22 Dekabr 2024, Bazar

Vətənimizin ən qərb nöqtəsi, Azərbaycanın Avropaya açılan qapısı, qədim və həmişəcavan Naxçıvanımızın qeyrət qalası olan Sədərək haqqında çox deyilib, çox yazılıb. Lakin Naxçıvan şəhərindən cəmi 80 kilometr məsafədə olan bu rayon haqqında düşünərkən onun çox yox, 30 il öncəsi, yaxın keçmişdəki qəhrəmanlıqla müdafiəsi yada düşür. İftixarla xatırlayırıq ki, torpaqlarımıza göz dikmiş yağı düşmənə ilk zərbə məhz Sədərək kəndinin müdafiəsi zamanı endirilib. 

Rayon əhalisi son dərəcə ağır anlarda muxtar respublikanın vətənpərvər oğulları ilə dahi rəhbərin ətrafında yumruq kimi birləşib düşmənin başında ildırım kimi çaxdı. Düşmənin atdığı “Qradlar”, “Alazanlar” Sədərək torpağına yağış kimi yağsa da, doğma yurdunu, isti ev-eşiyini heç kim tərk etmədi və bu gün qüdrətli ordumuzun gücündən vahiməyə düşən ermənilər buraya baxmağa belə, cürət etmir. Elə bu qürurlu hisslərlə bu gün də burada həyat öz axarı ilə davam edir. Sədərəklilər bu torpaqdan bir addım da olsun, geri çəkilmədiyi kimi, onu tərəqqiyə qovuşdurub əsl cənnətə çevirməyi də yaxşı bacarırlar. Rayonun müasir mənzərəsinə baxdıqda onun tarixi təsərrüfatçılıq ənənələri və sosial həyatı ön plana çıxır. Onu da qeyd etməliyik ki, sədərəklilər təsərrüfatda bacarıqlı, işgüzar insanlardır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etsə də, digər sahələrdə də mühüm uğurlar əldə olunub.

 

Yüksəliş rəqəmlərin dili ilə

Sosial-iqtisadi sahədə görülmüş işlərin təhlili göstərir ki, Sədərək rayonunda bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilib. Təkcə cari ilin yeddi ayına aid iqtisadi göstəricilərə nəzər salsaq, bunu aydın görərik. Həmin dövrdə rayonda 1 milyon 897 min 100 manatlıq, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 59 min manat vəsait yönəldilib. Həmin vəsaitin də 9 milyon 886 min 600 manatı və ya 89,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Onu da qeyd etmək yerinə düşər ki, ötən illər ərzində rayon mərkəzi Heydərabad qəsəbəsində yeni binalar tikilib, küçələr salınıb, yaşıllıq zolaqları yaradılıb. İndi qəsəbəyə xüsusi gözəllik və yaraşıq verən həmin obyektləri saymaqla qurtarmaq olmaz: Heydər Parkı, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi, qəsəbə tam orta məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının inzibati binası, rayon Məhkəməsi, Prokurorluq, Polis Şöbəsi üçün inzibati binalar və sair. Genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri bu gün də eyni sürət və keyfiyyətlə davam etdirilməkdədir. Ötən il Heydərabad qəsəbəsində inşa olunan yeni yaşayış binası Ermənistanla sərhəddən cəmi bir kilometr məsafədə yerləşir. Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil sədərəklilərin istifadəsinə verilib. İnşası davam edən Bayraq Meydanı, teleötürücü, yeni su-kanalizasiya sisteminin çəkilişi də dövlət qayğısının daha bir nümunəsidir.

Sədərəkdə aqrar sahənin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi hər zaman diqqət mərkəzində olub. Rayonda iş adamlarına, fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara geniş imkanlar açılıb. Hara baxırsan taxıl zəmiləri, kartof, bostan-tərəvəz tarlaları, üzüm, meyvə bağları, biçənək, yonca sahələri, istixanalardır.
Sədərək rayon Statistika İdarəsindən aldığımız 1 avqust 2020-ci il tarixə olan məlumata görə, 2387 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 8664 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 36,3 sentner təşkil edib. 1621 hektar buğda əkini sahəsindən 5934 ton məhsul tədarük olunub. Məhsuldarlıq 36,6 sentnerə çatdırılıb. 736 hektar arpa əkini sahəsindən 2657 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 36,1 sentner təşkil edib. 30 hektar dənli-paxlalılar əkini sahəsindən 73 ton dənli-paxlalılar tədarük olunub. Məhsuldarlıq 24,3 sentnerə çatdırılıb, 101 hektar kartof əkin sahəsinin 79,2 faizindən 1080 ton kartof toplanıb. Məhsuldarlıq orta hesabla 135 sentner olub.
Qədim əkinçilik ənənələrinin yaşadıldığı Sədərəkdə tərəvəz və bostan sahələrində də bolluqdur. Belə ki, 371 hektar tərəvəz bitkiləri əkilən sahənin 93 faizindən 3116 ton tərəvəz məhsulları toplanıb. Bostan bitkiləri 192 hektarı əhatə edib ki, onun 87,5 faizindən 1564 ton bostan məhsulları yığılıb.
Son illər rayonda yeni meyvə bağları salınır, vaxtilə soyuqdan donmamaq üçün kəsilən, düşmən mərmilərinə tuş gələn ağacların yerinə yenilərinin əkilməsinə, üzüm bağlarının salınmasına ciddi önəm verilir. Ümumilikdə, Heydərabad qəsəbəsində 19,5, Sədərək kəndində 53,6, Qaraağac kəndində isə 42 hektar meyvə bağı mövcuddur. Bu il rayonda 1,7 hektar ərazidə yeni meyvə bağı salınıb. Həmçinin bərpa məqsədilə, ümumilikdə, 8,7 hektar sahədə 5700 meyvə, 1200 meşə və 1570 həmişəyaşıl ağaclar, 6830 gül-bəzək kolları və 1420 üzüm tingi, o cümlədən Heydərabad qəsəbəsində 500 çinar və 200 cəviz ağacı əkilib. Barverən meyvə bağlarından 539 ton məhsul yığılıb.
Heyvandarlıq kənd sakinlərinin əsas dolanışıq mənbəyidir. Bu gün Sədərək və Qaraağac kəndlərində elə ev tapılmaz ki, orada bir-iki baş mal-qara olmasın. Rayonda heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. 2020-ci ilin yanvar-iyul aylarında Sədərək rayonunda diri çəkidə 254 ton ət, 1359 ton süd, 1060 min yumurta, 17,4 ton yun istehsal edilib. Bütün təsərrüfat sahələri üzrə əldə edilən nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.

Xidmət sektorunun səviyyəsi əhalinin rifah halının daha da yaxşılaşmasına öz təsirini göstərir. Rayonda müasir nəqliyyat sisteminin qurulması, bu sektorun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2020-ci ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 253 min 200 ton yük, 448 min 800 sərnişin daşınıb. Rayonda informasiya və rabitə xidmətlərinin həcmi 625 min 800 manat olub.
Əhalinin məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, mütəmadi olaraq keçirilən əmək yarmarkaları Sədərək rayonunda da öz bəhrəsini verməkdədir. Səmərəli məşğulluq imkanlarının yaradılması rayon sakinlərinin alıcılıq qabiliyyətini yüksəldib, əmtəə dövriyyəsinin həcmini genişləndirib.

Yaşıllıqlar diyarına çevrilən
Sədərəkdə təşəbbüskar və yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava, sabaha dərin inam var

Sədərəyin hər qarışının müasir mənzərəsi, sözün əsl mənasında, insanın ürəyində fərəh doğurur. Bu gün Sədərəyi Vəli dağından seyr edəndə yaşıllıqlar içində müasir və yaraşıqlı bir rayon mərkəzi, abad evlər, axarlı-baxarlı həyətlər, güllü-çiçəkli küçələr görürük. Kəndin keçmişi ilə müqayisə edilməyəcək bugünkü gözəlliyini seyr edə-edə dahi rəhbərin adını daşıyan qəsəbədə salınmış istirahət parkında əyləşən bir neçə ağsaqqal ilə həmsöhbət oluruq. Zakir Zamanov rayonun yaşlı sakinlərindən biridir. Onun dediklərindən: – Bir vaxtlar bu torpaqlarda yetişdirilən üzümün, istixanalarda becərilən qərənfillərin sorağı uzaq diyarlardan gəlirdi. Günümüz, güzəranımız gözəl idi, ta o vaxta kimi ki, mənfur ermənilərin iç üzünü gördük. Vaxtilə süfrələrimizin başında əyləşdirdiyimiz, bir tikə çörəyimizi bölüşdüyümüz, hələ bu az imiş kimi, əlçatmaz, ünyetməz dağlarımızda, yurdumuzda sığınacaq verdiyimiz xainlər xalqımızın üstünə “Alazan”ı, “Qrad”ı bax həmin yüksəkliklərdən atırdılar. Dolu kimi yağan mərmilər evləri, ocaqları dağıdırdı. Heç bir günahı olmayan insanlar qanlarına qəltan edilirdilər. Həmin hadisələrdə peşəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, əli silah tutan hər kəs döyüşərək torpağı qorumağa can atırdı... Ağır silahlardan atılan mərmilər kəndi xarabaya çevirmişdi. Ötən əsrin 70-ci illərində salınan qəsəbə tamam dağıdılmış, ulu öndərin göstərişi ilə inşa edilən şərabçılıq zavodu, əhalinin əsas dolanışıq mənbəyi olan gül istixanaları, üzüm plantasiyaları yerləyeksan edilmişdi. Nə qədər şəhid versək də, iradəmiz sınmadı. Bu iradə Vətən sevgisindən, torpaq məhəbbətindən, ən əsası isə ulu öndərin yurdumuza qayıdışından güc alırdı. Dahi rəhbərin gəlişi səngərdəki əsgərə də, evindən didərgin düşən Sədərək camaatına da güc və ümid verirdi. Onun Sədərəkdə döyüş mövqelərindəki oğullarla və “Dəhnə” adlandırılan ərazidə çadırlarda yaşayan sakinlərlə görüşü hələ də yaddaşlardadır, indi də qürurla xatırlanır.

 


Həmin günlərdə insanlar körpə uşaqlarını, qocaları təkcə erməni hücumundan deyil, qışın sərt şaxtasından da qorumağa səy göstərirdilər. Mənfurların hücumuna paralel olaraq mavi yanacağın kəsilməsi, elektrikin olmaması, neftin tapılmaması üzündən insanlar yol kənarında, inzibati binaların həyətində, öz yaşayış yerlərində olan ağacları kəsib soyuqdan donmamaq üçün yanacaq kimi istifadə etməyə məcbur qalmışdı. Elə buna görə də gövdəli ağacların yerində kötükləri cərgələnirdi. Yadımdadır, məhəlləmizdə əncir, tut, nalbənd ağaclarına dəymirdik. Çünki onların müqəddəs olduğuna inanırdıq. Həmin çətin günlərdə belə, dəyərlərimizi qorumağa can atırdıq. Şükür, böyük Yaradanın mərhəmətinə ki, bizə dahi rəhbər Heydər Əliyev kimi bir şəxsiyyət bəxş edib. Onun geriyə qayıdışından sonra xəyal belə, edə bilməyəcəyimiz inkişafa nail olduq. Nizam-intizam, əmin-amanlıq bərpa edildi, güclü ordu yaradıldı. İnsanlar öz evinə, yurduna qayıtdı. Hər zaman öz xalqının yanında olan, ən çətin məqamlarda belə, Vətəni üçün əlindən gələni edən dahi şəxsiyyət xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması və onların bərpası istiqamətində də ciddi və ardıcıl tədbirlər həyata keçirməyə başladı. Ulu öndərin müəyyənləşdirdiyi ekoloji siyasət sayəsində bu gün diyarımızda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Bütün bunlar muxtar respublikamızın əlvan təbiətinin mühafizəsinə əsaslı təminat verir. Ana təbiətin köksünə illər öncə vurulan baltaların ürəyimizə işləyən məsum səslərini yaşıllıqlar qoynunda istirahət edən övladlarımızın şən səsləri əvəz edib. Bütün sakinlər bu gözəllikləri bizə bəxş edən ulu ­öndərimizə, onun yolunun layiqli davamçılarına daim minnətdar olacaq.
Söhbətimizin bu yerində bizə qoşulan rayon ziyalısı Novruz Əliyev bildirir ki, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti hər sahədə uğurla davam etdirilir. Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Sədərəkdə də insan əlləri ilə ərsəyə gətirilmiş gözəlliklər qorunur, onlara aqrotexniki qulluq göstərilir. Belə ki, hər həftənin şənbə günləri idarə və müəssisə kollektivləri iməcilik yolu ilə əkib-becərdikləri bağlara, meşə zolaqlarına çıxır, oradakı ağac və tinglərin quru budaqlarını və lazımsız zoğlarını vurur, ərazini alaq otlarından təmizləyir, ağacların gövdələrini sönmüş əhənglə ağardır və suvarırlar. Ali Məclis Sədrinin şəxsən yaşıllıqların salınmasında iştirak etməsi hər bir naxçıvanlıya böyük ruh yüksəkliyi bəxş edir. Bu qayğının, bu qulluğun nəticəsidir ki, doğma Naxçıvanımız artıq yaşıllıqlar diyarına çevrilib. Təkcə Heydərabad qəsəbəsinin illər öncəki vəziyyəti ilə bu gününü müqayisə etdikdə qeyd olunan faktlar açıq-aydın göz­ önünə çıxır. Bu gün Sədərək rayonunda nəqliyyat yollarının kənarlarında əkilmiş meyvə və meşə ağacları bu yollardan keçənlərin zövqünü oxşamaqla bərabər, ekoloji təmizliyi də təmin edir. Yolboyu baş-başa verən müxtəlif ağaclar zövq oxşayır, meyvə bağları bar-bəhər verir. Ən sevindirici hal isə yetişən meyvələrin toplanaraq Vətənin keşikçiləri olan əsgərlərə sovqat aparılmasıdır. Bu gün Sədərəkdə yaşı çox olan ağacı da, kiçik fidanı da uşaq kimi əzizləyib qulluq göstəririk. Hər bir sədərəkli rayonumuzun gözəlləşməsinə öz töhfəsini verməyə çalışır.
Novruz Əliyev onu da diqqətimizə çatdırır ki, 1995-ci ildən başlanan yeni inkişaf dövrünü qədirbilən sədərəklilər hər zaman böyük minnətdarlıq hissi ilə qeyd edirlər. Çünki Naxçıvanın hər bir bölgəsi kimi, Sədərək də məhz həmin dövrdən etibarən öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Rayon sakinlərinin söylədiklərini Sədərək rayonunda yaşıllıq sahələrinin necə çoxalmasına, rəqəmlərə nəzər saldıqda daha aydın görürük: Əgər 2011-ci ildə rayon ərazisində meyvə və giləmeyvə bağlarının ərazisi 75 hektar təşkil edirdisə, bu gün bu rəqəm 114,2 hektara çatıb.

Bütün bunlar onu deməyə əsas verir ki, illər öncə çəkilən əziyyətlərin, keçmişin acı bir xatirəyə çevrilməsinin əsas səbəblərindən biri mavi yanacaq, elektrik və içməli su ilə təminatla bağlı problemlərin öz həllini tapmasıdır. İndi hər kəs bu problemlərdən uzaqdır, öz gündəlik təsərrüfat qayğıları, iş-gücü ilə məşğuldur. İnsanlar indi vaxtını ərzaq, neft növbələrinə yox, yaşadığı bölgənin daha da inkişafına, abadlaşıb gözəlləşməsinə, məhsul bolluğunun yaradılmasına sərf edir. Hər kəs öz məhsuldar fəaliyyəti ilə ümumi işə töhfəsini verməyə çalışır. Bir vaxtlar çöllü-biyabana bənzəyən, barıt qoxusu gələn, top-güllə səsindən qulaq tutulan bu torpaqlar indi yaşıllıqlar məskəninə, gül-çiçək rayihəli yurda – gülüstana dönüb. Bu gün Sədərəyin Naxçıvanın inkişaf edən gözəl bir guşəsinə çevrilməsi bizə qürur, düşmənə gözdağıdır. Bu qədim Oğuz yurdunun daha firavan günləri, xoş sabahı isə hələ qarşıdadır.   

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR