Naxçıvan Muxtar Respublikasında texniki-peşə təhsilinin inkişaf tarixinin təhlili göstərir ki, bu təhsil pilləsi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində formalaşaraq tarixi bir yol keçib və iqtisadiyyatımızın bütün sahələrinin ixtisaslı kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayıb. Xüsusən 1995-ci ildən sonrakı dövrdə muxtar respublikanın texniki-peşə məktəblərində təlim-tərbiyə prosesinin səmərəliliyinin yüksəldilməsi, gənclərin peşə və fənlərə olan maraq və meyillərinin artırılması, istedadlı gənclərin üzə çıxarılması, onlarla aparılan işin forma və metodlarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Bundan başqa, müasir infrastrukturun yaradılması, texniki-peşə təhsilinin təkmilləşdirilməsi, bazar iqtisadiyyatının tələblərinə və əmək bazarında rəqabətədavamlı, yüksəkixtisaslı kadrların hazırlanması da xüsusi diqqətdə saxlanılan məsələlərdəndir. 2012-ci il avqust ayının 15-də istifadəyə verilən Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi də muxtar respublikada texniki-peşə təhsilinin müasir standartlarda həyata keçirilməsinə imkan verir.
Ötən günlərdə qonağı olduğumuz məktəb haqda qısa məlumat verərək qeyd edək ki, bu təhsil ocağı nəinki muxtar respublikamızda, hətta ölkəmizdə yüksək şəraitə və maddi-texniki təchizata malik olan məktəblərdən biridir. Məktəbdə 4 elektron lövhəli sinif, 2 metodiki kabinə, 2 avtotrenajor sinfi var. Sinif otaqları lazımi avadanlıqlarla təchiz edilib, kompüterlər internetə qoşulub. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnməsinə, yol hərəkəti qaydalarının dərindən mənimsənilməsinə imkan verir. Təbii ki, belə təhsil şəraiti nəqliyyat vasitələrindən düzgün istifadəyə və yol hərəkətinin təhlükəsizliyinə təminatdır. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Binanın birinci mərtəbəsində sənədlərin qəbulu otağı, tibb məntəqəsi, anbar, iş otaqları, kombayn və traktorların quruluşu, avtomobillərin quruluşu və istismarı, təcrübə-məşğələ və avtotrenajor sinifləri yerləşir. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılıb, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulub. Sözsüz ki, bütün bunlar keçilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsini, kənd təsərrüfatı texnikaları üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasını şərtləndirən başlıca amillərdir. Sürücülük peşəsinə yiyələnmək istəyənlər avtotrenajor siniflərində avtomobillərin idarə olunmasını praktik olaraq mənimsəyirlər. Avtotrenajorlardan biri yük, digəri isə minik maşını tiplidir. Bu avtotrenajorlar ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində tətbiq olunub. Avtomobil ilə eyni sistemə malik kabinədən ibarət olan avtotrenajorlarda müxtəlif yol şəraitinə və sürət həddinə uyğun təlimlər keçirilir və sürmənin nəticələri avtomatik olaraq kompüter idarəetmə sisteminə göndərilir. Təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir. Binanın ikinci mərtəbəsində metodiki kabinələr, kompüter otağı, tibbi hazırlıq, yol hərəkəti qaydaları və ümumi hərbi hazırlıq sinifləri, müəllimlər otağı, elektron lövhəli siniflər, təlimatçı otağı və arxiv vardır. Kompüter otağında 18 kompüter qoyulub və internetə çıxışları təmin edilib.
Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbinin yataqxanası və yürüş-təlim meydançası müasir tələblər səviyyəsindədir. Burada aparılan kompleks quruculuq işləri çərçivəsində inşa olunan yataqxana binası müasir tələblərə cavab verir. Məktəb kompleksində yataqxana binasının yaradılması təhsil alanların rahatlığı baxımından əhəmiyyətlidir. Bu, tədrisin keyfiyyətinin yüksəldilməsinə və davamiyyətin təmin olunmasına imkan verir. Təlim meydançasında yol hərəkəti qaydalarına və müxtəlif yol nişanlarının tələblərinə əməl etməklə avtomobillərin idarə olunması praktik olaraq öyrədilir, müdavimlər əyani sürmə vərdişlərinə yiyələnirlər.
Məktəbdə sürücülük peşəsinin sirlərini öyrənən Vüsalə Qasımova deyir ki, muxtar respublikada ictimai asayişin qorunmasında əldə edilən nailiyyətlərin, Naxçıvanın bugünkü inkişafının insanların düşüncə tərzinə də müsbət təsir göstərməsi bir çox qadınlar kimi, onun da sürücülük peşəsinə yiyələnmək həvəsini artırıb. Buna görə də o, bu məktəbə müraciət edib və sürücülük peşəsini öyrənməyə başlayıb. Məktəbdə yaradılan şəraitdən minnətdarlıqla danışan Vüsalə bildirir ki, burada bizim bu peşəni yaxşı öyrənməyimiz üçün hər cür imkanlar mövcuddur, hər şey dəqiqliklə hazırlanıb. Məktəbin müəllim heyəti isə peşəkarlardan ibarətdir və onlar bir sürücünün bilməsi vacib olan bütün bilikləri müdavimlərə bütün incəlikləri ilə mənimsədir, qarşılarına çıxan hər bir çətinlikdə onlara kömək edirlər. Burada yaradılan şəraitə görə dövlətimizə minnətdarıq.
Məktəbin direktoru Elbrus İsmayılov muxtar respublikada 20 il bundan əvvəlki dövrdə baş verən avtomobil qəzaları ilə müqayisədə indi belə qəzaların sayının xeyli azaldığını dedi. Qeyd etdi ki, avtomobil qəzalarının çox olmasının obyektiv səbəbləri var idi. Bu qəzalara yolların darlığı və istismara yararsızlığı ilə bərabər, sürücülərin səriştəsizliyi və məsuliyyətsizliyi, nəqliyyatın təhlükəsizliyinə nəzarətin zəifliyi də şərait yaradırdı. Bütövlükdə, muxtar respublikanın yol təsərrüfatı sistemində, xüsusən yerli avtomobil yolları sistemində idarəetmə quruluşu köhnə olduğundan ümumi istifadədə olan yolların saxlanmasını, inkişafı və abadlaşdırılmasını təmin edə bilmirdi. Ancaq 1995-ci ildən sonra bu sahədə müsbətə doğru köklü dəyişikliklər baş verdi. Bunun nəticəsidir ki, müasir dövrümüzdə muxtar respublikada nəqliyyat vasitələrinin bəhs etdiyim dövrdən qat-qat çox olmasına baxmayaraq, qəza halları ilə çox az-az qarşılaşırıq. Təbii ki, bu işdə Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbinin də xüsusi rolu var. Qeyd edim ki, məktəbin yaradılmasından sonrakı ilk mərhələdə sürücülük vəsiqəsinin asan əldə olunması tendensiyası aradan qaldırılıb. Məktəbin müdavimlərinin sonrakı fəaliyyəti də xüsusi diqqət yetirilən məsələlərdəndir. Sevindirici haldır ki, məktəbin müdavimləri arasında yol hərəkəti qaydalarını pozan, səkiləri zəbt edən, sürət həddini aşan, avtomobilini qaydasız və pərakəndə park edən və sair avtomobil qəzalarının artmasına şərait yaradan sürücülər, demək olar ki, yox dərəcəsindədir. Bu da, təbii ki, məktəbin müəllim heyətini ruhlandırır, yeni-yeni nailiyyətlər qazanmağa həvəsləndirir.
Məktəbin müəllimlərindən Həsən Orucov isə bildirdi ki, tədris prosesində gənc sürücülərə onu aşılamağa çalışırıq ki, bütün qayda və qanunlar, ilk növbədə, həmin sürücünün həyatının və ətrafdakıların təhlükəsizliyinə hədəflənib. Çünki dövlətimiz üçün ən vacib olan öz vətəndaşının sağlamlığı, təhlükəsizliyidir. 2010-cu ildən indiyədək məktəbimizi 12657 müdavim bitirib. Müdavimlərimizlə söhbətlərimiz zamanı dəfələrlə qeyd edirik ki, yüksək sürücülük mədəniyyəti qazanmış sürücülər qəzaların qarşısını alacaq çox mühüm faktordur. Əgər bir sürücü yolda qəza vəziyyəti yaradırsa, təkcə özünün yox, o ərazidə olanların da həyatını təhlükə altında qoyur, baş verən qəza təkcə onun deyil, başqaları üçün də geriyə qaytarılması mümkün olmayan nəticələrə səbəb olur. 2012-ci ilin avqust ayının 15-də istifadəyə verilən Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksinin açılış mərasimində muxtar respublika rəhbəri cənab Vasif Talıbovun “Hər bir müdavim sürücülük vəsiqəsi almaqla yanaşı, öz peşəsini də dərindən öyrənməli, əsl mütəxəssis kimi hazırlanmalıdır” fikri bu gün məktəbin hər bir müəllimi üçün proqram xarakteri daşıyır. Çalışırıq ki, məktəbdə təhsil alan müdavimlərin dövlətimiz tərəfindən yaradılan şəraitdən düzgün istifadə etməsinə geniş imkanlar yaradaq, onların ölkəmiz üçün yararlı mütəxəssis kimi yetişmələrinə töhfəmizi verək.
Ötən il sentyabr ayının 15-də Şərur Texniki-Peşə və Sürücülük Məktəb Kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə muxtar respublika rəhbəri demişdir: “Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşib, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilib. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər, ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib”.
Bəli, artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib. Bu tələbatın dolğun ödənilməsi üçün infrastruktur təminatı yüksək səviyyədədir. İndi əsas məsuliyyət peşə təhsili sahəsində çalışanların üzərinə düşür.
Səbuhi Hüseynov