Mayın 13-də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilib. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri üçün nəzərdə tutulmuş imtahanlar Naxçıvan şəhərində və rayon Təhsil şöbələrinin nəzdində yaradılmış imtahan mərkəzlərində keçirilib.
İmtahanlar saat 1500-də başlayıb və şagirdlərə müvafiq fənlər üzrə 100 test sualı təqdim olunub. Şagirdlərə imtahan müddəti üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb. İmtahanların obyektiv keçirilməsinə nəzarət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nəzarətçi bazasında olan müəllimlər və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən aparılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənədlərin qəbulu aprel ayının 15-dən may ayının 10-dək aparılıb və ümumilikdə, 1060 şagird sənəd verib. 2015-2016-cı tədris ili üçün liseyə 160 şagirdin qəbulu nəzərdə tutulub. Dünən VI və VII siniflər üzrə keçirilən imtahanlarda 461 şagird iştirak edib. Mayın 15-də isə liseyə VIII və IX siniflər üzrə qəbul imtahanları keçiriləcək və 419 şagird iştirak edəcək.
Xəbərlər şöbəsi