də, bizim təkidimizlə qonşu Axura, Həmzəli kəndlərində və digər kəndlərdə təhsil almaq məcburiyyətində qaldılar. Ancaq ulu öndərimizin səyi nəticəsində ordumuz formalaşdıqdan sonra düşmənə layiqli cavab verildi, beləliklə də, onlar gözünü Havuşdan çəkdi. Son iki onillikdə Havuş davamlı inkişaf yoluna qədəm qoyub. Bu gün kəndi göz bəbəyi kimi qoruyan ordumuzun əsgərləri ən müasir silahlarla səngərlərdə, nəzarət məntəqələrində, postlardadır. Artıq hər bir havuşlu bilir ki, onu qoruyan güclü ordusu var, elə bu amil hər kəsi öz torpağına daha möhkəm tellərlə bağlayır.
Məktəbin müəllimləri Cavad və Elmira İbrahimovlar, Mərdan Hüseynovla söhbətimiz də maraqlı məqamlarla yadda qaldı: – Bu gün müəllimlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bizim üçün dövlətimiz tərəfindən yeni evlər inşa olunaraq istifadəmizə verilib. Bu gün muxtar respublikamızın digər kəndləri kimi, Havuşda da yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər, stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib. Kənddə 3 il müddətində bu fəaliyyəti davam etdirən 35 yaşadək gənc mütəxəssislərə kommunal xidmətlərini ödəmək üçün 60 manat, əmək fəaliyyətinə yeni başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 100 manat məbləğində əlavələr ödənilir. Üçillik müddət bitdikdən sonra kəndimizin məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində əməkhaqqına kompensasiya əlavə olunur. Eyni zamanda iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə bilik və bacarıqlarımızın diaqnostik qiymətləndirilməsi aparılıb, həftəlik dərs yükümüz və əməkhaqlarımız artırılıb. Yeni qaydalara görə, 5 ildən artıq dağ kəndində müəllim kimi fəaliyyət göstərən pedaqoji profilli gənc kadrlara ipoteka kreditinin verilməsi də nəzərdə tutulub. Bütün bunlar isə muxtar respublikamızda gənc müəllimlərə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Hazırda məktəbimizdə gənc kadrlar çalışır. Bu, bizi çox sevindirir.
Ən müasir üslubda inşa edilən kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndə Möhbalı Məmmədovla söhbət etdik. O dedi: – Bu gün Havuş səliqə-sahmanı ilə də digər yaşayış məntəqələrinə nümunədir. Tikilənləri-qurulanları göz bəbəyi kimi qoruyuruq. Havuşluların əsas məşğuliyyəti heyvandarlıq və arıçılıqdır. “Dərə biçənək”, “Kələkli yer”, “Tamaşalıq”, “Orta kəfşən”, “Hacı yeri”, “Üçtəpə”, “Qıblabulaq”, “Ardıclı” kimi yurd yerlərindən biçənək kimi istifadə edirik. Kənddə 85 baş iribuynuzlu, 1300-dən artıq xırdabuynuzlu heyvan, 300 arı ailəsi vardır. Kənd sakini Əli Əliyev 70 arı ailəsinə qulluq edir, İlham Məmmədovun 400-dən çox müxtəlif növ alma ağacları olan bağı gələn il məhsul verəcək.
Kənd bələdiyyəsinin sədri Cavad İbrahimov, kitabxanaçı Aynur Musayeva, klub müdiri Əbülfəz İbrahim­ov, feldşer-mama məntəqəsinin müdiri Səyyarə Məmmədova da görülən işlərdən, onlara göstərilən qayğıdan, iş şəraitinin yaxşılığından söz açdılar.
Kəndin qocaman sakinləri Havuşda yerləşən pir haqqında danışdılar. Dedilər ki, Havuş piri kəndin şimal-şərqində, sıldırım qayalar arasında bir mağaradır. Pirin dərinliyi 15, eni isə 3, bəzi yerlərdə isə 4 metrə qədərdir. Giriş hissəsi tacvarı formadadır, içərisində cızma və qazma üsulu ilə həkk edilmiş bir neçə əli nizəli döyüşçü rəsmi vardır. Qədim insan məskəni ehtimal olunan mağaranın pirə çevrilməsi əcdadlarımıza olan ehtiramla bağlıdır. Pirdən bir az o tərəfə “Təkarmud” deyilən bir yer də vardır ki, həmin ağacın qol-budaqlarına övlad arzusunda olan gəlinlər niyyət edib Allahdan pay istəyər, gətirdikləri rəngli parçaları budaqlara bağlayarlar, kişilər isə Allah yolunda qurbanlar kəsib ətini kənddəki yoxsullara ehsan edərlər.
Beləcə, Havuş kəndi insanlarının mərdliyi, qorxmazlığı, çalışqanlığı sayəsində əhatəsində olduğu dağlardan da əzəmətli görünür.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR