24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində (NDU) “Naxçıvan və Şərqi Anadolu abidələri” mövzusunda Beynəlxalq Simpozium keçirilib.
Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Rumıniya da daxil olmaqla, 5 ölkədən 56 alimin, həmçinin Naxçıvan Dövlət Universitetinin və ölkəmizin bir sıra ali təhsil ocaqlarının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının, Türkiyənin Ağrı İbrahim Çeçen, Ərzurum Atatürk, Ankara Qazi, Qars Qafqaz, Elazığ və digər universitetlərindən dəvət olunmuş memarlıq üzrə mütəxəssislərin də iştirak etdiyi beynəlxalq simpoziumun plenar iclası başlamazdan əvvəl Naxçıvan Dövlət Universiteti ərazisində – Memarlıq və mühəndislik fakültəsinin ətrafında Türkiyənin Ağrı İbrahim Çeçen, Ankara Qazi, Ərzurum Atatürk və Naxçıvan Dövlət universitetləri əməkdaşlarının birgə layihəsi olan daşdan düzəldilmiş heykəllərin açılışı olub. Ağrı İbrahim Çeçen Universitetinin müəllimi Naci Edi heykəllər haqqında məlumat verib. Vurğulanıb ki, simpoziumdan 15 gün öncə Naxçıvan Dövlət Universitetində heykəl hazırlanması işlərinə Türkiyə tərəfindən 7 memar qatılıb. Naxçıvan məhsulu olan yerli travertin daşdan hazır­lanmış heykəllərdə iki ölkənin milli dəyərləri əks olunub.

Ağrı İbrahim Çeçen Universitetinin müəllimi Bilal Hano tərəfindən hazırlanmış “Heydər Əliyev-Atatürk”, həmin universitetin müəllimi Naci Edinin “Azərbaycan bayrağı” və assistenti Ozan Baycan ilə birgə hazırladıqları “Azərbaycanın yüksəlişi”, Ankara Qazi Universitetinin müəllimi Tulay Özkulun “Sütun və Ay”, Ərzurum Atatürk Universitetinin müəllimi Volkan Doğanın “Buğa” əsərləri qonaqlarda maraq doğurub.
Tədbir Magistratura üzrə dekanlığın binasında davam etdirilib. Əvvəlcə foyedə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik, İncəsənət fakültələri tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə nümayiş olunan müasir binaların maketləri və onların müasir layihələri, həmçinin mövzu və kolorit baxımından orijinallığı ilə seçilən əsərlər maraqla qarşılanıb.
Plenar iclasda giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrindən bəhs edib. Simpoziumun əhəmiyyətindən danışan rektor bildirib ki, Azərbaycanın tarixi abidələri qədim mədəniyyətimizin və dövlətçilik ənənələrimizin göstəricisidir. Maddi-mədəniyyət abidələrimizin böyük əksəriyyətinin işğal olunmuş ərazilərdə yerləşdiyini bildirən rektor diqqətə çatdırıb ki, ermənilər tarixi irsimizi dünyaya öz memarlıq nümunələri kimi təqdim etməyə çalışırlar. Bunun qarşısını almaq üçün ölkəmizdə müəyyən işlər görülür, bu cür tədbirlərin keçirilməsinə daha çox əhəmiyyət verilir.
Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor-doktor İrfan Aslan rəhbərlik etdiyi universitet haqqında məlumat verib, tədbirin keçirilməsinin memarlıq nümunələrinin bərpasına diqqəti artırmaqdan ibarət olduğunu bildirib. “Abidələr, sənət əsərləri və mədəni miras bir millətin kimliyi, varlığının sübutudur”, – deyən rektor həmçinin Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşüb.
Ağrı İbrahim Çeçen Universitetinin rektor köməkçisi, professor-doktor Kamal Polad iki xalqın tarixi bağlılığını, eyni söykökə malik olduğunu isbat edən ortaq mədəniyyətlərin təbliği baxımından bu cür simpoziumların təşkilini yüksək qiymətləndirib.
AMEA-nın müxbir üzvü, memar Cəfər Qiyasi “Türk memarlıq tarixinin birgə araşdırılması” mövzusundakı məruzəsində Naxçıvanın təkcə Azərbaycanın deyil, Türk dünyasının nüfuzlu memarlıq mərkəzlərindən biri olduğunu nəzərə çatdırıb.
Sonra xatirə hədiyyələri və heykəllərin quraşdırılmasında əməyi olan memarlara Naxçıvan Dövlət Universitetinin sertifikatları təqdim olunub.
Plenar iclasın yekununda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri konsert pro­qramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Ü.Hacıbəylinin, Q.Qarayevin, T.Quliyevin, F.Əmirovun, R.Mirişlinin, R.Hacı­yevin ölməz bəstələri, türk mahnıları səsləndirilib.
Sonra simpozium öz işini “Tarix”, “Memarlıq”, “Mədəniyyət” və “İncəsənət” mövzularında keçirilən bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında “Naxçıvan körpüləri”, “Azərbaycan-türk naxış sənət vəhdətinə yeni elmi yanaşma tərzi”, “Naxçıvan və Şərqi Anadolu ləhcələrinin ortaq türk mədəniyyətinə təsiri” və digər mövzularda məruzələr dinlənilib.
Beynəlxalq simpozium iki gün davam edib.
Qeyd edək ki, qonaqlar universitet kampusunu gəzib, Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix, mədəniyyət və memarlıq abidələri ilə tanış olublar.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR