Dünən Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli açaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri kimi hazırda geniş miqyasda tətbiq olunur. Konseptual sənəd kimi kurikulumun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Aparılan araşdırmalar nəticəsində belə qənaət hasil edilib ki, yeni təlim strategiyaları, o cümlədən fəal təlim, interaktiv metodların tətbiqi müəllimin peşəkarlıq səviyyəsinə yeni və kifayət qədər yüksək tələblər qoyur. O, nəinki elmdə təsdiqlənmiş ideyaları, həm də bu və ya digər məsələ üzrə mübahisəli mövqeləri, eləcə də bu mövqelərin əsaslandırılmasını bacarmalıdır. Təmsil etdiyi elm sahəsini yaxşı bilməli, yeni təlim strategiyalarının tətbiqi ilə bağlı bacarıqlara malik olmalıdır.
Plenar iclasda “Şəxsiyyətyönümlü kurikulumlar: problemlər və onların həlli yolları”, “Məktəbəqədər təhsil və ona verilən müasir tələblər”, “Riyaziyyat dərslərində motivasiyanın əhəmiyyəti”, “Məktəbəqədər kurikulumların tətbiqinin zəruriliyi” mövzularında Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mirhəsən Eminovun, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyevanın, Naxçıvan Dövlət Universitetinin dissertantı Aynurə Seyidovanın, Ordubad şəhər 3 nömrəli uşaq bağçasının tərbiyəçi-müəllimi Zülfiyyə Babayevanın məruzələri dinlənilib.
Sonra elmi konfrans beş bölmə iclasında öz işini davam etdirib. “Ümumtəhsil məktəblərində şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları”, “Nəticəyönümlü kurikulumların tətbiqi”, “Kurikulumların tətbiqində dərs nümunələri”, “Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları”, “Kurikulumda strategiyalar” adlanan bölmə iclaslarında muxtar respublikanın ali və ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və Gəncə Dövlət Universiteti əməkdaşlarının da məruzələri dinlənilib.
Sonda bölmə iclaslarının yekun nəticələri müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb. Bununla da, elmi konfrans öz işini başa vurub.
Xəbərlər şöbəsi