22 Dekabr 2024, Bazar

Əvvəllər qızımıza cehiz mebel almaq üçün Bakıya, Şəkiyə üz tutardıq... Artıq bir neçə ildir ki, muxtar respublikamızda belə keyfiyyətli avadanlıqlarla dolub-daşır dükan-bazarlarımız. Ürəyin istəyən çarpayını, divanı, stolu seçirsən, həm də sərfəli qiymətə qapınıza gətirirlər. “İndi daha yun yu, döşək sal dərdi də yoxdur. Bu fabrikdə elə gözəl döşəklər var ki, elə bil qu tüküdür”, – deyir Nəcibə nənə. Onu sevindirən isə uzaq yolların yaxınlaşması deyil təkcə. Fərəhlənir ki, daha çox seçim var burada, həm də münasib qiymətə...

Nəcibə nənənin bu tərif dolu sözlərindən sonra həmin ünvana – “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə üz tuturam. Fabrikin qapısından girən kimi gözəl əşyalarla bəzənmiş zala daxil oluruq. Öyrənirik ki, istehsal müəssisəsi 10 ildən artıqdır, fəаliyyətə başlayıb. Burada müxtəlif çeşiddə məhsul istehsalı üçün Almaniya, İtaliya və Türkiyədən müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Hazırda fabrikdə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri hazırlanır.
Müəssisədə olarkən onu da öyrənirik ki, ötən dövrdə artan tələbat nəzərə alınaraq yeni istehsal sahələrinin yaradılmasına təşəbbüs göstərilib. Bu təşəbbüs dövlət qayğısı nəticəsində reallaşıb. Belə ki, fabrik tərəfindən silikon yorğan-döşək və yataq bazası istehsalı sahələrinin biznes-planı hazırlanaraq muxtar respublikanın Sahibkarlığın İnkişafı Fonduna təqdim edilib. Layihəyə uyğun olaraq müəssisənin ərazisində yeni istehsal sahəsi üçün bina inşa edilib. Türkiyənin “Elektroteks” və “İMS Makina” şirkətlərindən avadanlıqlar alınıb gətirilib və idxal olunan dəzgahlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılıb. İstehsal sahəsində çalışan yerli mütəxəssislərin hazırlanması üçün işçilərin ixtisasartırma kurslarında iştirakı təmin edilib.
Burada məhsulların keyfiyyətinə nəzarət edilməsi üçün laboratoriyada müasir avadanlıqlar quraşdırılıb. Hazırlanan məhsulların satışı da diqqət mərkəzində saxlanılır. “Gəmiqaya” tanıtım nişanı ilə istehsal olunan bu məhsullar fabrikin sərgi-satış salonunda, Naxçıvan şəhərinin Babək məhəlləsində və Ordubad şəhərində fəaliyyət göstərən mebel mağazalarında satışa çıxarılır. Sevindirici haldır ki, müəssisənin istehsal etdiyi müxtəlif dizaynlı mebellər ölkəmizin digər regionlarında da böyük alıcı rəğbəti qazanıb. Bunlar nəzərə alınaraq müəssisənin Bakı şəhərinin Nərimanov və Xalqlar prospektlərində mağazaları, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Azərbaycanın digər bölgələrində satış nümayəndə­likləri yaradılıb. Müəssisə işçiləri qazanılan nailiyyətlərlə kifayətlənməyib gələcəkdə daha böyük uğurlara imza atmaq üçün çalışırlar.
Hamı evimizi bəzəyən gözəl mebellərin olmasını arzulayır. Sevindirici haldır ki, bu gün hər bir muxtar respublika sakini xaricə getmədən Naxçıvanda istehsal olunan dünyanın ən müasir mebelləri ilə rəqabətə girə biləcək keyfiyyətli məhsullar əldə edə bilər. Bu imkanı isə sakinlərə dövlətimiz yaradıb.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR