Heydər Əliyev adına tam orta məktəb fəaliyyətə başladığı dövrdən keçən müddət ərzində ulu öndərin adına layiq işi ilə təkcə Naxçıvan Muxtar Respublikasının deyil, ölkəmizin təhsil sistemində öz qabaqcıl yerini tutmuşdur. Ötən ilin oktyabr ayında bu təhsil ocağının 10 illik yubileyi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir ki, təhsil sahəsində qazanılan nailiyyətlər hər bir ölkənin milli sərvətidir. Heydər Əliyev adına tam orta məktəb ötən 10 ildə savadlı və vətənpərvər gənc nəslin yetişdirilməsi sahəsində uğurlu fəaliyyət göstərmiş, təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olmuşdur. Ölkənin tərəqqisi təhsildən, təhsilin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Bu məktəbdə də əldə olunan nailiyyətlər müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Heydər Əliyev adına tam orta məktəb muxtar respublikanın qabaqcıl təhsil mərkəzi kimi bundan sonra da öz fəaliyyətini genişləndirməlidir.
Bəli, bu il qəbul imtahanlarında qazanılan uğurlarla məktəb ulu öndərin adına layiq fəaliyyət göstərdiyini bir daha sübut etdi. Belə ki, 2014-2015-ci tədris ilində məktəbi bitirən məzunlardan 59-u ali məktəblərin, 2-si isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüb. Onlardan 15 nəfəri 500-700 intervalında bal toplayıb. Məktəbin məzunlarından 4-ü 600 balı keçərək göstərilən etimadı doğruldub. Həmin gəncləri oxucularımızla tanış edirik:
Nurlan RZAYEV: – Təhsil aldığım illərdə dərslərimə yaxşı hazırlaşmışam. IX sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirmişəm. Fənn olimpiadalarında uğurlu nəticələr əldə etmişəm. Uğur qazanmağımın ən böyük səbəblərdən biri məktəbimizdə yüksək təhsillə yanaşı, tez-tez keçirilən sınaq imtahanları idi. Həm də mən həmişə məktəb kollektivi tərəfindən həvəsləndirilmişəm. Ötən il Ali Məclisin Sədri tərəfindən mənə nootbuk hədiyyə edildi. O qədər sevinirdim ki, bunu sözlə ifadə edə bilmirəm. Onu da deyim ki, bacım və qardaşım da ali məktəb tələbələridir. Qarşıma məqsəd qoymuşdum ki, daha yüksək nəticə əldə edim. Sevinirəm ki, arzuma çatdım. Builki qəbul imtahanlarında 682 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olundum. Bundan sonra məni daha məsuliyyətli illər gözləyir. Mən ali məktəbə qəbul olmaqla işimi bitmiş hesab etmirəm. Əvvəlcə onu deyim ki, əgər gələcəkdə öz xalqına və dövlətinə layiq vətəndaş kimi yetişmək istəyirsənsə, çox çalışmalısan. İnanıram ki, təhsilimi uğurla başa vuracağam.
Şənhəyat ABBASOVA: – Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaqla həmişə qürur duymuşam. Hara getsəm, fəxrlə bu məktəbin məzunu olduğumu deyəcəyəm. Və sevinirəm ki, məktəb kollektivimizin və ailəmin ümidlərini boşa çıxarmadım. Ailəmizin birinci övladıyam. Atam və anam tələbə valideyni olduqlarına görə çox sevinirlər. Uşaqlıqdan ədalət tərəfdarı olduğumdan gələcəkdə ədalətli hüquqşünas olmaq istəyirəm. Orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyurdum. Bunun üçün məktəbimizdə hər cür şərait yaradılıb. Ötən il məktəbimizin 10 illik yubileyi geniş şəkildə qeyd olundu. Hamımız çox sevinirdik. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bizə verdiyi tövsiyələr məni daha da ruhlandırdı. İmtahanlara az müddət qalmasına baxmayaraq, gücümü topladım. Hədəfimə doğru ilk addımı atdım. 655 bal toplayaraq tələbə adını qazandım. İxtisas seçimimdə muxtar respublikanın ali məktəblərinə üstünlük verdim. Və Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olundum.
Kazım ƏKBƏROV: – Orta məktəbdə oxuyarkən sınaq imtahanlarında yüksək bal toplayırdım. Hədəfim böyük idi. Qəbul imtahanlarında 600 balı keçməyi qarşıma məqsəd qoymuşdum. Sevinirəm ki, bu arzuma çatdım. 623 bal toplayaraq Qafqaz Universitetinin Mühəndislik fakültəsinə qəbul olundum. Onu da deməyi özümə borc bilirəm ki, məzunu olduğum tam orta məktəbdə yaradılan şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Bu gün tələbə adını qazanmaq, məncə, heç də çətin deyil. Yaşadığımız dövr indiki gənclərdən yüksək bilik, intellektual səviyyə tələb edir. Bunlara nail olmaq üçün bizə yaradılan şəraitdən düzgün və səmərəli istifadə edən hər kəs istədiyinə nail ola bilər. Muxtar respublikada təhsilə qayğı əsas vəzifəyə çevrilib. İndi bir arzum da var: tələbəsi olduğum ali məktəbdə mükəmməl təhsil alıb yaxşı mühəndis kimi yetişmək. Buna nail olmaq üçün var gücümlə çalışacağam.
Könül BAĞIROVA: – Mən 617 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olunmuşam. Uşaqlıqdan xarici dillərə böyük marağım olub. Məktəbimizdə ingilis dili fənni yüksək səviyyədə tədris olunur. Ümumiyyətlə, məktəbimizdə yaxşı oxumaq üçün bütün imkanlar var. Müəllimlərimiz hər bir şeyi dərindən öyrənib qavramağımız üçün səylə çalışırdılar. Nəticə isə həm məni, həm valideynlərimi, həm də məndən bu uğuru gözləyən müəllimlərimi çox sevindirdi. Bundan sonra da öz üzərimdə çalışacaq, harada oxumağımdan, harada olmağımdan asılı olmayaraq, savadlı, vətənpərvər vətəndaş kimi yetişəcək, Azərbaycan gəncliyinin adını qoruyaraq biz gənclərə göstərilən etimadı doğrultmağa səy göstərəcəyəm.
Bəli, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda gənclər öz vətənpərvərliyi və intellekti ilə müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında öz fəallıqları ilə seçilirlər. Heydər Əliyev adına tam orta məktəbin kollektivi də məhz belə gənclərin yetişdirilməsi üçün əlindən gələni əsirgəmir. Bu təhsil ocağı bundan sonra da ölkəmizin qabaqcıl məktəbləri sırasında olacaq, məktəbin məzunları müstəqil Azərbaycanın və muxtar respublikamızın daha da çiçəklənməsi üçün böyük uğurlara imza atacaqlar.
Sara ƏZİMOVA