sıx birlik, Vətən təəssübkeşliyi, yurda bağlılıq
Görkəmli dövlət xadimi Heydər Əliyev Sədərəyi “Qeyrət qalası” adlandıraraq demişdir: “Muxtar respublika kəndləri dəfələrlə silahlı hücumlara məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsasən, ağırlıq Sədərəyin üzərinə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqadır. Burada əsl müharibə gedir”. O günlərdə Naxçıvanın ürəyi Sədərəkdə döyünürdü, nigaran baxışlar oraya dikilmişdi. Əli silah tutan hər kəsin Sədərəyə yollandığı həmin vaxtlarda hamının arzusu, duası bir idi: cəbhəyə gedənlərin sağ-salamat qayıtması və torpaqlarımızın, yenicə qazandığımız, hələ təzəcə daddığımız müstəqilliyimizin qorunması.
Qanlı-qadalı döyüşlərdə xalq birliyi qeyrət qalasını qorudu. “Ermənilər Sədərəyə ancaq bizim meyitimizin üzərindən keçib gedə bilərlər”, – deyən oğulların qanı ilə suvarıldı Vətən torpağı. Ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən əhalinin sıx birliyi, Vətən təəssübkeşliyi, yurda bağlılığı Sədərəyi qorudu. Budur xalqımızın dəyanəti, budur vətənsevərlik, budur torpaq, yurd sevgisi. Həmin illərdə bunu təkcə mənfur ermənilər yox, bütün dünya gördü. Və bu həqiqət qədim Oğuz yurdu, adı dastanlara sirdaş olan Sədərəyə bir ad da qazandırdı – Naxçıvanın qeyrət qalası.
Ermənilər 1990-93-cü illərdə 14 dəfə Sədərəyə hücum etsələr də, hər dəfə geriyə çəkilməyə məcbur qalıblar.
Sədərək rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilib. Rayon mərkəzi olan indiki Heydərabad qəsəbəsi ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə salınıb. Ulu öndər 2002-ci ildə sədərəklilərlə görüşündə bu haqda demişdir: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni belə görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir. Vaxtilə 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, “bu bizimdir, o bizimdir”, deyirdilər. Ona görə mən burada o vaxtlar bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar”.
Bu gün rayon mərkəzi Heydərabad qəsəbəsi özünəməxsus gözəlliyi ilə düşmənə gözdağı, bizə isə qürur yaşadır. O, adına layiq məğrurluqla dayanıb düşmənin qarşısında. Mənfur düşmənlə cəmi bir neçə yüz metr məsafədə üz-üzə yerləşən bu qəsəbədə bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, istirahət parkı, rayonun idarə və müəssisələri üçün tikilmiş yeni quruculuq ünvanları göz oxşayır. Yeni inşa edilən 7 mərtəbəli yaşayış binası, hazırda tikintisi davam edən Bayraq Meydanı, Teleötürücü, çəkilən su-kanalizasiya sistemi də inkişafdan və qayğıdan xəbər verir. Buradakı bütün yollar öz rahatlığı ilə seçilir. Qəsəbədaxili yolların hər birinə asfalt döşənib, işıqlandırma sistemi quraşdırılıb. Ətrafda yaradılmış yaşıllıq zolaqları və gülkarlıqlar bu gözəlliyi daha da artırır. Səliqə-sahman və sakitlik isə buranın daimi həyat tərzinə çevrilib. Bütün mənzillərin pəncərəsindən düşmən postlarının göründüyü bu qəsəbədə həyat normal tərzdə davam edir. Heydərabadda yaşayan hər kəs, sanki səngərdə bir əsgər kimi həyat sürür. Bəli, onların hər biri əsgərdir səngərdə – öz evində Vətəni qoruyan müsəlləh əsgər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il oktyabrın 5-də muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsinə gəlib, burada istifadəyə verilən yeni obyektlərin açılış mərasimində iştirak edib. Ölkə başçısı qəsəbə sakinləri qarşısında çıxış edərək deyib: “Sizi qəsəbənin açılışı münasibətilə təbrik edirəm. Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir”.
Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır. Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı siyasəti bu bölgələri də əhatə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti və qətiyyəti, müdrikliyi nəticəsində Naxçıvan özünü qoruya bilmişdir... Əgər o vaxt Heydər Əliyev Naxçıvana gəlməsəydi və burada bütün işləri lazımi səviyyədə görməsəydi, Naxçıvanın aqibəti çox acınacaqlı ola bilərdi. Biz qədim torpağımızı itirə bilərdik”.
Ötən günlərdə bu qəsəbədə olarkən düşmən postlarının yaxınlığında yerləşən əkin sahələrində torpağa baş əyən, həyətyanı sahələrində yetişmiş meyvələri toplayıb qışa tədarük edən insanlarla rastlaşdıqca bir düşüncə məni tərk etmirdi:
“Bura elə bir yer idi ki, bir vaxtlar bütün evlər ermənilərin ağır silahlardan atdığı mərmilərlə dağıdılmışdı, nə yol var idi, nə iz. Evlərin zirzəmilərində yaşayan insanlar əllərində olan bir ovuc undan hazırladıqları çörəyi səngərdə döyüşən əsgərlə yarı bölürdülər. Elə bu Vətən sevgisi, birlik qorudu torpağımızı”.
Qəsəbədə həyat öz axarı ilə davam edir. Buranın səmimi, qoçaq, cəsur insanları ilə həmsöhbət olduq. Yaşı 70-i ötmüş Səkinə Vəliyeva:
– 1990-cı ilin soyuq, şaxtalı qış günlərində mənfur ermənilər Sədərəyə hücum etmişdilər. Topun, tüfəngin səsindən qulaq tutulurdu. Biz qadınlar evlərimizdə səngərdəki balalarımıza isti çörək, yemək bişirib göndərirdik. O vaxt belə ordu quruculuğu yox idi. Nə müasir silah var idi, nə də isti geyim-kecim. Biz o vaxt balalarımızı səngərdə tək qoyub qaçsaydıq, indi nə torpaq var idi, nə də azadlıq. Səngərdə döyüşən əsgər arxasında xalqın olduğunu bilib daha böyük bir hünərlə durdu düşmənin qarşısında. İndi dövlətimiz çox güclüdür. Onların sayəsində evlərimizdə rahat yatırıq. Hər cür şəraitimiz də var. Hər kəs torpağını istədiyi kimi əkib-becərib qazanc əldə edə bilir. Bu gün burada əmin-amanlıqla yaşayırıq. Bütün bunları isə dövlətimizə borcluyuq. Allah bayrağımızı həmişə yüksəklərdə dalğalandırsın. Xalqının, elinin qədrini bilənlərin də bax bu su kimi ömrü uzun olsun.
Heydərabad qəsəbəsinin digər bir sakini Saleh Heydərov:
– Bu qəsəbə salınan vaxtlar qonşularımızın gələcək planlarından xəbərsiz idi hamı. Bir vaxtlar çörəkpulu üçün gəlib qapımızda fəhləlik edən ermənilərin, demək ki, bu torpaqlarda gözü var imiş. Zaman keçdi, Sovetlər Birliyi dağılanda onların əsl üzünü gördük. Qəfil hücum olduğunda hər kəs əlinə silah alıb Vətənin müdafiəsinə qalxdı. Naxçıvanı tərk etməyə hazırlaşan sovet qoşunları bizə heç bir köməklik göstərmirdilər. Naxçıvan şəhərindən, Şərur və başqa rayonlardan əli silah tutan hər kəs döyüşə gəlmişdi. Öz havadarlarından güc alan ermənilər başımıza od yağdırsa da, atılan mərmilərdən evlərimiz dağılıb, körpələrimiz həlak olsalar da, bir an belə, geri çəkilmədik. Var gücümüzlə onlara sinə gərib qalib olduq. Elə gün olurdu ki, onlarla şəhid verirdik. Düşmən postlarımızı, yüksəkliklərimizi ələ keçirməyə cəhd göstərirdi. Yadımdadır, 1992-ci ilin mayında burada qanlı döyüşlər oldu. Onlarla şəhid verdik. Amma geri bir addım belə, atmadıq. Bu gün isə vəziyyət tamam başqadır. O mənfurlar 90-cı ildə ağızlarının payını elə alıblar ki, indi qorxularından dönüb biz tərəfə baxmağa belə, cürət etmirlər. Onlar öz köhnə uçuq-sökük evlərindən buradakı inkişafı həsədlə seyr edirlər. 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Həmin mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən Şərab zavodudur. Ordumuzun şəxsi heyətinin həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurması onlara gözəl bir dərs oldu.
Bu gün artıq Şərab zavodu və onun ətrafı minalardan təmizlənib. Yetmiş hektara yaxın ərazi əkinəyararlı vəziyyətə gətirilib. İndi həmin ərazilərdə boy göstərən qarğıdalı sahəsindən yüksək məhsul götürməyi planlaşdırır sakinlər.
Müsahibim buradakı inkişaf və tərəqqidən danışaraq onu da deyir ki, muxtar respublikamızın hər bir bölgəsində olduğu kimi, Sədərək rayonunun da, demək olar ki, bütün kəndlərində müasir məktəb binaları, xəstəxana ucaldılıb. Bu, bütün rayon sakinlərini çox sevindirir. Sevinirəm ki, ucqar sərhəd yaşayış məntəqələrində, kiçik kəndlərdə də belə gözəl obyektlər inşa olunub. Bu, böyük diqqətdir. Bir vaxtlar top mərmilərinin hədəfi olan bu binaların divarlarında bir güllə izi belə, qalmayıb. Düşmənin lap yaxında olduğunu bilsək də, bundan heç kim narahatlıq keçirmir. Hamı bilir ki, bizə qarşı atılan hər bir güllənin cavabı veriləcək. Çünki sərhədlərimiz etibarlı şəkildə qorunur. Sədərəyin keçmişi elə idi ki, külək əsəndə, yağış yağanda toz-torpaq, palçıqdan burada durmaq olmurdu. İndi isə hər yer abadlaşdırılıb, park salınıb, kənd sakinlərinin dolanışığı xeyli yaxşılaşıb. Bütün bunlar insanları sıx tellərlə öz elinə, yurduna bağlayır.
Doğma yurdumuz, tarixboyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğurulub. Bu yerdə vaxtilə çox müharibələr, qanlı qırğınlar olub. Ancaq yurdumuz qısa zaman ərzində qəddini dikəldə bilib, abadlaşıb, yenidən güllük-gülüstana çevrilib. Düşmənlərimiz yüz illərboyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Odur ki, qədim Oğuz yurdunun tarixin hər səhifəsində min-min salnaməsi var. Bu salnamələr bir yerə toplananda isə qədim diyar haqqında ümumi bir fikir formalaşır: Bura VƏTƏNDİR, bura doğma Naxçıvanımın qeyrət rəmzi, yenilməzlik simvoludur! Elə onu üç tərəfdən dövrəyə alan vüqarlı dağlar da əzəməti Vətən oğullarının bir vaxtlar döyüşlərdə bu torpağa hopan qanından, sevgisindən alır, – deyə düşünürəm. Düşmənə gözdağına çevrilən Sədərək-Heydərabad qəsəbəsi düşmən qarşısında hər zaman dağ kimi dayanaraq hər bir azərbaycanlıya qürur hissi yaşadır.
Ramiyyə ƏKBƏROVA