14 Yanvar 2025, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” da bu sahənin hərtərəfli inkişafına təkan verməklə, həm də bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasını tələb edir. Hamımıza məlumdur ki, dəmir yolu nəqliyyatında görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi, hərəkət vasitələrinin, texniki avadanlıq və qurğuların idarə edilməsi, daşınan sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz və itkisiz çatdırılması üçün bu sistemdə çalışanların yüksək texniki biliyə malik olmalarının mühüm əhəmiyyəti vardır. Dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsi, daşımaların təhlükəsizliyi, onun infrastrukturunun yeniləşdirilməsi, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək baxımından yuxarıda adıçəkilən proqram mühüm əhəmiyyət kəsb edir.

Məhz bu məqsədlə Naxçıvan Dövlət Texniki Kollecində 2013-2014-cü tədris ilində Nəqliyyatda daşımaların təşkili ixtisasına ilk qəbul aparılmışdır. Hazırda həmin ixtisasda təhsil alan III kurs tələbələrinin sayı 23 nəfərdir. II kursda isə 19 nəfər təhsil alır. 2015-2016-cı tədris ili üçün bu ixtisasa 23 nəfərin qəbul olunması nəzərdə tutulmuşdur. Kollecə həmin ixtisas üzrə qəbul ümumorta təhsil bazasından aparılır və tədris müddəti dörd ildir. Təhsilin sonunda məzunlara subbakalavr ixtisas dərəcəsi verilir. Kollecdə tələbələrin həmin ixtisasa yiyələnmələri üçün hərtərəfli şərait yaradılmışdır. Dərslərin əyaniliyini təşkil etmək məqsədilə Nəqliyyatda daşımaların təşkili fənn kabinəsi yaradılmışdır. Kabinəni zənginləşdirmək üçün buraya stend­lər, fotoşəkillər və bir sıra avadanlıqlar gətirilmişdir. Tədrisi müasir təlim metodları ilə aparmaq üçün kollecə bu sahə üzrə ixtisaslı kadr cəlb edilmişdir. Qeyd etmək yerinə düşər ki, Naxçıvan Dövlət Universitetində Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə kadr hazırlığına 2012-2013-cü tədris ilindən başlanmışdır. Buna görə də Naxçıvan Dövlət Texniki Kollecində hazırlanan kadrların bilik səviyyəsinin daha da yüksək olması üçün muxtar respublikanın bu ali təhsil ocağı ilə sıx əlaqələr saxlanılır, birgə açıq dərslər keçilir. Tələbələr əyani dərsləri kollecin maddi-texniki bazası əsasında öyrənməyə çalışırlar. Digər praktik məşğələlər isə Naxçıvan dəmiryol stansiyasında və Culfa dəmiryol qovşağındakı struktur sahələrdə aparılır. İxtisasın tədris planına uyğun olaraq, sonuncu kursun səkkizinci semestrində tədris, texnoloji və diplomqabağı təcrübələrin “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilməsi nəzərdə tutulmuşdur. Son üç ay yarımlıq tədris yalnız alınan nəzəri biliklərin təcrübədə əsaslandırılmasına hesablanmışdır. Müəllimlər tələbələrə oxuduqları ixtisasın sirlərini öyrətməklə yanaşı, həm də onlara həmin ixtisası sevdirməyi qarşıya məqsəd qoyublar. Bunun üçün müxtəlif metodlardan istifadə edilməsi tələbələrdə ixtisasa hörmət, onların davranışlarında məsuliyyət hissi yaradır.
Hazırda kollecin III kursunda təhsil alan 23 nəfər tələbənin 2017-ci ildə müvafiq ixtisas üzrə ilk buraxılışı olacaq. Bu isə üzərimizə daha böyük məsuliyyət hissi qoyur. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq, muxtar respublikamızda dəmir yolu nəqliyyatı üzrə ixtisaslı kadrların yetişdirilməsinə öz töhfəmizi verək.

Asəf RUŞANOV
Naxçıvan Dövlət Texniki Kollecinin tədris işləri üzrə direktor müavini

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR