Naxçıvan Dövlət Universitetində “Azərbaycan milli mətbuatı – 140” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli Sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Milli Mətbuat Günü muxtar respublikada da silsilə tədbirlərlə qeyd olunur. Rektor müstəqil, demokratik mətbuatın formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, milli jurnalistikanın inkişaf strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Naxçıvan Dövlət Universitetində ali təhsilli jurnalist kadrlarının hazırlanmasına və onların iş yerləri ilə təmin olunmasına göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, Naxçıvan Dövlət Universitetində Media Mərkəzi şəklində cəmləşən “Qeyrət” nəşriyyatı, Mətbuat şöbəsi, “Universitet” televiziyası və “Nuhçıxan” radiosu fəaliyyət göstərir. Saleh Məhərrəmov universitetin jurnalist əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
Konfransda universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid “Naxçıvanda mətbuatın yaranması və inkişafı”, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Azərbaycan mətbuatı tarixində “Molla Nəsrəddin” mərhələsi”, universitetin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov “Əkinçi” qəzetində mətbuat və jurnalistika məsələləri”, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva “Milli mətbuatın inkişaf tarixi”, “Universitet dünyası” muzeyinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Abbas Hacıyev “Müstəqillik illərində Naxçıvan mətbuatı”, universitetin Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Ümummilli lider Heydər Əliyevin milli jurnalistikanın inkişafındakı xidmətləri” mövzularında məruzələr ediblər.
Məruzələrdə milli mətbuatın Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında, milli şüurun formalaşmasında və bəşəri dəyərlərin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı özünəməxsus rolundan danışılıb. Qeyd olunub ki, milli mətbuat ictimai mühitin, milli ideologiyanın, müstəqillik uğrunda mübarizənin formalaşmasına xidmət edib. Azərbaycanda azad, demokratik mətbuatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin 6 avqust 1998-ci il tarixdə “Azərbaycanda söz, fikir, məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” imzaladığı Fərman, 7 dekabr 1999-cu ildə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” Qanun və digər fərman və sərəncamlar milli jurnalistikanın inkişafına böyük təkan verib. Ümummilli liderin kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ölkənin informasiya tələbatının ödənilməsi, jurnalist kadrların yetişdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət bu gün də uğurla davam etdirilir. Milli mətbuatın yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunması, müxtəlif mətbuat orqanlarına və informasiya agentliklərinə maliyyə dəstəyi göstərilməsi, Naxçıvan Muxtar Respublikasının timsalında regional jurnalistikanın nümunəvi inkişafı buna parlaq sübutdur.
Mehriban SULTAN