İllər öncə hər dəfə doğma diyara gələndə burada yaşayan qohum, tanışlar oradan ət məhsulları – əsasən də kolbasa gətirməyimi istəyirdilər. Amma bir neçə ildir ki, heç kim bunu istəmir. Bu hal mənə çox maraqlı gəldi və tanışlardan soruşanda ki, niyə heç biriniz ət məhsulları istəmirsiz, aldığım cavab, sözün düzü, marağıma səbəb oldu. Naxçıvana növbəti gəlişimdə burada istehsal olunan ət məhsullarının dadına baxdım. Doğrudan da, çox ləzzətli idi. Ət məhsulları kompleksi də istehsal və xidmət baxımından yüksək şəraitə malik bir müəssisədir. Artıq hər dəfə doğma diyarıma qonaq gələndə bu müəssisədə istehsal olunan müxtəlif çeşiddə keyfiyyətli ət və ət məhsullarından Bakıda yaşayan dost-tanışa sovqat aparıram. Bu sözləri Bakı şəhərində yaşayan və Naxçıvana qonaq gələn həmyerlimiz Əli Məmmədovdan eşidəndə bir anlıq keçmişə qayıdaram. Kolxoz, sovxoz vaxtlarına. Hansı ki çox işləsək də, südün qaymağını sovetlərin xəzinədarları, üzsüz hissəsini isə zəhmətkeşlər yeyirdi. Kolxozun əkin sahələri, tövlələri var-dövlətlə dolub-daşırdı. Amma insanlar o fermalardakı inəklərin nə ətindən, nə də ki südündən yetərincə faydalana bilirdi. Ümid qışa qalırdı ki, bəlkə, buz tutmuş yolda inəyin biri yıxılıb ayağını sındıra və kolxoz məcbur qalıb o inəyi kəsə və kənd sakinləri arasında bölə. Kolxozların tövlələri mal-qara ilə dolu olsa da, muxtar respublikamızda bir dənə belə olsa, ət məhsulları müəssisəsi yox idi. Bunun bir səbəbi var idi – asılılıq yaratmaq. Müstəqillik qazandığımız illərdən sonra hər sahədə olduğu kimi, bu istiqamətdə də xeyli iş gördülər. Həmin illərdə kimsə xeyir iş görəndə bir neçə gün əvvəldən Bakıya kolbasa sifarişi verməli olurdu. Bu gün isə tamam başqa bir mənzərə ilə qarşılaşırıq. Muxtar respublikamızda sahibkarlıq mühitinin formalaşması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsində əhalinin ərzaq təhlükəsizliyi təmin olunub. İllər öncə ət məhsullarına olan tələbatımızı ödəmək, dadlı-tamlı bir məhsul əldə etmək üçün muxtar respublikadan kənara çıxırdıqsa, indi bunun tamam əksini görürük. Daxili bazarda yüksəkkeyfiyyətli ət məhsulları istehsal edilir. Bu gün Naxçıvanda istehsal olunan ət məhsulları respublikamızda və qonşu ölkələrdə adla deyilir. Artıq Naxçıvan brendlərinin arasında qovurma ilə yanaşı, burada istehsal edilən kolbasanın da adı çəkilir. Belə müəssisələrdən biri, “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir. Babək rayonunun Qoşadizə kəndi ərazisində istеhsаl müəssisəsi üçün tоrpаq sаhəsi аyrılmış, 2012-ci ilin iyun ayından burаdа müasir layihə əsasında yеni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və 2013-cü ilin may ayında istifadəyə verilmişdir.
Ötən günlərdə “Gəmiqaya Ət Məhsulları Kompleksi”ndə olduq. Ramin Əliyev 10 ilə yaxındır ki, burada çalışır. O deyir:
– İstehsal sahəsində 14 çeşid kolbasa və sosiska istehsal olunur. Keyfiyyətli məhsul istehsalı üçün Türkiyə, Avstriya və İtaliyadan idxal edilmiş avadanlıqlar alınıb. İstehsal sahəsi gündə bir ton ət məhsulu istehsaletmə gücünə malikdir. İstifadə olunan xammalın 80 faizi yerli məhsullardandır. Bütün iri və xırdabuynuzlu heyvanların kəsimində dini qayda-qanunlara riayət olunan müəssisədə istehsal edilən kolbasa və sosiskalar halallıqla hazırlanıb süfrəmizə gətirilir. Müəssisənin yaradılmasında başlıca məqsəd daxili bazarı yüksəkkeyfiyyətli, rəqabətədavamlı ət və ət məhsulları ilə təchiz etməkdən ibarətdir. İstifadə olunan xammalın mütəmadi olaraq laborator müayinədən keçirilməsi burada keyfiyyətli kolbasa istehsalına imkan verir. Müasir tехnоlоji аvаdаnlıqlаr quraşdırılmış müəssisədə istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə keyfiyyətlə çatdırılması məqsədilə alınmış soyuducu kameralı xüsusi avtomaşınlardan səmərəli istifadə olunur. Hazırda müəssisədə müxtəlif çеşidlərdə ət və ət məhsulları, hisə vеrilmiş və bişirilmiş kоlbаsа məmulаtlаrı, eləcə də sоsiskа istеhsаl оlunur. Burada ət və ya hazır məhsul lаbоrаtоr аnаlizdən keçirildikdən sonra satışa burахılır.
Müəssisədə çiy dönər sifarişləri də qəbul edildiyini, daim təzə ətlə təmin olunması üçün ayrı-ayrı rayonlarda fəaliyyət göstərən fermer və fərdi sahibkarlar ilə əlaqələr yaradıldığını öyrənirik. Muxtar respublikanın ayrı-ayrı bölgələrində yaşayan əhalidən bazar qiymətlərinə uyğun olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar alınmaqla xammal tədarük edilir. Dönər hazırlayan Səfər Əliquliyev beş ilə yaxındır, burada çalışır. O deyir ki, həm dönər, həm də başqa məhsulların hazırlanmasında yerli sakinlərdən alınan ətdən istifadə edilməsinə üstünlük verilir. Burada gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirmək mümkündür. Müxtəlif dondurucu temperatura malik 8 soyuducu kamera yaradılıb, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədilə 2 soyuducu yük yeri olan nəqliyyat vasitəsi alınıb.
Burada olarkən onu da öyrənirik ki, artıq iki ildir, qovurma istehsalına da başlanılıb. Bir və iki kiloqramlıq saxsı qablarda satışa çıxarılan məhsulun keyfiyyətinin yaxşı olması üçün əvvəlcədən qovurmalıq iribuynuzlu heyvanlar seçilir, bəslənir. Payızın ikinci ayından ət qovrulmağa başlanılır. Qovurmanın hazırlanmasından söhbət açan Ramilə Novruzova illərdir ki, aşbazlıqla məşğuldur.
Müsahibim deyir ki, qovurmanın keyfiyyətli, dadlı çıxması üçün üç şərtə əməl olunmalıdır: kəf təmiz yığılmalı, ət qaynadılanda və qızardılanda vaxtında götürülməli, bir də duzu qaydasında olmalıdır. Naxçıvan qovurması, adətən, iki-üçyaşlı qoç, yaxud erkək dana ətindən hazırlanır. Ənənəvi olaraq mis qazanlarda hazırlanan qovurmanı sərin yerdə şüşə və çuqun qablarda aylarla saxlamaq olar. Qovurma soyuducuda yox, quru, sərin yerdə saxlanılmalıdır.
Ət məhsulları kompleksində olarkən öyrəndik ki, heyvandarlıqla məşğul olan sahibkarlar istədikləri vaxt təsərrüfatında ətlik iribuynuzlu və xırdabuynuzlu heyvanları kompleksə nağd yolla sata bilirlər. Eyni zamanda sahibkar əgər, sadəcə, kəsim üçün müraciət edibsə, kəsilən heyvanın əti müəssisədəki xüsusi maşınlarla sifarişçilərin ünvanlarına çatdırılır.
Müəssisənin nəzdində fəaliyyət göstərən mağazanın xidmətlərindən istifadə edən alıcı Hüseyn Səfərov deyir ki, kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanı yaradır.
Bütün bunlardan belə qənaətə gəlmək olur ki, muxtar respublikamızda istehsal olunan məhsullara təkcə yerli əhali tərəfindən deyil, buraya gələn qonaqlar tərəfindən də böyük maraq göstərilir. Onu da bildirək ki, gələcəkdə müəssisədə istehsal olunan məhsulların ölkəmizin digər regionlarında satışı və xarici bazarlara çıхаrılmаsı da plаnlаşdırılır.
Ramiyyə ƏKBƏROVA