21 Dekabr 2024, Şənbə

Hər il olduğu kimi, bu il də muxtar respublikamızın şəhər və rayon mərkəzlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər təşkil edilir. Bu tədbirlərdən biri də  bayram tədbirində iaşə xidmətlərinin göstərilməsidir. Bu, sakinlərin istədikləri məhsulu daha asan əldə etmələri, həm də müxtəlif istehsal müəssisələrinin, kənd yaşayış məntəqələrində fəaliyyət göstərən ailə təsərrüfatçılarının öz məhsullarını satışa çıxarmasına imkan yaratmaq məqsədi daşıyır. 

 

Dekabrın 31-dən etibarən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində təşkil edilən növbəti belə tədbir yanvarın dördünə kimi davam edəcək. İlk gün, ümumilikdə, 18 istehsal müəssisəsi, 17 iaşə, 8 ailə təsərrüfatı, bir ticarət xidməti sakinlərin xidmətindədir. Biz də həmin bayram tədbirində iştirak edib sakinlər, ailə təsərrüfatçıları və istehsal müəssisələrinin əməkdaşları ilə həmsöhbət oluruq.“Gəmiqaya Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində 10 ildən artıqdır ki, çalışan Famil Qasımov deyir:
– Müəssisənin istehsalı olan süd və süd məhsulları, müxtəlif şirniyyatlar, xəmir məmulatları ilə sakinlərin xidmətindəyik. Buraya təkcə Naxçıvan şəhərindən yox, rayonlarımızdan da gələnlər var. Onlar da göstərilən xidmətlərdən yararlanırlar.
“Ləzzət Qida Sənaye” MMC-nin istehsalat şöbəsinin müdiri İldanə Əsədova ilə birgə həmin müəssisəyə məxsus stentdə satışa çıxarılan məhsullarla tanış oluruq:
– Hər bir bayram öz gəlişi ilə xalqa sevinc gətirir. Builki bayram tədbirində müəssisəmizin istehsalı olan yüzdən çox məhsulla iştirak edirik. Bu məhsulların içərisində müxtəlif növ şirniyyat, çərəzlər maraqla qarşılanır və alınır. “Nati” markası ilə satışa çıxarılan məhsullar, xüsusilə də uşaqların diqqətini çəkir. Çalışırıq ki, bu əziz gündə hər kəs müxtəlifçeşidli məhsullardan alıb süfrəsini bəzəyə bilsin. Münasib qiymətə satışa çıxardığımız məhsullar alıcı rəğbəti qazanıb.

Elə buradaca Bakı şəhərindən yurdumuza qonaq gələn Səbinə Əliyeva ilə həmsöhbət oluruq:
– Oğlum Sədərək rayonunda hərbi xidmətdədir. O, altı aydır ki, burada xidmət edir. Onu görmək, Yeni ili oğlumla qarşılamaq üçün diyarınıza gəlmişəm. Bu, Naxçıvana ilk gəlişimdir. İki gündür ki, buradakı gözəllikləri kəşf edir, qış fəsli bir yurda bu qədərmi gözəl yaraşar, – deyirəm öz-özümə. Başıqarlı dağların əhatəsində olan sərt iqlimə malik bu diyarın insanlarının ürəyi o qədər gözəldir ki, soyuq havada belə, insanın qəlbini isidir. Bu hisslər məndə əbəs yerə yaranmayıb. İki gün öncə Sədərək rayonuna oğlumu görməyə gedəndə gördüyüm mənzərə ürəyimi dağa döndərdi. Mən Bakıdan buraya pay tutub balamın görüşünə gəlmişdim ki, oğlum ana əlinin isti yeməyini dadsın. Gəlib görürəm ki, onların o qədər gözəl şəraiti var ki, sanki evlərindədirlər. Üstəlik, buranın dövlət qurumları səngərdə xidmət edən əsgərləri öz balaları kimi əzizləyib onlara bayram sovqatı gətiriblər. Öyrənirəm ki, rayonun xanım icra başçısı şəxsən müxtəlif qurumların, nazirliklərin rəhbərləri ilə bərabər əsgərləri görməyə, onların bayramını təbrik etməyə gəlib. Minnətdaram muxtar respublikanın rəhbərinə ki, bu cür gözəl şərait yaradıb. Bayram tədbirinə gəldikdə təşkilatçılıq mükəmməldir. Hansı rayonun, hansı müəssisənin stendinə yaxınlaşdımsa, hörmət gördüm. Əsgər anası və qonaq olduğumu bilənlər “qonağımız olun”, – dedilər.
Bakı sakinindən xoş təəssüratlarla ayrılır, ailə təsərrüfatçıları ilə həmsöhbət oluruq. Şərur rayonunun Zeyvə kəndindən olan Günay Qasımova şirniyyat istehsalı ilə məşğuldur. O deyir ki, dövlətimizin yaratdığı şəraitdən istifadə edir, belə tədbirlərdə həm ailə təsərrüfatı məhsularının təqdimatını, həm də satışını təşkil edirik. Gətirdiyim məhsulların, demək olar ki, çoxunu satmışam. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Naxçıvan şəhər sakini, ailə təsərrüfatçısı Kamran Kazımov meyvə cipslərinin və tərəvəz tozlarının istehsalı ilə məşğuldur. Bildirir ki, həmişə dövlətimizin dəstəyini hiss edir. Bundan öncə də, bu gün də təşkil edilən tədbirlər məhsulların satışı ilə yanaşı, tanınmasına və sakin­lərin istədikləri məhsulu daha asan əldə etməsinə xidmət edir. Havanın şaxtalı olmasına baxmayaraq, sakinlər şəhərin mərkəzində keçirilən bu bayram tədbirinə həvəslə gəlib.
Naxçıvanqalada təşkil edilən bayram tədbirində Kəngərli rayonunun Qarabağlar kənd sakini Elnarə Kazımova deyir ki, müxtəlif pencər quruları, dərman bitkiləri, mürəbbələr, qış yeməkləri istehsalı ilə məşğuldur. Belə tədbirlər kənd­linin, təsərrüfatçıların halal qazanc mənbəyidir. Fəaliyyətinin əsas istiqamətinin şirniyyatçılıq olduğunu deyən həmsöhbətim bildirir ki, bayram süfrəsinin əsas bəzəyi olan şirniyyatlar alıcılar tərəfindən rəğbətlə qarşılanıb.
Ordubad rayonunun Kotam kənd sakini Nazim Həsənov da söhbətə qoşulur:
– Əvvəllər bağlarımızdakı meyvələrdən satdığımızı satır, sata bilmədiyimiz isə yerə tökülərək zay olurdu. Ancaq dövlətin kəndli üçün yaratdığı bu imkan nəticəsində artıq yerə tökülən meyvələri də istifadəyə yararlı hala gətirib sata bilirik. Bu gün mən öz təsərrüfatımda müxtəlif növ losyonlar, meyvə araqları və sirkələri, həmçinin meyvə quruları istehsal edirəm.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində şəhər sakini Validə Məmmədova ilə də həmsöhbət oluruq:
– Nəvələrim şəhər mərkəzində bəzədilmiş yolkanın ətrafında gəzib əyləndikdən sonra buraya üz tutduq. Ordubadın sucuğundan, alanasından, Babəkin dadlı meyvələrindən, Qarabağların üç növ kəklikotusundan aldım. Uca Tanrıdan bu şəraiti yaradanlara ömür arzuladım. Bu xalq xoşbəxtdir ki, onun hər bir vətəndaşa qayğı göstərən dövləti var. Allah dövlətimizin bayrağını həmişə uca eləsin.
Müstəqillik qazandığımız illərdən xalqımız ən çətin günlərdə belə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili ruh yüksəkliyi ilə qarşılayıb, gələn illərin daha xoş, daha gözəl günlər gətirməsi diləyi ilə bir-birlərini təbrik edib. Artıq iki ildir ki, bu bayramları qalib və güclü dövlət, qüdrətli xalq olaraq qeyd edir və illər öncə gələn il bu vaxt Qarabağımızın azad olmasını arzulayırdıqsa, artıq iki ildir ki, cənnətimizin yenidən qurulmasından, bərpa olunan tarixi yerlərimizdən söhbət açırıq. Gələn il azad torpaqlarımızda dövlət qayğısı ilə bərpa olunan evlərimizdə öz çırağımızı yandırıb, süfrə bəzəyib, yeni ili qarşılamağı arzu edirik.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR