Təmiz ab-havası, füsunkar təbiəti, buz bulaqları, “bəstəkar” şəlalələri, qollu-budaqlı “pir” ağacları ilə insanda xoş duyğular oyadan, qayalarından xınalı kəkliklərin səsi gələn Havuş kəndinə doğru irəlilədikcə Şərur-Dərələyəz silsiləsinin özünəməxsus gözəllikləri, uca dağları, xoş təbiəti, təravətli havası insanı, sanki sehrli bir aləmə aparır. Yolboyu seyr etdiyimiz adları əfsanəyə çevrilən Sırfadaşı, Əncirik, Hadıqayıb, Dana qalası, kəndi üzük qaşı kimi dövrəyə alan dağlar qoynunda bitən min bir dərdin dərmanı olan bitkilər ilə də məşhurdur.
Uzun illər nənələrimiz kəklikotu, yarpız, nanəcövhər, həmərsin, zirincdən bir çox xəstəliklərin müalicəsində istifadə ediblər. Elə indi də bu nemətlər əl üstündə tutulur. Yolyoldaşım, ailə təsərrüfatçısı Şərur rayon Aşağı Aralıq kənd sakini Fərqanə xanımın ilin bu vədəsində Havuş kəndinə gəlməyinin əsas səbəbi həmərsin və zirinc toplamaqdır. Səhərin sərinindən ta günortaya kimi həmərsin toplaya-toplaya dağ havasını ciyərlərimizə çəkir, kəndin gözəlliyini seyr etməkdən zövq alırıq. Elə ki yorulduq, üz tuturuq bizə tanış olan ünvanlardan birinə – Sara xalanın evinə. Gözəl mənzərəli eyvanda dağ otlarından dəmlənmiş çayı kətanköynək Havuş cəvizi qatılmış bal ilə içə-içə şirin söhbətə başlayırıq. Xanımlar özlərinə məxsus təcrübəni bölüşməkdə olsun, biz isə bunları qələmə almaqda.
Sara xala:
– Yaz və payız fəsillərində buraya gələnlər qucaq-qucaq şəfalı bitkilər toplayıb geri qayıdırlar. İlin bu vədəsində isə zirincin, həmərsinin vaxtıdır. Payızın ortalarında yetişən həmərsinin çiçəyindən mürəbbə bişiririk. Bu mürəbbə min bir dərdin dərmanıdır. Yazın sonlarına doğru çiçəkləri toplayır, yüz qram çiçəyə bir kloqram şəkər tozu, bir litr su əlavə edib bir dəfəyə bişiririk. Həmərsinin özünü də, çiçəklərini də yığmaq çətin olduğu üçün onu toplayarkən tikanlı kollarının arasında ehtiyatlı olmaq lazımdır ki, əllərinizi dalamasın. Meyvələr tam yetişməlidir ki, onun doşabı, qurusu yaxşı olsun. Hazırlanan məhlula bəzi rayonlarımızda mət, turşu, bəzilərində isə doşab deyirlər. Bu meyvənin doşabı ilə bərabər kompotunu da hazırlayıram. Bunun üçün bir kiloqramlıq balonun içərisinə bir ovuc həmərsin, zövqə görə şəkər tozu əlavə edirik. Yaxşıca qaynadıb bağlayırıq. Qışda, əsasən də, yazqabağı bu kompot vitamin mənbəyidir. Onu da deyim ki, həmərsinin dəmləməsi və məti təzyiqi aşağı saldığı üçün ondan az-az içmək lazımdır. Amma kompotun tərkibində şirə olduğu üçün ondan daha çox istifadə edə bilərsiniz.
Fərqanə xanım həmərsindən həm turşu, həm də tomat hazırladığını deyir:
– Bunun üçün tam yetişmiş meyvələr yığılır, təmizlənib yuyulur. Ocaq qalanır, məclis qazanının yarısına həmərsin, üzərini örtənə kimi isə su tökülür. Ocaqda tam bişənə kimi qaynadılır. Hazır olduqdan sonra öncə aşsüzəndən keçirilir. Bu zaman meyvənin tikanları əlimizi dalamasın deyə, mütləq əlcək geyinirik. Aşsüzəndən keçirilmiş məhsul bir neçə dəfə ələkdən keçirilir. Ələyin içərisinə tənzif salırıq ki, daha təmiz süzülsün. Bu proses bir neçə dəfə təkrar olunur. Sonra hazır olan məhsulu böyük bir qazana töküb ocağa qoyuruq. İçərisinə zövqə görə şəkər tozu da əlavə etmək olar. Turşumuz qaynayan zaman üzərinə çıxan köpük tez-tez yığılır. Hazır olana yaxın qazanın ölçüsünə uyğun olaraq bir taxta qaşıq, ya da ki, oxlovun yarısına kimi təzə pambıq dolayır, üzərini tənziflə bükürük, onu qaynayan məhlulun içərisinə salıb fırladırıq. Bu zaman onun tərkibindəki bütün tikanlar həmin pambığa yapışır. Qaynadılıb hazır olan məhsul soyumağa qoyulur. Ardından şüşə balonlara yığılır. Fərqanə xanım onu da qeyd edir ki, tomatın hazırlanma qaydası da mətinki ilə eynidir. Bir fərq var. Mət duru olur və içərisinə bəzən şəkər tozu da əlavə edilir. Tomat isə daha qatı və azca duzlu olur. Nə hazırlayacağımızdan asılı olmayaraq, həmərsin meyvəsi tam yetişməlidir. Çünki onun vitaminlərlə zənginləşməsi üçün meyvənin yetişməsi vacibdir. Mən hər il həmərsindən müxtəlif məhsullar hazırlayır, yarmarka və festivallara çıxarıram. Yaxşı alıcısı da var bu nemətlərin.
Sara xala onu da əlavə edir ki, bu bitkinin həm yarpaqları, həm kökü, həm çiçəkləri, həm də meyvəsi müalicəvi təsirə malikdir. Xalq təbabətində ondan yara sağaltmaqda istifadə olunur. Belə ki, dəmləməsi ilə yaraları yuduqda tez sağalır. Həmərsin dəmləməsini bal ilə qarışdırıb içdikdə, orqanizmin immun sistemi möhkəmlənir. Mədə-bağırsaq xəstəlikləri zamanı faydası böyükdür. Meyvəsindən hazırlanan çay və kompot maddələr mübadiləsini yaxşılaşdırır. Yüngül sakitləşdirici təsirə malikdir. Böyrək xəstəlikləri zamanı onun fəaliyyətini yaxşılaşdırır, mayeqovucu xüsusiyyətə malikdir. Bu gün çoxumuz oynaqlarımızdakı duzlaşmadan əziyyət çəkirik. Həmərsin dəmləməsi bunun da qarşısını alır.
Nənəm həmişə deyərdi ki, bu dağların qoynunda bitən hər bitki can dərmanıdır, lakin hansını necə və nə vaxt yığmağın, həmçinin istifadə etməyin qaydasını bilməsəniz, xeyirdən çox zərərini görərsiniz. Elə bitkilər var ki, ondan hazırlanan məhsulları və ya çayı az içmək, elələri də var ki, mütəmadi istifadə etmək lazımdır. Digər bitkilər kimi, həmərsindən hazırlanan məhsullardan da qədərində istifadə etmək məsləhətdir. Xüsusilə mədə xorası, qan xəstəlikləri olan insanlar bu bitkidən məhdudiyyətlə istifadə etməlidirlər.
Sara xalanın şirin söhbətindən, qonaqpərvərliyindən doymasaq da, artıq vidalaşmaq vaxtı çatdığı üçün sağollaşıb kənddən ayrılırıq. Günəşin dağların arxasına çəkilməsi ilə Tanrının yurdumuza bəxş etdiyi gözəlliyə daha bir gözəllik qatılır, bu mənzərəni seyr edə-edə düşünürəm:
Dünyada geni dəyişdirilmiş məhsulların geniş yayıldığı bir dövrdə Naxçıvan torpağının hər bucağında vitaminlərlə zəngin bitkilər yetişir. Ulu Yaradanın bu yurda bəxşişi olan, mineral və vitaminlərlə zəngin məhsullarla nə qədər bol qidalansaq, xəstəliklərdən də bir o qədər uzaq olarıq. Yurdumuzun bu qiymətli nemətlərindən istifadə etməklə, onların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması qayğısına da qalmalı, elin sərvətini tükənməyə qoymamalıyıq.
Ramiyyə ƏKBƏROVA