Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin üzvü, dosent Rafiq Babayevin “İnancların poetikası” monoqrafiyası nəşr edilib. Azərbaycan folklorunun aktual problemlərindən birinə həsr olunan tədqiqat əsərində xalq arasında geniş yayılan inancların strukturu araşdırılıb, obrazlar təhlil edilib, onlara məkan və zaman kontekstində yanaşılaraq janrın imkanları üzə çıxarılıb. Tədqiqatçı araşdırmalara əsaslanaraq inanclarda əks olunan obrazların mifoloji mahiyyətini aça bilib, onun mifoloji təsəvvürlərdəki yerini müəyyənləşdirib.
Son on il ərzində Azərbaycan folklorunun tədqiqi ilə bağlı xeyli monoqrafiya və məqalələr yazılsa da, bu sahədə hələ də boşluqlar qalmaqdadır. Rafiq Babayevin monoqrafiyası məhz bu boşluqları dolduran əsərlərdən biridir.
Qeyd etdiyimiz kimi, tədqiqatçının araşdırdığı inanclarda əks olunan obrazlar Azərbaycan xalqının mifoloji düşüncəsi kontekstindən təhlil edilib. Belə obrazlardan biri “Fatma nənə”, bəzən isə “Qarı nənə” adı ilə tanınan obrazdır. Əsərdə Fatma nənənin adı ilə bağlı məfhumların mifoloji funksiyası araşdırılmaqla bərabər, bu obrazın türk xalqlarının folklorundakı yeri də aydınlaşdırılıb. Obrazın özbək və taciklərdə “Fatma bibi”, türkmənlərdə “Bibi Fatma”, qırğızlarda “Batuma Zuura” adlanması onun bütün türkdilli xalqların folkloru üçün xarakterik olduğunu göstərir. Müəllif müxtəlif türk xalqlarının inanc mətnlərində saxlanan izlərlə bu obraza məxsus funksiyanın müxtəlif cəhətlərini bərpa edə bilib, obyektlərin transformativ xüsusiyyəti əsərdə xüsusilə qabardılıb. Fatma nənənin hanası (göyqurşağı) altından keçən qızın oğlana, oğlanın qıza çevrilməsi, yaxud Fatma nənənin toxunduğu xəstənin sağalması məhz belə xüsusiyyətlərdəndir. Ümumiyyətlə, bu tip çevrilmələr Azərbaycan folkloru, xüsusilə mifoloji mətnlər üçün xarakterikdir.
Monoqrafiyada inanclarda əks olunan hadisələrin müəyyən məkan və zaman kontekstində baş verməsi ilə bağlı məsələlər də araşdırılıb. Bu mətnlərdə “bu dünya” və “o biri dünya” anlayışları aydın şəkildə izah olunub. Məlumdur ki, ən qədim inanclarda mifoloji dünya bu dünya və o biri dünya şəklində təsəvvür edilib. Dünyanın üçqatlı quruluşu ilə bağlı inanclar, yəni tanrıların, insanların və ölülərin yaşadığı dünyalar daha sonra formalaşıb. Bu baxımdan müəllifin “Kitabi-Dədə Qorqud”dan gətirdiyi parçalar dünyanın quruluşu ilə bağlı ən qədim təsəvvürləri əks etdirir və eyni zamanda dastanın qədimliyinə işarə edir.
Araşdırmalar göstərir ki, fоlklоr nümunələrindəki mifоlоji оbrаzlаrın funksiyаsı kоsmik dünyа mоdеli sistеmindəki mövqеyi ilə müəyyən еdilir. Bu оbrаzlаrın xаrаktеrindəki ziddiyyətlər оnlаrın mifоlоji səciyyəsi və funksiyаsı ilə bаğlıdır.
Rafiq Babayevin yeni nəşr olunan monoqrafiyası Azərbaycan folklorunda əks olunan, müəyyən məkan və zaman daxilində fəaliyyət göstərən mifoloji obrazların araşdırılması sahəsində dəyərli əsərlərdən biri olmaqla ümumtürk mifologiyasının öyrənilməsi üçün də əhəmiyyətlidir. Belə hesab edirik ki, bu uğurlu tədqiqat əsəri ədəbiyyatşünaslarımızın stolüstü kitablarından biri olacaqdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü