23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə müstəqillik dövründə arxivlərin açılması, dünya kitabxanalarına çıxışın mövcud olması, nadir əlyazmaların xarici ölkələrdən əldə edilərək gətirilməsi, ən başlıcası, azərbaycançılıq məfkurəsinin ön mövqeyə çəkilməsi milli tariximizlə əlaqədar hadisələrin, ənənələrin, proseslərin, rəmzlərin və şəxsiyyətlərin yenidən tədqiq edilib meydana qoyulması zərurətini irəli sürür. Artıq ölkəmizdə elm sahəsində həmin istiqamətdə proseslər başlanmışdır. Humanitar və ictimai elmlərin ən müxtəlif sahələrində Azərbaycan xalqının formalaşması, soykökü, milli dövlətçilik tariximizin inkişaf mərhələləri, sovet dövrü ictimai proseslərinə baxış, müstəqillik uğrunda mübarizənin reallıqları və sair kimi məsələlərə müasirlik işığında yenidən qayıdış nəzərə çarpmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət müstəqilliyinin daha da möhkəmləndirilib inkişaf etdirilməsi hərəkatında yeni bir mərhələ yaratmaq sahəsində həyata keçirdiyi geniş və məqsədyönlü tədbirlər, qazanılan böyük nəticələr milli dövlətçiliklə əlaqədar mövzuların, o cümlədən dövlət rəmzlərinin öyrənilməsini aktual bir vəzifə kimi irəli sürür. Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı mərhələlərinin, böyük ədəbi-tarixi şəxsiyyətlərinin, xüsusən də dövlət rəmzlərinin öyrənilməsi, xalqa çatdırılması elmi cəhətdən olduğu kimi, siyasi-ideoloji baxımdan da son dərəcə əhəmiyyətlidir.

Bu cəhətdən milli dövlətçilik tariximizdə xüsusi yer tutmuş Azərbaycan xanlıqlarının gerçək tarixinin araşdırılması da mühüm vəzifələrdən biri olaraq meydana çıxır. Çünki xanlıqlar dövrü bütün çətinlikləri ilə bir yerdə Azərbaycanın milli dövlətçilik tarixinə aid olan xüsusi mərhələdir. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev də vaxtilə 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təsis edilməsi ilə əlaqədar muxtar respublikanın paytaxtında keçirilmiş mərasimdə böyük uzaqgörənliklə milli dövlətçilik ənənələrimizin öyrənilməsində Azərbaycan tarixinin, o cümlədən Naxçıvan xanlığının tarixinin yenidən tədqiq edilib dəyərləndirilməsini əhəmiyyətli vəzifə hesab edərək demişdir: “...İndi Azərbaycanın qədim diyarı kimi Naxçıvanın tarixini öyrənmək... lazımdır. Məsələn, mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var... Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi. Naxçıvanın tarixini dərindən öyrənəndə, ...İrəvan xanlığı haqqında Ermənistanda tapmadığınız materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, dünyada nələr var...”
Böyük uzaqgörənliklə müəyyən olunmuş bu istiqamətdə artıq yeni sənədlər əsasında, həm də dövrün problemləri və tarixi şəxsiyyətləri ilə birlikdə tədqiqatların aparılması yeni nəticələrin üzə çıxarılmasına imkan verir. Bu mənada son illərdə Azərbaycan xanlıqları içərisində nisbətən daha çox tədqiq olunan Naxçıvan xanlığına dair yeni kitabların, orijinal tədqiqat materiallarının meydana çıxması, ümumiyyətlə, milli dövlətçilik baxımından da mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycanın bu qədim və zəngin diyarını hərtərəfli şəkildə öyrənmək üçün imzaladığı sərəncamlar, burada yaradılan şərait, aparılan məqsədyönlü iş çox­əsrlik Naxçıvan tarixinin ayrı-ayrı dövrlərinin, qüdrətli şəxsiyyətlərin, həm də xanlıqlar dövrünün elmi əsaslarla, ilkin mənbələr əsasında tədqiq edilib ümumiləşdirilməsinə dair bir çox böyük həcmli nəşrlərin meydana çıxması ilə nəticələnmişdir. Belə ki, artıq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Azərbaycanla yanaşı, yaxın və uzaq ölkələrdə də Nuh peyğəmbər və Dünya tufanı ilə əlaqədar tədqiqatların ardıcıl olaraq həyata keçirildiyi əsas mərkəzlərdən biri kimi qəbul olunur. Tanrıçılıq və islam mədəniyyəti, ilkin şəhərsalma və qədim duzçıxarma prosesləri kimi məsələlərdə də Naxçıvanda fəaliyyət göstərən alimlər yeni və mühüm nəticələr əldə etmişlər. Tanınmış rus tarixçisi və yazıçısı Rudolf İvanovun Naxçıvandan çıxmış görkəmli hərb xadimlərinə, o cümlədən Kalbalı xan Naxçıvanski və onun epoxasına aid üzə çıxardığı nadir sənədlər və materiallar bu diyarın XVIII-XIX əsrlər tarixinə gur işıq salır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları və dəstəyi ilə Naxçıvanda XVIII əsrə aid Xan evinin yenidən ən yüksək səviyyədə bərpa edilməsi və dövrə aid sənədlərin, maddi-mədəniyyət əşyalarının toplanılması məsələyə yenidən qayıdışı şərtləndirmişdir. Tarix üzrə fəlsəfə doktorları İlqar Kəngərlinin “Kəngərli elinin soy kitabı” (2005), Nuru Quliyevin “Naxçıvan xanlığının əhalisi” (2006), İbrahim Kazımovun “Naxçıvan: əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair” (2007), Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri” (2014) mövzusunda müdafiə edilmiş dissertasiyaların və çap olunmuş tədqiqatların meydana çıxması, habelə Güllü Məmməd­ovanın “Kalbalı xan” tarixi romanının (2007) yazılıb nəşr olunması həmin prosesin müsbət nəticələrindən biridir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi alimlərinin Naxçıvan Dövlət Universitetindəki həmkarları ilə birlikdə hazırladıqları ikicildlik “Naxçıvan ensiklopediyası”nda, bircildlik “Naxçıvan abidələri ensiklopediyası”nda, hazırda tamamlanmaqda olan “Naxçıvan tarixi” üçcildliyində Azərbaycanın üzvi tərkib hissəsi olan Naxçıvanın sivilizasiyanın başlanğıcından sonrakı minillikləri əhatə edən böyük tarixi hadisələri və qüdrətli şəxsiyyətlərinin fəaliyyəti diqqət mərkəzinə çəkilmişdir. Bu qiymətli elmi-tarixi nəşrlərdə Naxçıvan xanlığının da tarixinə dair yeni baxışlar öz əksini tapmış, bir çox nadir sənədlər və materiallar ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir.
Bütün bu əhəmiyyətli işlərlə yanaşı, son illərdə Naxçıvan xanlığının dövlət bayrağının müəyyən edilməsi və üzə çıxarılması sahəsində də axtarışların aparılması zərurəti meydana çıxmışdır. Bu istiqamətdə Bakı, Tiflis, Ankara, Moskva və Sankt-Peterburq şəhərlərindəki arxivlərdə, muzeylərdə və kitabxanalarda müxtəlif yönlü elmi axtarışlar aparılmışdır. Nəhayət, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov ciddi elmi axtarışlardan sonra ilk dəfə olaraq Naxçıvan xanlığına aid iki bayrağı müəyyən etmiş və üzə çıxarmışdır. Tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin bayraq fondlarında elmi-tədqiqat aparmaqla aşkar etdiyi bayraqlar geniş mənada Azərbaycanın milli dövlətçilik tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş və həmin problemə həsr edilmiş ilk monoqrafiyanı nəşr etdirərək ictimaiyyətə çatdırmışdır. Apardığı tədqiqatlara görə o, bayraqşünaslıq üzrə ixtisaslaşmış ilk yeni nəsil Azərbaycan tarixçisi kimi tanınır. Cavan tədqiqatçı Pərvin Gözəlovun elmi axtarışları Beynəlxalq Heraldika Cəmiyyətində və bayraqşünaslıq tədqiqatçıları arasında maraqla və rəğbətlə qarşılanır. Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarını Rusiya muzeylərindən aşkar edib üzə çıxarması tarixşünaslıq elmində Pərvin Gözəlovun adı ilə bağlı olan, mühüm elmi və siyasi əhəmiyyətə malik diqqətəlayiq bir xidmətdir. Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində də 11-16 iyul 2015-ci il tarixlərində Naxçıvan xanlığının yeni tapılmış bayraqları haqqında ilk dəfə olaraq Pərvin Gözəlov məlumat vermişdir. Eyni zamanda, Naxçıvan xanlığının bayraqlarına dair plakat şəklində olan fotomateriallar Azərbaycan Milli Elmlər Akademiyasına da Pərvin Gözəlov tərəfindən təqdim olunmuşdur. Heç şübhəsiz, bu qiymətli tapıntı Azərbaycan alimləri tərəfindən müxtəlif aspektlərdən ətraflı şəkildə öyrəniləcəkdir. Yəqin ki, heraldika tədqiqatçısı kimi Pərvin Gözəlovun özü də aşkara çıxardığı bayraqlar haqqında həm də ciddi araşdırmalar aparacaqdır. Biz də, ümumiyyətlə, elmimiz üçün əhəmiyyətli olan həmin məsələ barəsində öz mülahizələrimizi oxuculara çatdırmağı faydalı hesab edirik.
Məlum olduğu kimi, XVIII əsrin ikinci yarısından etibarən yaranmış Azərbaycan xanlıqlarından hər biri özünün dövlət rəmz­lərini, xüsusən də dövlət və döyüş bayraqlarını təsis etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin Bayraqlar və Silahlar Fondunda Bakı xanlığının 1, Gəncə xanlığının 4, Şəki xanlığının 3, İrəvan xanlığına aid 2 bayraq qorunub saxlanılır. Pərvin Gözəlovdan aldığımız məlumata görə, hazır­da dünyanın müxtəlif arxivlərində və muzeylərində Bakı xanlığının 8, Gəncə xanlığının 3, Şəki xanlığının 3, İrəvan xanlığının 2, Quba, Şamaxı, Qarabağ və sair xanlıqların bayraqları mühafizə olunur. Qeyd etmək istərdik ki, çoxbayraqlıq xanlıqlarda hakimiyyətin dəyişməsi, müxtəlif döyüşlərdə iştirak etmək, digər ölkələrin rəhbərlərini qəbul etmək, böyük tədbirlərin təşkilatçısı olmaq və sair ilə əlaqədar olaraq baş vermiş, lakin onların hamısı xanlıqların əsas bayraqları kimi qorunub saxlanılmış və isifadədə olmuşdur. Bu bayraqların tam aşkar olunması, mənsubiyyət bildirən atributların müəyyən olunması, mahiyyətinin açılması, istifadə olunmuş rəmzlərin aydınlaşdırılması istiqamətində tədqiqatların aparılması zəruri və vacib məsələdir.
Uzun zaman ərzində Naxçıvan xanlığına aid yalnız 1827-ci ildə Türkmənçay müqaviləsindən sonra naxçıvanlılardan təşkil olunmuş Kəngərli süvari dəstəsinin fəxri və döyüş bayrağı, həmçinin Naxçıvan bəy drujinasının döyüş bayrağı mövcud idi. Həmin bayraqlar Rus-Türk müharibəsi ərəfəsində azərbaycanlılardan ibarət atlı müsəlman alaylarına Rusiya tərəfindən təqdim olunmuşdur. Buna görədir ki, Kəngərli süvari dəstəsinin və Naxçıvan bəy drujinasının bayraqlarının üzərində Rusiyanın dövlət gerbinin əlamətləri olan ikibaşlı qartalın təsviri vardır. Bu günə qədər elmi ədəbiyyatlarda yalnız haqqında danışılan bayraqların Naxçıvan xanlığına aid tarixi bayraqlar kimi təqdim edilməsi ilə kifayətlənilmişdir. Ona görə də Naxçıvan xanlığının XVIII əsrdəki bayraqlarını axtarıb üzə çıxarmaq bir xanlığın əsas inkişaf dövrlərinin, həm də, ümumiyyətlə, Azərbaycanın xanlıqlar dövrü dövlət rəmzlərinin müəyyən edilməsini tamamlamaq baxımından da əhəmiyyətli işdir.

Rusiyanın Sankt-Peterburq şəhərindəki məşhur Ermitaj Muzeyindən Pərvin Gözəl­ovun aşkar etdiyi Naxçıvan xanlığının bayrağı xarakterinə görə döyüş bayrağı təəssüratı yaradır. Üzərində məğlubedilməzlik rəmzi olan pəncəsində qılınc tutmuş şirin təsvir edilməsi də bu bayrağın hərbi əhəmiyyət daşıdığını göstərir. Şəkilaltı məlumatda da həmin bayrağın 20 oktyabr 1812-ci ildə Aslandüz döyüşü zamanı götürüldüyü qeyd edilmişdir. Qeyd edilən məlumata əsasən demək olar ki, Peterburq Ermitaj Muzeyindən əldə olunmuş bayraq Aslandüz döyüşündə Abbas Mirzənin qoşunları ilə birlikdə müttəfiq kimi iştirak etmiş Naxçıvan xanlığının süvari dəstəsini fərqləndirmək üçün təsis edilmişdir. Fikrimizcə, Naxçıvan xanlığının bu bayrağının İrəvan xanlığının bayrağı ilə oxşarlığı da təsadüfi olmayıb, həmin xanlıqların vahid hərbi-siyasi mövqedən çıxış etmələri, qarşılıqlı əlaqədə fəaliyyət göstərmələri ilə bağlıdır. Azərbaycan tarixşünaslığında da Naxçıvan və İrəvan xanlıqlarının yaxın münasibətlərinə dair kifayət qədər məlumatlar vardır. O da məlumdur ki, Aslandüz döyüşündə Abbas Mirzə ilə birlikdə Naxçıvan xanlığı ilə yanaşı, İrəvan xanlığının süvari dəstəsi də iştirak etmişdir. Ona görə də Aslandüz döyüşündə İrəvan xanlığı ilə eyni cəbhədə iştirak edən müttəfiq xanlıqların bayraqlarındakı təsvirlərin də yaxın olması təbii bir haldır. Lakin Pərvin Gözəlovun “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” adlı kitabından götürdüyümüz şəkildən göründüyü kimi, pəncəsində qılınc tutmuş şirin baş hissəsinin İrəvan xanlığının bayrağında soldan, Naxçıvan xanlığının bayrağında isə sağdan baxaraq təsvir edilməsi bu bayraqları fərqləndirir.

Pəncəsində qılınc tutmuş şirlər sanki biri sağdan, digəri isə soldan Naxçıvan-İrəvan xanlıqlarını etibarlı şəkildə qoruduqlarını bəyan edir. Eyni zamanda, bayraqların üzərindəki təsvirlərdən Aslandüz döyüşündə Naxçıvan xanlığının sağ cəbhədə, İrəvan xanlığının isə sol cinahda təmsil olunduğunu da ehtimal etmək olar. Bundan başqa, Naxçıvan xanlığının bayrağının orta hissəsindəki çöl rəngində olan uzunsov parça ilə müqayisədə İrəvan xanlığının bayrağında kvadrat şəklində parçanın olması da fərqləndirici əlamətdir. Göründüyü kimi, Naxçıvan və İrəvan xanlıqlarının bayraqlarında fərqli əlamətlərdən çox oxşar xüsusiyyətlər öz əksini tapmışdır. Bunlar isə bir daha hər iki xanlığın vahid hərbi-siyasi mövqeyini əks etdirir.
Fikrimizcə, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun Peterburq Artilleriya Muzeyindən tapıb aşkara çıxardığı Naxçıvan xanlığının bayrağı döyüş deyil, dövlət bayrağıdır. Əvvəla, yelkən kimi açılan, qələbəyə çağırışı ifadə edən döyüş bayrağından fərqli olaraq, bu bayraq rəsmi şəkildə dördkünc formadadır. Üzərində döyüş ruhunu ifadə edən çağırışlardan çox, ümumiyyətlə, qələbə ümidlərini əks etdirən strateji əhəmiyyətə malik kəlamların yazılması da bayrağın daimi xarakter daşıdığını ifadə edir. Təsvirlərdəki Azərbaycan xanlıqlarının əksəriyyətinin simvollarında olan ələm Naxçıvan xanlığı ərazisində İslam dininə mənsub olan xalqın yaşadığını bildirir. Eyni zamanda, insanın əli şəklində olan ələm həm də xanlıqların varlıqlarını qorumaq üçün zəruri sayılan birlik rəmzi mənasını daşıyır. Bayrağın üzərindəki Həzrət Əlinin qılıncının təsviri isə məğlubedilməzliklə yanaşı, həm də xanlığın əhalisinin şiə mənsubiyyətini göstərir. Naxçıvan xanlığının bayrağında ay-ulduz, aypara rəsminin həkk olunması qədim mifoloji inanclarla bağlı olub, insanın kainatla vəhdəti, yaxud da işıqlı dünya uğrundakı ümidləri mənasını ifadə edir. Bu, Azərbaycan Xalq Cümhuriyyətindən xeyli əvvəl də ay-ulduz, aypara işarələrindən ölkəmizdə dövlət rəmzi kimi istifadə olunduğunu göstərir.
Bütün bunlara görə Sankt-Peterburq Artilleriya Muzeyindən əldə edilmiş bayraq Naxçıvan xanlığının daimi dövlət bayrağıdır. Burada dövlətçiliklə əlaqədar bir çox rəmzlər vardır. Birincisi, bayrağın üzərindəki səkkizguşəli ulduz azərbaycançılığı əks etdirən mühüm əlamətdir. Səkkizguşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri olan Möminə xatın məqbərəsinin naxışlarında da bir-biri ilə yan-yana düzülmüş ulduzlar təsvir olunmuşdur.

Azərbaycan memarlığının möhtəşəm əsəri olan Möminə xatın məqbərəsindəki zərif naxışlarla işlənmiş ulduzların üzərindəki həndəsi ornamentlər Əcəmi Naxçıvani sənətinin bənzərsiz tərkib hissəsidir. Peterburq Artilleriya Muzeyindən Pərvin Gözəlovun əldə etdiyi bayraqdakı ulduzlarda da Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edildiyi açıq şəkildə görünür. Daha doğrusu, vaxtilə XII əsrdə böyük memar Əcəmi Naxçıvaninin Möminə xatın məqbərəsində yaratdığı ulduz şəbəkəsi kompozisiyası eynilə Naxçıvan xanlığının bayrağındakı ulduzlarda da əks etdirilmişdir. Ona görə də yeni tapılmış bayrağın üzərindəki Əcəmi memarlıq elementlərini Naxçıvan xanlığı bayrağının möhürü hesab etmək olar. Həmin həndəsi şəbəkəyə malik ulduzlu Əcəmi naxışlarından sonra bu bayrağın Naxçıvan xanlığına aid olduğunu isbat etmək üçün başqa bir dəlilə ehtiyac yoxdur. Üstəlik onu da deyək ki, Naxçıvan xanlığının bayrağında rəmzi şəkildə minarəyə oxşar bir şəklin təsvir edilməsi bu bayraqda Naxçıvana aid digər bir elementin də özünə yer aldığını göstərir.

Bundan başqa, Naxçıvan xanlığının Sankt-Peterburq Artilleriya Muzeyindən əldə olunmuş dövlət bayrağının günəşli torpaq rəngində olan ipək parçadan tikilməsi də bu bayraqdan iqamətgahda, rəsmi yerlərdə istifadə edildiyini əks etdirir. Bizə görə, bəlkə də, bayrağın üzərindəki altı ulduz Naxçıvan xanlığının əhatə etdiyi ərazilərdəki nahiyələri, yaxud da əsas tayfaların idarəetmədəki təmsilçiliyini mənalandırır.
Tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun aşkar etdiyi bayraqların üzərindəki təsvirlər Naxçıvan xanlığının hərbi-siyasi mövqeyini, strategiyasını tam şəkildə ifadə edir. Bu bayraqlar Naxçıvan xanlığının tarixini öyrənmək, xanlığın hərbi-siyasi hədəflərini, ideologiyasını müəyyən etmək baxımından da əhəmiyyətlidir. Bütövlükdə isə yeni tapılmış bayraqlar Azərbaycanda milli dövlətçilik ənənələrinin öyrənilməsi üçün də zəngin və əsaslı məlumat verir. Ümumiyyətlə, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli dövlət ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq ideyasının tarixi köklərini və mahiyyətini müəyyən etmək, aydınlaşdırmaq və əsaslandırmaq üçün əvəzsiz mənbədir və böyük əhəmiyyətə malikdir. Naxçıvan xanlığının bayrağına dair şəkilləri bizə təqdim etmiş tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlova minnətdarlığımızı bildiririk.
Göründüyü kimi, Azərbaycanın çoxəsrlik dövlət bayrağı ənənəsi elm üçün çox şərəfli bir mövzudur. Fikrimizcə, görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan bayrağı məsələsi həmin dövlət əhəmiyyətli mövzunun dərin fəlsəfəsini özündə əks etdirir. Ümummilli lider Heydər Əliyevin 17 noyabr 1990-cı ildə Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağını Naxçıvan şəhərində ucaltması bütün böyük mənaları ilə bir yerdə həm də tarixi dövlət bayrağı ənənəsinin mənalı bir davamı kimi də mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil Azərbaycanda Dövlət Bayrağı Meydanı abidəsini yaratması, dövlətimizin ən möhtəşəm bayrağını paytaxtımız Bakı şəhərində ucaltması, I Avropa Oyunlarında dövlət bayrağımızın dünya ictimaiyyəti qarşısında dalğalandırılması misilsiz milli qürur hadisəsidir. Milli dövlət bayraqları ənənəsini dərindən və əsaslı şəkildə öyrənmək və təbliğ etmək Azərbaycan elminin vətəndaşlıq borcu və şərəfli vəzifəsidir.


İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
“Azərbaycan” qəzeti, 26 iyul 2015-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR