Martın 12-də AMEA Naxçıvan Bölməsində ədəbiyyatşünas-alim Əziz Şərifin 120 illik yubileyi münasibətilə “Görkəmli pedaqoq və elm xadimi” adlı elmi konfrans keçirilib.
Elmi konfransı giriş sözü ilə bölmə sədri, akademik İsmayıl Hacıyev açaraq Əziz Şərifin həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd edildi ki, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Şərifin XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri vardır. Professor Əziz Şərif ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas, fədakar tərcüməçi və publisist kimi şöhrət qazanıb. Onun adı son yüz ilin adlı-sanlı Azərbaycan ziyalıları arasında xüsusi iftixarla çəkilir.
Vurğulanıb ki, ədəbiyyatımızın və elmimizin dünyada təbliği və tanıdılmasında ustad alimin müstəsna xidmətləri yüksək qiymətə layiqdir. Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində təhsil alıb. “Gənc Əziz Şərifin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailə mühitində yaşaması onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edib”, – deyən akademik bildirdi ki, Cəlil Məmmədquluzadənin evində təşkil olunmuş pansionda dərs oxuyub maariflənməsi, mollanəsrəddinçilərlə tanışlığı Əziz Şərifin sonrakı elmi fəaliyyətinin intişar tapmasında mühüm rol oynayıb.
Elmi konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Azərbaycan memuar janrının ustadı” adlı məruzə ilə çıxış etdi. Fərman Xəlilov Əziz Şərifin gündəliklərinin və xatirələrinin Naxçıvan Muxtar Respublikasının o dövrdəki ictimai-siyasi və mədəni mühitinin mənzərəsini öyrənmək baxımından əhəmiyyətli mənbə olduğunu qeyd etdi.
Filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli “Əziz Şərifin yaradıcılığında tərcümə məsələləri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev “Mirzə Cəlilin sadiq müridi”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Aygün Orucova “Mollanəsrəddinçilikdən mollanəsrəddinşünaslığa” adlı məruzələrlə çıxışlar etdilər.
Elmi konfransa bölmənin sədri, akademik İsmayıl Hacıyev yekun vurdu.
Xəbərlər şöbəsi