Artıq dörd ilə yaxın bir zaman idi ki, torpaqlarımızda döyüş gedirdi. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın nə nizamlı ordusu var idi, nə də güclü iqtisadiyyatı. Bunu əsl fürsət sayan xain ermənilər isə bir zamanlar çörək kəsdikləri süfrəni ayaqlamağı özlərinə ar bilmədilər. Hələ, əksinə, bir vaxtlar onları gətirib, dədə-baba yurdlarımıza yerləşdirib, vaxtı gələndə istədikləri kimi istifadə edən hansısa bir qüvvənin gücünə arxalanıb “böyük Ermənistan” xəyallarını gerçəkləşdirməyə başladılar. Daxildə baş verən münaqişələr – Qarabağın müdafiəsini boş qoyub Gəncədə qiyam qaldıran, hakimiyyət davasına qalxan “vətənpərvərlərin” hərəkətləri düşmənlərimizin dəyirmanına su tökürdü...
Yüzlərlə igidimizin son ana kimi müqavimət göstərməyinə baxmayaraq, Vətənimizin bir parçası olan Xocavənd 2 oktyabr 1992-ci ildə mənfur düşmənin əlinə keçdi. Bu gün rayonun işğal edilməsindən 28 il keçir. Erməni qəsbkarları və muzdlu döyüşçülərlə gedən qeyri-bərabər döyüşlərdə bölgənin kəndləri qarış-qarış, addım-addım itirilib, əliyalın əhaliyə divan tutulub. Qaradağlı kəndində misligörünməmiş vəhşiliklər törədilib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçirilib. Bu kənd ermənilərlə qeyri-bərabər mübarizədə 4 ay tam mühasirə şəraitində qalıb, 800 sakini olan yaşayış məntəqəsində 91 nəfər şəhidlik zirvəsinə yüksəlib. Bu isə kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir Bir qədər sonra Əmirallar, Muğanlı və Kuropatkin, 1993-cü il iyulun 23-də isə Günəşli kəndləri işğal edilərək yandırılıb.
İşğaladək xocavəndlilər düşmənə qəhrəmanlıqla, son damla qanlarınadək müqavimət göstəriblər. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələri kimi, Xocavəndin kəndləri də düşmənə qarşı inadlı müqavimət göstərib, bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, 145 şəhid verilib. Bu, rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994-cü il aprelin 10-da Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə görüşüb, igid Vətən oğullarına öz təşəkkürünü bildirib, bir neçə cəsur döyüşçünü isə Vətənin yüksək mükafatı ilə təltif edib. Bu görüşdən ruhlanan əsgərlərimizin böyük şücaət və qəhrəmanlıqları sayəsində Xocavənd rayonunun – Dağlıq Qarabağın 14 min hektar ərazisi düşməndən azad edilib. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
Xocavənd rayonunun ərazisi 1458 kvadratkilometr, əhalisi 42 min 120 nəfər, o cümlədən azərbaycanlılar 10 min 994 nəfər olub. İnzibati ərazisində 1 şəhər, 2 qəsəbə və 81 kənd mövcud idi ki, onlardan da 10-da azərbaycanlılar yaşayırdı. Xocavənd Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəddir. İqtisadiyyatında əkinçilik, heyvandarlıq, quşçuluq və bostançılıq üstünlük təşkil edib. Amma rayon daha çox üzümü və yaşıl mərməri ilə məşhur olub.
Xocavənd rayonunun işğalı nəticəsində bölgənin azərbaycanlılar yaşayan kəndlərində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə viran edilib. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri xətti dağıdılıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
Rayonun füsunkar təbiəti ilə fərqlənən Ziyarət, Kirs və Ərgünəş yaylaqları Kiçik Qafqazın əsrarəngiz təbiət gözəlliklərini özündə əks etdirir. Ərazisində Bağırxan, Qırmızı Bazar kimi istirahət zonaları var idi. Xocavəndin Mədə bulağı, Baba bulağı min bir dərdin dərmanı idi.
Qədim sivilizasiyanın beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi mədəniyyət nümunələri, tarixi abidələrlə zəngin olub. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş qoç heykəllərə, ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə hər yerdə rast gəlinirdi. Xocavənd ərazisində 72 dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri var. Bu abidələr Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirir.
Erməni vandalizmi nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid alban kilsəsi, I-V əsrlərə aid alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan alban qəbiristanlıqları, Yel piri, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar.
Yurd-yuvasından didərgin düşməyə məcbur edilmiş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Rayonun məcburi köçkünləri, əsasən, Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı qəsəbələrində, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Beyləqan rayonu ərazisində 320 evdən ibarət daha bir qəsəbə istifadəyə verilib. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir. Burada rayon İcra Hakimiyyəti və digər idarə, müəssisələr üçün inzibati binalar, 360 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi, müasirtipli ATS, Bayraq Meydanı, park, müasir tələblərə cavab verən idman zalı inşa edilib.
Yaradılan şərait nə qədər yaxşı olsa da, yurd həsrəti ilə yaşayır onlar. Aradan keçən illər bu həsrəti daha da artırır. Doğma yurdlarına qayıdacaqları günün yaxınlaşdığına inananların gözləri yolda, qulaqları səsdədir. Hər səhər açılanda o şad xəbəri eşidəcəkləri anları səbirsizliklə gözləyirlər. Ali Baş Komandan cənab İlham Əliyevin münaqişənin həlli ilə bağlı atdığı addımlar, ordumuzun neçə gündür ki, davam edən rəşadəti, Füzuli və Cəbrayıl rayonlarının 7 kəndinin, Murovdağ silsiləsindəki Murov zirvəsi kimi strateji əhəmiyyətli yüksəkliyin və digərlərinin azad edilməsi, düşmənin ağır məğlubiyyəti, canlı qüvvə və texnika cəhətdən çoxsaylı itkilərə məruz qalması xocavəndliləri yaxında öz yurdlarına qayıdacaqlarını müjdələyir. Çünki bizim işimiz haqq işidir. Ali Baş Komandanın dediyi kimi:
“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ramiyyə ƏKBƏROVA