Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə yaradılan şərait, aparılan quruculuq işləri təhsil infrastrukturunu tamamilə müasirləşdirmişdir.
Göstərilən dövlət qayğısı nəticəsində təhsildə keyfiyyət göstəriciləri artmışdır ki, bu da özünü ali təhsil almaq istəyənlərin ildən-ilə sayının çoxalmasında bir daha göstərir. Təbii ki, əldə olunan nailiyyətlər muxtar respublikadakı ali təhsil müəssisələrinin fəaliyyətinə də təsir göstərmiş, bu təhsil ocaqlarının maddi-texniki bazası yenilənmiş, ixtisaslı kadrların hazırlığına diqqət artırılmışdır. Bunun nəticəsidir ki, ötən tədris ilində olduğu kimi, 2014-2015-ci tədris ilində də məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük vermişlər.
Qeyd edək ki, muxtar respublikada 2015-ci ildə məktəbi bitirən 3331 məzundan 2638-i ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 1582-si tələbə adını qazanmışdır. Tələbə adını qazanan 1137 nəfər, yaxud qəbul olanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçmişdir.
Xəbərlər şöbəsi