Yaşadığımız dünya çox gözəldir, əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində, Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan insanlarla bizi əhatə edən təbiətin bir ahəngdarlıq yaratmasıdır. Bunun üçün təbiəti qorumaq hər birimizin borcudur. Çünki təbiəti qorumaq həm də sağlamlığımızı qorumaqdır. Bu baxımdan AMEA Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərən, nadir bitkilərin və ağacların qorunduğu Nəbatat bağını xüsusi vurğulamaq lazımdır.
Qeyd edim ki, hər hansı bir ölkəyə, şəhərə səyahət edərkən internet üzərindən oranın gəzməli-görməli yerlərini müəyyən edirik. Rusiya, Gürcüstan, Türkiyə, Yunanıstan kimi ölkələrin gəzməli-görməli yerləri arasında Nəbatat bağları özünəməxsus yer tutur.
AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Tariyel Talıbov bir məqaləsində Nəbatat bağlarının əhəmiyyətindən bəhs edərək yazır: “Urbanizasiya və sənayeləşmənin sürətli inkişafı ilə əlaqədar olaraq Nəbatat bağları təbii ərazilərdən uzaqda yaşayan şəhər əhalisinə təbiətin bir parçasını göstərir, qısa bir zaman da olsa, insanların stresdən, səs-küydən uzaqlaşmasına və mədəni istirahətinə şərait yaradır”.
Məlumat üçün bildirək ki, Nəbatat bağlarının ən qədim nümunələrinə Çində və Aralıq dənizi sahili ölkələrində rast gəlinir. Bu bağlarda meyvə ağacları, tərəvəzlər, dərman istehsalında lazım olan bitkilər becərilmiş və onlardan istifadə edilmişdir.
Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olan diyardır. Bu baxımdan burada Nəbatat bağının yaradılması əhəmiyyətli və mühüm addımdır. Nəbatat bağının yaradılması məqsədilə 1972-ci ildə Azərbaycan EA-nın təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Babək rayonunun Şıxmahmud kəndi yaxınlığındadır.
Bəs bu gün həmin ünvanda fəaliyyət necə qurulub? Burada hansı işlər həyata keçirilir?
Bu suallara cavab tapmaq üçün Nəbatat bağına üz tutduq.
Burada AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayevlə görüşüb həmsöhbət olduq.
Teyyub müəllim bildirdi ki, Nəbatat bağının yaradılmasında əsas məqsəd insanların Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri ilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş bəzi bitki növləri mövcuddur.
Teyyub müəllim bildirdi ki, muxtar respublikamızda fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri tələbələrinin, orta məktəb şagirdlərinin, xüsusilə bu sahədə mütəxəssis olmaq istəyənlərin bu bağla tanışlığı təşkil olunur. Bu həm onların ixtisaslarını yaxşı bilmək baxımından faydalıdır, həm də fərqli bitkilərlə yanaşı, Naxçıvanımızın bitkilər aləmi ilə tanışlıqlarına şərait yaradır.
Teyyub Paşayev Nəbatat bağında aparılan elmi-tədqiqat işləri barədə də məlumat verdi:
– Çalışırıq ki, yeni bitki növləri gətirək və Nəbatat bağını daha da zənginləşdirək. Naxçıvanın yaşıllaşdırılmasında yeni dekorativ ağac və kollar, efiryağlı və çiçəkli bitkilər tətbiq olunur. Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından xeyli sayda ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanmışdır. Gürcüstanın Batumi Nəbatat bağından 36 sayda ağac və kol bitkisi gətirilmişdir. Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.
...Nəbatat bağında müxtəlif ölkələrin təbiətinə xas bir çox bitki və ağac növlərini gördük. Kofe ağacı, aqava, səhra bitkiləri, yunan qozu və sair bu kimi nümunələr göz oxşayırdı. Bununla birlikdə Azərbaycan florasına aid bir çox bitki və ağac növləri ilə də tanış olduq. Burada yerli meyvə genofonduna daxil olan müxtəlif növ alma, armud, üzüm, ərik sortları yetişdirilir və qorunur.Yabanı armud növlərinin yayılma zonaları dəqiqləşdirilmiş, bioloji məhsuldarlığı tədqiq edilmiş, Naxçıvan Muxtar Respublikası florası üçün yeni növlər verilmiş, bəzi növlər Nəbatat bağına köçürülərək biomorfoloji xüsusiyyətləri izlənilməyə başlanılmışdır.
Son illər Nəbatat bağında yeni inzibati bina istifadəyə verilmişdir. Burada işçilər üçün lazımi şərait yaradılmışdır.
Qeyd edək ki, Nəbatat bağı təbiət gözəlliklərini duymaq, belə gözəlliklərin qədrini bilməklə yanaşı, şagirdlərdə və tələbələrdə botanika elminə marağın artırılması, institutun elmi fəaliyyətinin tanıdılması, bu istiqamətdə tədbirlərin keçirilməsi, alimlərin təcrübəsindən yararlanmaq kimi maraqdoğuran digər fəaliyyətlərin reallaşdırılması üçün son dərəcə əhəmiyyətlidir.
Nərgiz İSMAYILOVA