24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramı qeyd olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhər­rəm­ov giriş sözü ilə çıxış edərək fransız dilinin dünyada qəbul olunan əsas beynəlxalq dillərdən biri olduğunu, xarici dillərin, o cümlədən fransız dilinin öyrənilməsinin dünyaya inteqrasiya, ölkələrarası siyasi, elmi, mədəni əlaqələrin gələcək inkişafı baxımından zəruri olduğunu vurğulayıb. Rektor bu istiqamətdə universitetdə görülən işləri yüksək dəyərləndirərək bildirib ki, bu yaxınlarda Fransanın ali dövlət mükafatı – “Akademik Palma (Kavaler dərəcəsi)” ordeni ilə təltif edilən Azərbaycan təhsilinin dörd nümayəndəsindən biri Naxçıvan Dövlət Universitetinin Fransız dili kafedrasının müdiri, dosent Əli Allahverdiyev olub. O, Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə, Azərbaycan-Fransa ədəbi əlaqələri ilə bağlı apardığı elmi tədqiqatlara görə Fransanın Baş nazirinin təsdiqi ilə bu yüksək mükafata layiq görülüb. Rektor bu yaxınlarda Fransanın paytaxtı Paris şəhərində “Kampus Frans” Agentliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan günü” tədbirlərindən, Fransadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətindən danışaraq qeyd edib ki, bütün bunlar iki ölkə arasında əməkdaşlığın, xüsusilə elm, təhsil sahəsində tərəfdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

“Fransız dili müəllimliyi” ixtisasının III kurs tələbəsi Gözəl Hümbətova Frankofoniya gününün tarixi haqqında məlumat verərək bildirib ki, fransız dilində danışanların bayramı olan Frankofoniya hər il dünyanın 50-dən çox ölkəsində keçirilir. Bu, fransız dilinə, mədəniyyətinə dünya xalqlarının yüksək ehtiramının əlamətidir. Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramının qeyd olunması 1998-ci ildən etibarən ənənə halını alıb.
Müxtəlif illərdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin, səfirliyin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə fransız dilində şeir və mahnılar səsləndirilib, Fransa mədəniyyəti ilə tanışlıq olub. “Fransız dili müəllimliyi” ixtisası tələbələrinin iştirakı ilə “Dədə Qorqud” və “Koroğlu” dastanlarından, dahi Azərbaycan şairi M.Füzulinin “Leyli və Məcnun” poemasından, M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükünü-məşhur”, H.Cavidin “Şeyda” pyeslərindən parçalar fransız dilində səhnələşdirilib.
Tədbirdə “fransız dili müəllimliyi” ixtisasında təhsil alan tələbələrdən Nuray Cəlilova, Elvin Gülməmmədov, Sona İbrahimli, Orxan Qurbanov və digərlərinin ifasında fransız dilində şeir və mahnılar səsləndirilib. Tələbə mobilliyi əsasında universitetdə fransız dilini tədris edən Jeremie Çevalierin tələbələrlə birgə ifa etdiyi musiqi nömrələri, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından fransız dilində təqdim olunan səhnələr alqışlarla qarşılanıb. Tələbələrdən Sərxan Rüstəmov, Elçin Bəhramlı, Nuray Cəlilova, Fətəlixan Hüseynli və digərlərinin fransız dilində sərbəst və səlis diksiyaları, aktyorluq məharətləri tamaşaçı rəğbəti doğurub.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR