23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrü virtual məkansız təsəvvür etmək mümkün deyil. Bu ucsuz-bucaqsız məkanda hər gün müxtəlif dəyişikliklərlə bərabər, texnoloji yeniliklərin də şahidi oluruq. Bu günlərdə 15 yaşlı Naxçıvan məktəblisinin yeni ixtirası isə, sözün həqiqi mənasında, texnologiya dünyasına mühüm töhfə sayıla bilər. “Mr.VOOL” adlı proqramın yaradıcısı İsmayıl Şirzadovla “Şərq qapısı” qəzetinin redaksiyasında görüşüb söhbət etdik. İlk sualımız isə özü haqqında oldu:
– İsmayıl, istərdik əvvəlcə özün haqqında məlumat verəsən.
– 2000-ci ildə Əliabad qəsəbəsində anadan olmuşam, 16 nömrəli tam orta məktəbdə təhsil almışam. Ailəmizin ən kiçik üzvüyəm. 15 yaşım var. Bu il Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunmuşam. Təhsilimi orada davam etdirəcəyəm.

– Kompüter proqramlarının hazırlanmasına nə vaxtdan başlamısan və yeni layihə hansı texnoloji yenilikləri özündə əks etdirir?
– Əvvəlcə onu deyim ki, kompüter texnologiyasına marağım kiçik yaşlarımdan başlayıb. Fərdi şəkildə evdə daim bu texnologiya ilə məşğul olmuşam. Getdikcə müxtəlif kompüter proqramlarının hazırlanmasına daha çox maraq göstərmişəm və bu maraq da, əsasən, onunla bağlı olub ki, istifadəçilər üçün internetdən istifadə daha asan olsun. Yeni layihə haqqında isə onu deyə bilərəm ki, hazırladığım “Mr.VOOL” proqramı internet istifadəçiləri üçün səsli axtarış imkanını təqdim edir. Məsələn, gün ərzində internetdə axtarış sistemləri vasitəsilə müxtəlif ünvanlar və sair axtarırıq. Yeni proqramda isə axtardığımız hər bir obyekti, sadəcə, dilimizdə bir dəfə səsləndirməklə tapa bilirik. Sadə bir izahat verim. Proqramı yüklədikdən sonra, deyək ki, “Chrome” brauzerini açmaq istəyirsiniz, siz, sadəcə, “Open Chrome” deyirsiniz, brauzer avtomatik olaraq açılır. Və yaxud Yahoo, Google axtarış sistemlərində hər hansı bir obyekti axtararkən axtardığınız obyektin ingiliscə adını söyləyirsiniz və həmin obyekt axtarış sistemində üzə çıxır. Hər hansı bir pro­qramdan çıxmaq istədiyinizdə “Exit” sözünü deyirsiniz. Proqram özü avtomatik olaraq bağlanır. Bundan əlavə, səslə kompüteri söndürmək və yenidən açmaq da mümkündür. Ümumiyyətlə, “Mr.VOOL” proqramı vasitəsilə kompüterdəki bütün proqramları, faylları, CD yerini açıb-bağlamaq olar.
– Bəs proqrama Azərbaycan dilində əmrlər verilsə necə?
– Hazırladığım proqramda ingiliscə əmrlərin tərtib olunmasına səbəb yaxın müddətdə proqramı dünya bazarına çıxarmaq istəyimlə bağlıdır. Onu da qeyd etmək istəyirəm ki, proqramı istifadəçilərə mane olmasın deyə, hər zaman kompüterdə arxa planda çalışdırmaq mümkündür. Yəni bu proqram vasitəsilə həm internetdə axtarışlar etmək, həm də kompüter daxilindəki proqramları səs vasitəsilə idarə etmək mümkündür.
– Bəs gələcək planların haqqında nə deyə bilərsən?
– Hazırda proqram üzərində təkmilləşdirmə işləri aparıram. Yaxın gələcəkdə proqrama kompüterdəki səhifələrin aşağı-yuxarı hərəkətini təmin edən idarəetmə, mətnlərin proqram tərəfindən səsli oxunuşu və əksinə, səsləndirilən mətnlərin yazılması kimi funksiyaları əlavə etmək istəyirəm. Bundan əlavə, görmə qabiliyyəti məhdud insanlar üçün səsli idarəetmənin tətbiqi də gələcək planlar içərisindədir. Məqsədim internet istifadəçilərinin rahatlığını yüksək səviyyədə təmin etməkdən ibarətdir.
– Müsahibə üçün sağ ol, gələcək işlərində uğurlar arzulayıram.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR